Martın 18-də Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış “Azərbaycan” nəşrinin təqdimat mərasimi baş tutub. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.
Azərbaycan haqqında müfəssəl məlumat vermək məqsədi ilə hazırlanmış nəşrdə 1000-dən çox fotoşəkil xalqımızın qədim tarixini, mədəniyyətini, ənənələrini, etnoqrafik xüsusiyyətlərini əks etdirməklə yanaşı, ölkəmizin keçmişini və bu gününü, müasir simasını təcəssüm etdirir. Kitabın ayrı-ayrı fəsillərində Azərbaycanın bölgələri üzrə məlumatlar və fotoşəkillər var. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitaba ön sözü Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yazıb.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açaraq nəşr haqqında ətraflı məlumat verib.
Prezident İ. Əliyev mərasimdə çıxış edərək ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondun hazırladığı nəşri yüksək qiymətləndirib.
Sonra kitabın hazırlanması üçün çəkilmiş fotoşəkillərdən ibarət sərginin açılışı mərasimi reallaşıb