Britaniya vətəndaşı, “Flexi Communications” PR agentliyinin baş direktoru Vüqar Xəlilovun vəkili Artyom İvanov dünən onunla görüşə bilməyib.
Xəlilovun Hüquqlarını Müdafiə Komitəsindən “Turan”a verilən məlumata görə, aprelin 26-da Bişkek Rayon Məhkəməsi vəkilin müdafiə etdiyi şəxslə görüşünə qoyulan qadağanın qanunsuz olması barədə qərar çıxarıb. Bununla əlaqədar olaraq, vəkil prokurorluğun hərəkətlərini ölkə qanunlarının və Vüqar Xəlilovun vətəndaşlıq hüquqlarının pozulması faktı kimi qiymətləndirib.
Britaniyanın Bişkekdəki konsulu Maykl Atsopartisin də Xəlilovla görüşünə icazə verilməyib. O, prokurorluğa öz narazılığını bildirib. Vəkilin sözlərinə görə, Xəlilovun işi üzrə müstəntiq ona deyib: “Əvvəlcə özümüz onunla danışmaq istəyirik”. Artyom İvanov qeyd edib ki, vəkilin iştirakı olmadan dindirmə qanunun ən kobud şəkildə pozulmasıdır. Britaniya vətəndaşı, BBC-nin keçmiş jurnalisti Xəlilov aprelin 12-də Qırğızıstan Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. Ona qarşı irəli sürülmüş qanunsuz yolla əldə edilmiş pulların leqallaşdırılması ittihamını vəkili “cəfəngiyyat” kimi qiymətləndirir.
Bu arada, Xəlilovun bir qrup həmkarı Qırğızıstan hakimiyyətinə müraciət qəbul edib. Müraciətdə Vüqar Xəlilovun “dərhal azad edilməsi” tələb olunur.
Həbs edildiyi andan Vüqarın hüquqları sistemli şəkildə pozulur; ona münasibət Qırğızıstanın yeni hakimiyyətinin insan hüquqlarına və qanunun aliliyinə riayət edilməsi barədə elan etdiyi məqsədlərə uyğun deyil; hökumətin yüksək vəzifəli üzvlərindən biri Vüqar Xəlilovu qəzet nəşrində “xalq düşməni” adlandırıb ki, bu da ədalətli hüquqi təhqiqata inamı ciddi şəkildə sarsıdır.
“Biz həm də Böyük Britaniya hökumətini və Avropa İttifaqını Vüqar Xəlilovun hüquqlarının müdafiəsi üzrə qətiyyətli olmağa və onun ən qısa zamanda həbsdən azad edilməsi yollarını axtarmağa çağırırıq” – deyə müraciətdə qeyd edilib. * Vüqar Xəlilov 90-cı illərin əvvəllərindən “Azadlıq” və BBC radiostansiyalarında işləyib. Bir neçə il əvvəl o, Londona köçüb və BBC-nin mərkəzi ofisində işləyib. 2009-cu ildə PR agentlik yaradıb və işləmək üçün Bişkekə köçüb.
TURAN