KİV-in inkişafına DDF baş redaktorla məktubla müraciət etməyə hazırlaşır

KİV-in inkişafına DDF baş redaktorla məktubla müraciət etməyə hazırlaşırKİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ölkədə fəaliyyət göstərən aparıcı qəzetlərin baş redaktorlarına məktubla müraciət edəcək. Bunu “Media forum” saytına fondun icraçı direktoru Vüqar Səfərli deyib.

Müraciət fondun keçirməyə hazırlaşdığı növbəti jurnalist müsabiqəsi ilə bağlı olacaq. Azərbaycan jurnalistikasının 135 illiyinə həsr ediləcək həmin müsabiqənin mövzularını KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu baş redaktorların iştirakı ilə seçmək niyyətindədir.

V.Səfərlinin sözlərinə görə, onlar baş redaktorlardan müsabiqədə görmək istədikləri mövzuları təklif şəkilində fonda göndərmələrini xahiş edəcəklər. Təkliflər KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu Konsepsiyasında göstərilən 18 istiqamət çərçivəsində olmalıdır. Təklifləri redaktorlar aprelin 10-na qədər göndərə biləcəklər: “Təklifləri biz bir həftə ərzində müzakirə edib mövzuları müəyyənləşdirəcəyik. Bu dəfə çalışacağıq ki, müsabiqə elanını tez verək”.

V.Səfərli onu da bildirib ki, fondun bu ilin əvvəlində keçirdiyi ilk müsabiqəsinin nəticələrindən şikayət edən olmayıb: “Müsabiqə müddətində fonda daxil olan 46 layihədən 28-i qalib gəlib. Qalib gəlməyənlərdən isə fonda heç bir şikayət daxil olmayıb. Ümumiyyətlə, bu dəfə ötən dəfəki kimi müsabiqədən sonra xüsusi apellyasiya komissiyaları təşkil etmədik. Heç bir beynəlxalq praktikada belə bir şey yoxdur ki, hər dəfə müsabiqə elan edildikdən sonra şikayətlərə xüsusi komissiyalarla baxılsın”.

Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ildən fəaliyyət göstərir. 2010-cu il üçün fonda 2 milyon manat pul ayrılıb. Qurum bu il daha iki müsabiqə elan etməyi nəzərdə tutur.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO