Azərbaycanda Belçikanın sabiq Baş nazirinin kitabının təqdimatı keçirilib

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə çərşənbə axşamı Avropa Xalq Partiyasının sədri, Belçikanın sabiq Baş naziri Vilfrid Martensin “Avropa: Mən mübarizə apardım, mən qalib gəldim” kitabının təqdimatı keçirilib.

“Martensin Avropanın tanınmış və nüfuzlu siyasətçilərindən biridir. Martensin iştirakı ilə onun kitabının Azərbaycanda təqdimatının keçirilməsi böyük hadisədir”, – Trend News-un məlumatına görə, tədbirdə Milli Məclisin Beynəlxalq Münasibətlər Komitəsinin sədri Səməd Seyidov çıxışında deyib.

Milli Məclisin sədr müavini Bahar Muradova isə çıxışında bildirib ki, kitabda Martensin həyatda qazandığı uğurların sirri yazılıb.

“İnanıram ki, onun gələcək kitablarında Azərbaycanla bağlı məqamlar da yer alacaq”, – Muradova əlavə edib.

Xarici işlər nazirinin müavini Vaqif Sadıxov Azərbaycanın Avropaya inteqrasiya yolu tutduğunu, bu yolda mühüm addımlar atıldığını söyləyib.

“Biz bu istiqamətdə müəyyən proqramlarda iştirak edirik. Lakin eyni zamanda qloballaşan dünyada müxtəlif sivil vasitələrdən istifadə olunmalıdır. Bu baxımdan bizim Avropanın aparıcı siyasi qüvvəsi olan Avropa Xalq Partiyası ilə əməkdaşlığımız önəmlidir”, – XİN rəhbərinin müavini bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO