Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil KİV formalaşmaqdadır. Dördüncü hakimiyyət adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaradılıb. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr aradan qaldırılıb. Sevindirici haldır ki, qəzetlərin heç biri öz dövriyyələrində məhdudiyyətlərlə üzləşmirlər. Bütün qəzetlər ölkə üzrə sərbəst yayılır.
Bu gün Azərbaycanda kifayət edəcək sayda yazılı mətbu orqanı var. Rəsmi qeydiyyatdan keçən 4100 mətbu nəşrin böyük əksəriyyəti Bakı şəhərində fəaliyyət göstərir, çox az hissəsi isə regionların payına düşür. Regionlarda fəaliyyət göstərən mətbu orqanlarımız isə rəsmi qəzetlərdir. Bu qəzetlər də rayon İcra Hakimiyyətlərinin maddi dəstəyi ilə işıq üzü görür. Belə olan halda əyalət qəzeti yalnız rəsmi xəbərlər və tədbirləri işıqlandırmaq çərçivəsindən kənara çıxa bilmir.
Əlbəttə, müstəqil qəzetin prinsipləri tamam fərqlidir. Elə ona görə də bu gün əyalətdə müstəqil qəzet çıxarmaq çox çətindir. Bölgədə fəaliyyət göstərmək isə daha çox fədakarlıq tələb edir. Əyalət qəzetlərində texniki təchizat, informasiya-kommunikasiya texnologiyaları və jurnalist fəaliyyətini asanlaşdıran digər zəruri ehtiyaclara nail olmaq çətindir. Bu çətinliklərdən ən başlıcası isə iqtisadi və kadr çatışmazlığı problemidir. Qəzetlər işləmək üçün kadr, insanlar isə onlara normal xəbər daşıyan jurnalistləri tapa bilmir. Bu səbəblər üzündən əyalətdə fəaliyyət göstərən müstəqil qəzetlərin xəbər daşıyıcısı funksiyasını yerinə yetirmək şansları da sıfıra bərabərdir. Çünki, bu qəzetlər ən yaxşı halda həftədə, ən pis halda isə ayda bir dəfə işıq üzü görür. Bölgədə bu gün baş verən hər hansı bir hadisəni əyalət qəzeti ən yaxşı halda bir həftədən sonra oxucuya çatdırır. Ona qədər isə oxucu həmin xəbəri elektron KİV-dən və yaxud da paytaxtda nəşr olunun yazılı mediadan çox asanlıqla əldə edə bilir.
Belə olan halda niyə məhz əyalətdə müstəqil qəzet təsis edirlər? Əlbəttə, məqsəd bölgə əhalisinə xəbər daşımaq deyil. Yuxarıda bəhs etdiyimiz məlum səbəblərdən bu məsuliyyəti heç kim üzərinə göturə bilməz.
Əyalətin müstəqil qəzetləri fəaliyyətlərində regionun tarixi, mədəniyyəti, adət-ənənəsi, əhalinin məşğuliyyəti, ictimai-siyasi, sosial uğurları və problemlərinin təbliği üzərində qurmalıdırlar. Bu işdə təbii ki, onların rayon rəhbərliyi başda olmaqla digər yerli strukturların mənəvi dəstəyinə ehtiyac var. Çünki onlarla qarşılıqlı əməkdaşlıq olmadan rayonlarda baş verən hadisələri oxucuya obyektiv çatdırmaq problemi ilə üzləşə bilərlər. Və yaxud da məqalələr, informasiyalar birtərəfli qaydada işıqlandırılar.
Müstəqil qəzetin digər mühüm məqsədi ölkənin regionlarının sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən Dövlət Proqramının bölgə mətbuatında daha keyfiyyətli işıqlandırılmasını və vətəndaşların bununla bağlı intensiv və dolğun informasiya əldə etmələrini təmin etməkdir. Yerli mətbuat nümayəndələrinin peşəkarlıq bacarıqlarını artırılmaqla paralel, regionların sosial-iqtisadi inkişafı ilə bağlı maarifləndirmə işində mətbuatın rolu gücləndirilməlidir. Hazırda Azərbaycanın müxtəlif regionlarında ölkənin sosial-iqtisadi inkişafının təbliği sahəsində yerli mətbuatın fəaliyyətində çatışmazlıqlar var. Əvvəla, yerli mətbuat regionların inkişafı ilə bağlı Dövlət Proqramlarına uyğun olaraq görülmüş işləri yetərincə işıqlandıra bilmir. Bir çox hallarda regionların sosial-iqtisadi inkişafı üzrə dövlət siyasətinin mahiyyətindən məlumatsızlıq yerli jurnalistlərin də bu mövzularda peşəkar materiallar hazırlamasına, təhlillərin, kəmiyyət və keyfiyyət müqayisələrinin aparılmasına mane olur. Bu baxımdan xüsusilə bölgələrdə regionların sosial-iqtisadi inkişafından yazan jurnalist kontingentinin formalaşdırılmasına və inkişaf etdirilməsinə böyük ehtiyac var.
Region əhalisinin maarifləndirilməsində əyalət qəzetlərinin üzərinə böyük məsuliyyət düşür. Əyalətin müstəqil qəzetləri müxtəlif bölgələrdən olan, lakin paytaxtda yaşayıb mövqeyindən asılı olmayaraq jurnalist fəaliyyəti ilə məşğul olan həmkarlarımızı da ictimai əsaslarla bu layihəyə cəlb etməlidirlər. Araşdırmalar göstərir ki, bu gün rayonlardan xeyli sayda insan normal jurnalist fəaliyyəti ilə məşğuldurlar. Biz əyalət qəzetlərinin səhifələrində həmin insanlara yer verməklə uğurların, problemlərin cəmiyyətə çatdırılmasını obyektiv təmin etmiş olarıq. Bununla həm əyalətin müstəqil qəzetlərinin obyektivliyini qorumuş olarıq, həm də cəmiyyətin maarifləndirilməsinə xidmət göstərərik.
Əyalətin müstəqil qəzetlərində həmçinin əli qələm tutan hər bir ölkə əhalisi, xüsusən də regionda yaşayan vətəndaşlarımız öz elmi, ədəbi, publisistik, obyektiv, qərəzsiz tənqidi materialları ilə çıxış edə bilərlər. Bu gün regionlarımızda elə gənclərimiz var ki, gözəl şer, hekayə yazır, amma çıxış etmək üçün KİV tapa bilmir. Eyni zamanda savadlı ziyalılarımız, müəllimlərimiz var, ki, onlar da bəzi məsələlərlə bağlı mətbuatda çıxış etmək istəyirlər, amma çətinlik çəkirlər. Əyalət mətbuatı onlar üçün də bu şəraiti yaratmaqla həm də qəzetlərin rəngarəngliyi təmin etmiş olar.