Azərbaycanda, az qala, fəaliyyətdə olan qəzetlərin sayı qədər media qurumları fəaliyyət göstərir. Qrant almaq uğrunda mübarizəyə girişən belə qurumlar ildə bir dəfə imitasiya xarakterli tədbirlər keçirir. Media nümayəndələrini ətraflarına toplayıb kimlərisə mükafatlandırır, ilin qəzeti, jurnalisti nominasiyalarını kəşf edirlər.
Bu yolla gündəmdə qalmağa çalışan media qurumları özlərini tərəfsiz jurnalist təşkilatı kimi göstərməyə çalışsalar da, tərəflilik göz önündədir.
İki gün öncə Tərəfsiz Jurnalistlər Birliyi adlı qurum televiziya, qəzet və portalların 2009-cu ildəki fəaliyyətinə guya qiymət verib. Birlik “İlin tərəfsiz televiziyası”, “İlin tərəfsiz qəzeti” və “İlin tərəfsiz portalı” nominasiyaları üzrə qiymətləndirmə apararaq dörd KİV-i mükafatlandırıb. “İlin tərəfsiz televiziyası” nominasiyasında iki telekanal – İTV və “Xəzər” TV qalib gəlib. “İlin tərəfsiz qəzeti” nominasiyasında “Şərq” qəzeti, “ilin tərəfsiz portalı” nominasiyasında isə “Media forum” saytı qalib olub.
Tərəfsiz Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının və bu qiymətləndirmədə iştirak edən şəxslərin nə dərəcədə obyektiv jurnalist, media nümayəndələri olduqlarını demək çətindir. Qurumun adı Tərəfsiz Jurnalistlər Birliyi olsa da, tərəflilik ortadadır. Qurumun mükafatlandırdığı, tərəfsiz saydığı telekanallar və portalla bağlı hər hansı iradımız yoxdur. Hətta “Şərq” qəzetinin də tərəfsiz media qurumu olmadığını söyləmək fikrindən uzağıq. Azərbaycan mətbuatında “Şərq” qəzetinin özünəməxsus dəsti-xətti, mövqeyi var. Amma ölkədə tərəfsiz, müstəqil qəzetlər “Şərq” qəzetilə yekunlaşmır. Bunu cənab Elşad Eyvazlı bizdən daha yaxşı bilir. “Bakı-Xəbər” qəzeti də daxil olmaqla, “525-ci qəzet”, “Ayna”, “Üç nöqtə”, “Olaylar”, “Mərkəz”, “Proqnoz” kimi tərəfsiz, alternativ fikirləri qəbul edən qəzetlərimiz olduğu halda, Tərəfsiz Jurnalistlər Birliyinin bütün bunları görməməsi bizdə təəssüf doğurur.
Ən azından, bu qurum həqiqətən də tərəfsizdirsə, yuxarıda qeyd olunan qəzetlərin adlarını, obyektivlik naminə də olsa, çəkməli idi.
“Bakı-xəbər” qəzeti olaraq, əslində tərəfkeşlik edən Tərəfsiz Jurnalistlər Birliyi adlı qurumun hansısa mükafatına, qiymətləndirməsinə möhtac deyilik. Bəlkə də bu qurumun sədri və qiymətləndirməni aparanlar ömründə qəzet oxumayan media təşkilatları rəhbərlərindən biridir. Bəli, Azərbaycanda elə media qurumları rəhbərləri var ki, qəzet oxumaya-oxumaya “jurnalistikanın inkişafı” ilə bağlı iri məbləğli qrant layihələri udur və “reallaşdırırlar”. Donor təşkilatlar fərqinə varmır ki, onlardan qrant udan təşkilatın sədri Azərbaycanda nə işlə məşğuldur, mətbuata nə qədər yaxındır və ümumiyyətlə, bir jurnalist kimi qəbul olunurmu? İstəməzdik ki, Tərəfsiz Jurnalistlər Birliyi də belə qurumlardan olsun. Hər halda, bu birliyin son fəaliyyəti bizə onun barəsində heç də birmənalı fikirdə olmamağı diqtə edir.