Baş yazarlar KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun bir illik fəaliyyətini müzakirə etdi

Baş yazarlar KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun bir illik fəaliyyətini müzakirə etdiKütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasından bir il ötür. Belə bir fondun yaradılmasında məqsəd vətəndaş cəmiyyəti quruculuğu prosesində ölkədə fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, media orqanları arasında əməkdaşlığı gücləndirmək və jurnalistlərin peşəkarlığının artırılmasına şərait yaratmaqdan ibarət idi.

İnsafən demək olar ki, ötən müddət ərzində Fond jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində KİV-in rolunun artırılması və fikir plüralizminin inkişaf etdirilməsi sahəsində bir sıra nailiyyətlər əldə edib. Məhz fondun maliyyə dəstəyi nəticəsində bir sıra mətbuat orqanı aktual fəaliyyətini davam etdirə bilib. Elə Fondun bir illik fəaliyyətini qiymətləndirmək məqsədilə media rəhbərlərinə müraciət etdik.

“Fondun maliyyə vəsaiti indikindən dəfələrlə çox olsaydı belə…”

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bir illik fəaliyyətində bir sıra uğurlara imza atıb. Baxmayaraq ki, bu institut ölkədə təzə yaranıb və bu vaxta qədər həmin sahə üzrə ölkəmizdə hər hansı bir təcrübə olmayıb. Ancaq Fond beynəlxalq təcrübədən yararlanmağa çalışaraq, ötən bir il ərzində bir sıra nailiyyətlər əldə edib: “Ona görə, fondun bir illik fəaliyyətinin onun gələcək işlərində effektiv rol oynayacağı qənaətindəyəm. Artıq fond elan olunacaq müsabiqələrin mövzularının istiqamətlərilə bağlı müraciətlər ünvanlayır ki, bu da kütləvi informasiya vasitələrilə Fond arasında münasibətlərin genişlənməsi və jurnalist təşkilatların həyata keçirmək istədiyi layihələrin nəzərə alınmasına zəmin yaradır”.

E.Mirzəbəyli bildirib ki, fondun bir illik fəaliyyəti ölkədə kütləvi informasiya vasitələrinin inkişafına müsbət təsir göstərib: “Təbii ki, bu təsirin olduqca geniş olmasını söyləmək düzgün olmazdı. Çünki KİV-lərin problemləri yetərincədir, bu problemlər bir il ərzində deyil, zaman-zaman meydana gəlib. Ona görə, KİV-də problemlərinin yalnız Fond tərəfindən həll olunacağını gözləməli deyillər. Fondun fəaliyyətində ən müsbət istiqamət ondan ibarətdir ki, bu fəaliyyət məqsədyönlü olduğundan, konkret layihə həyata keçiriləndə media orqanlarının nümayəndələri peşəkarlıq baxımından təcrübə qazanır. Digər tərəfdən, mətbuat orqanlarında sənədləşmə işinin qaydaya düşməsi təmin edilir ki, bunun özü də çox əhəmiyyətlidir. Azərbaycan mətbuatının fəallığının artmasına, mətbuat orqanları arasında rəqabətin güclənməsinə zəmin yaranır. Bütövlükdə isə pozitiv çalarların inkişafı bir il ərzində mümkün deyil. Fondun maliyyə vəsaitinin həcmi indikindən dəfələrlə çox olsaydı belə, birdən-birə mövcud problemlərin həllinə nail olmaq mümkün olmazdı. Zaman keçdikcə isə nailiyyətlər daha geniş şəkildə nəzərə çarpacaq, media orqanlarının fəaliyyətində yeni istiqamətlər özünü büruzə verəcək”.

“Pis ənənədir ki, ancaq qalib olmayanlar narazılıq edir”

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin fikrincə, Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətilə yaxşı bir iş ənənəsinin əsası qoyulub. Artıq mətbuat orqanları və jurnalistlər arasında bir neçə müsabiqə keçirilib. Müsabiqələrin nəticəsindən aydın olur ki, fondun bir il ərzində həyata keçirdiyi tədbirlər iki istiqamətdə dəyərli olub. Onlardan biri mətbuatın maddi-texnika bazasının möhkəmləndirilməsi, digəri isə çətin rəqabət şəraitində mətbuat orqanlarına mümkün inkişaf yollarının göstərilməsi olub: “Fond mətbuat orqanları qarşısında nümayiş etdirib ki, inkişaf etmək üçün nə etmək lazımdır. Təkcə bu iki istiqamət ötən bir ildə Fondun gördüyü işləri xarakterizə etmək üçün kifayətdir”. A.Quliyevin sözlərinə görə, ötən bir il ərzində fondun həyata keçirdiyi tədbirlər olmasaydı, bəlkə də bu gün ayaqda olan mətbuat orqanlarından bir neçəsi fəaliyyətini dayandırmış olardı: “Qətiyyətlə deyə bilərəm ki, bir neçə mətbuat orqanı çətin vəziyyətdən çıxaraq müəyyən inkişaf nüansları nümayiş etdirə bilirsə, bunun üçün fonda minnətdar olmalıdır. Həmçinin fondun həyata keçirdiyi layihələr nəticəsində mətbuatla ictimaiyyət, dövlət orqanları ilə mətbuat arasında müəyyən əlaqələrin yaranması başlanıb. Hansı ki, fond yaranana qədər belə əlaqələrin yaranması mətbuat qarşısında problem kimi dayanırdı”. Baş redaktorun sözlərinə görə, fondun elan etdiyi müsabiqələrdən narazı qalan mətbuat orqanları ilə bağlı yaxşı olmayan ənənə hiss olunmaqdadır. Adətən o mətbuat orqanları narazılıq edir ki, ya müsabiqədə qalib gələ bilməyib, ya da layihənin həyata keçirilməsi üçün ayrılan vəsait onları təmin etməyib: “Əslində bu çox pis ənənədir. Müsabiqədə yalnız qalib gəlməyən KİV-lərin narazılıq amili ortada olmasaydı, bunu daha geniş şəkildə şərh etmək olardı. Buna baxmayaraq, müsabiqədə qalib gəlməyənlərin narazılıq etmələri üçün isə sağlam əsas yoxdur”.

“Layihənin davam etdiyi 4 ay əməkdaşlarımız üçün məhsuldar oldu”

“OLAYLAR” İnformasiya Agentliyinin baş direktoru və “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz rəhbərlik etdiyi KİV-lərin KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasından faydalandığını deyib: “Bir il ərzində Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu mətbuatın inkişafına bacardıcı yardımları etdi. Qəzetlərə birbaşa maliyyə yardımı edildi, KİV-lərin ayrı-ayrı sahələr üzrə layihələrini dəstəklədi və fərdi jurnalist müsabiqəsi keçirərək qalibləri mükafatlandırdı. Ötən il keçirilən müsabiqədə iki layihəmiz qalib gəldi. Layihələrin davam etdiyi dörd ay əməkdaşlarımız üçün məhsuldar oldu. Qəzet olaraq, “Azərbaycançılığın və diaspor quruculuğu işinin təbliği” layihəsini həyata keçirdik. Agentliyin layihəsi isə “Azərbaycan dövlətçiliyinin 5 min illiyi” idi. Kifayət qədər aktual, lazımlı mövzular idi. Və hesab edirəm ki, KİV DF-nin dəstəyilə bu mövzuları ictimaiyyətin, mütəxəssislərin diqqətinə çatdıra bildik. Layihələrdən əməkdaşlarımız da faydalandı. Jurnalistlərin tarixi abidələrlə zəngin bölgələrimizə səfərlərini təşkil etdik. Əməkdaşlarımız həm layihə, həm də səfər etdiyimiz rayonların sosial problemlərilə bağlı yazılar yazdılar”. Ötən ilin sonu keçirilən fərdi jurnalist müsabiqəsində “Olaylar”ın iki, bu il Novruz bayramı ilə əlaqədar keçirilən yazı müsabiqəsində isə bir əməkdaşının qalib gəldiyini deyən Yunus Oğuz hesab edir ki, bu cür müsabiqələr jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına mühüm töhfə verir. Baş redaktor hesab edir ki, KİV DF-nin fəaliyyətini qənaətbəxş saymaq olar: “Fondun fəaliyyəti sübut edir ki, Azərbaycan dövləti söz, fikir və məlumat azadlığının inkişafında, kütləvi informasiya vasitələrinin maddi texniki bazasının və mətbuatın müstəqilliyinin möhkəmləndirilməsində maraqlıdır”.

“Fondun bir illik fəaliyyəti…”

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun sözlərinə görə, fondun fəaliyyətini Azərbaycan dövlətinin mətbuatın inkişafına böyük diqqəti kimi qiymətləndirmək lazımdır: “Ölkə mətbuatının ən zəif yeri onun maddi təminatı ilə bağlıdır. Fond yarandıqdan sonra bu istiqamətdə çoxlu işlər görülüb. Fond yarandığı gündən indiyə qədər redaksiyalar və jurnalistlər tərəfindən layihələrin həyata keçirilməsini maliyyələşdirir ki, bu da birbaşa qəzet kollektivinin maddi rifahına təsir göstərən faktordur. Hesab edirəm ki, fond ötən bir il müddətində bu istiqamətdə kifayət qədər səmərəli fəaliyyət göstərib, Azərbaycan dövlətinin və xalqının milli maraqlarından irəli gələn layihələrin həyata keçirilməsini təmin edib. Bu gün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və ümumilikdə Azərbaycan mətbuatı üçün keyfiyyətcə yeni məzmun daşıyacaq bir çox layihələrə imza atıb. Ən əsası odur ki, fond bu prosesi həyata keçirərkən obyektivlik əsas meyar kimi götürülüb. Hesab edirəm ki, fondun bir illik fəaliyyətini müsbət qiymətləndirmək olar”.

“Jurnalistlərin vətəndaş mövqeyi gücləndi”

“Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu artıq bir ildə iki böyük layihə həyata keçirib. Sözsüz ki, belə bir dövlət qurumunun fəaliyyəti ilk öncə Azərbaycan dövlətçiliyinin təbliğində, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında böyük önəm daşıyır. Çünki fondun elan etdiyi müsabiqələrdə söylədiyim sahələrə daha çox önəm verilir. Bu isə, əslində, jurnalistlərin vətəndaş mövqeyini gücləndirir”. Bunu isə Trend-in Azərbaycan redaksiyasının rəhbəri Emil Hüseynli bildirib.

Onun sözlərinə görə, fondun fəaliyyəti digər tərəfdən KİV-lərin inkişafına birbaşa təsir göstərir. Ən azından, ayrılan qrant layihələri hesabına mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılır təsir göstərir.

“Fondun tədbirləri jurnalist kollektivlərinin bir-birinə yaxınlaşmasına kömək edib”

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin sözlərinə görə, Fond ötən bir il ərzində KİV-in inkişafı naminə çox işlər görüb. Fond yarandığı gündən müxtəlif layihələrin həyata keçirilməsini maliyyələşdirir ki, bu da ölkədə vətəndaş cəmiyyətinin inkişafına doğru atılmış mühüm addımdır. Qəzetlər tərəfindən istənilən layihənin həyata keçirilməsi zamanı layihə çərçivəsində çalışan jurnalistlərin maddi imkanlarının yaxşılaşdırılmasına səbəb olur: “Fondun həyata keçirdiyi ayrı-ayrı tədbirlər jurnalist kollektivlərinin bir-birinə yaxınlaşmasına kömək edib. Təkcə bu baxımdan fondun bir illik fəaliyyəti yüksək qiymətləndirilməlidir. Fond fəaliyyəti ilə qəzetlərin xarici ölkələrdən maliyyə asılılığını aradan qaldırıb, xarici ölkələrin qrantlarından xilas edib, qəzetlərin müstəqil fəaliyyəti üçün imkan yaradıb. Artıq qəzetlərdə sifarişli yazıların azalmasına doğru gedir, imkanlar artdıqca reketçiliyə qarşı mübarizənin zəruriliyi azalır. Artıq imkanı olan qəzetlər və kifayət qədər dövri mətbuatda tanınmış qəzetlər sırf yaradıcılıq işi ilə məşğul olur. Ona görə də fondun bir illik fəaliyyəti qənaətbəxş hesab edilməlidir”.

“Nə yaxşı ki, təsəvvürümüz doğrulmadı və Fond normal bir qurum kimi yarandı”

“Azadlıq” qəzetinin redaktoru Azər Əhmədovun sözlərinə görə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mətbuat üçün müsbət bir hadisə oldu: “Açığı fikirləşirdik ki, yeni yaradılmış fond Mətbuat Şurası və ya QHT-lərə Dövlət Dəstəyi Şurası kimi bir qurum olacaq. Amma çox yaxşı oldu ki, bizim təsəvvürümüz doğrulmadı, fond normal qurum kimi yaradıldı. Xoşagələn haldır ki, fonda rəhbərlik adi adama deyil, məhz 20-30 ilik mətbuatyayımı sahəsində çalışan, bu işin peşəkarı olan, qəzetçiliyi yaxşı bilən şəxsə tapşırıldı. Vüqar Səfərlinin fonda rəhbər təyin edilməsi şəxsən mənim ürəyimcə oldu, çünki o, uzun müddət bu sahədə çalışıb. Fondun isə cəmi bir yaşı var, qarşıda hələ görüləsi işlər çoxdur.”

A.Əhmədovun sözlərinə görə, fond mətbuata ayrı-ayrı qrantlar və birdəfəlik yardım vasitəsilə dəstək verib. Keçən il fondun dəstəyi ilə “Azadlıq” qəzeti “Region əhalisinin hüquq və azadlıqlarının müdafiəsinə yardım” layihəsini həyata keçirdi: “Biz bu layihəni böyük məmuniyyətlə həyata keçirdik, çünki müxbirlərimiz ən azı 30 rayona səfər etdilər, həmin rayonlarda region əhalisinin vəziyyəti ilə tanış oldular və 30 rayondan yazılar hazırladılar. Bu, təkcə qrant layihəsini həyata keçirmək üçün yox, həm də qəzet üçün çox maraqlı bir tapıntı oldu. Bu il isə mövzumuz “Azadlıq” qəzetinin saytının inkişafına dəstək”dir. Hesab edirəm ki, qarşıdakı dörd ay ərzində saytımızı daha da təkmilləşdirəcəyik”.

Ötən il fond tərəfindən dövriyyəsi, tirajı və ictimai nüfuzundan asılı olmayaraq, bütün qəzetlərə bərabər səviyyədə qrantlar ayrıldı. Bu il isə, çox yaxşı ki, satışı ən azı 500-dən yuxarı olan qəzetlərə qrant verildi. Arzu edərdim ki, növbəti müsabiqələrdə satışı az olan, lakin ictimai nüfuza malik olan qəzetlərə də hansısa formada dəstək verilsin.(“OLAYLAR”İA)

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO