Son vaxtlar efir məkanında bir-birindən maraqlı layihələri, verilişləri ilə tamaşaçıların diqqətini cəlb edən, istedadlı jurnalist Rövşən Məmmədovun sədrlik etdiyi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti radio və televiziya işçilərinin peşə bayramı günü münasibətilə noyabrın 4-də Akademik Opera və Balet Teatrında tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov radio və televiziya günü münasibətilə teleradio işçilərini təbrik edib. Prezidentin köməkçisi teleradio fəaliyyətinin Azərbaycan mədəniyyətinin güzgüsü olduğunu bildirib. Qeyd edib ki, teleradio fəaliyyəti Azərbaycan mədəniyyətinin və incəsənətinin formalaşmasında mühüm rol oynayıb. Teleradio, eyni zamanda, Azərbaycanın siyasi salnaməsini yaradır və onun ən yaxşı nümunələrini dünyada tanıdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin teleradio fəaliyyətinə böyük önəm verdiyini vurğulayan Əli Həsənov deyib ki, Azərbaycanda teleradio fəaliyyəti mühüm inkişaf yolu keçib, xüsusilə də müstəqillik illərində bu sahə xeyli inkişaf edib. Teleradio fəaliyyəti ilə məşğul olan insanlar Azərbaycan dövlətinin milli, tarixi, mədəni salnaməsini yaradırlar. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Azərbaycanda mətbuat üzərindən senzuranı götürməsi teleradio fəaliyyətinin inkişafına da mühüm təsir göstərdi. Bu gün Azərbaycanda kifayət qədər müstəqil teleradio kampaniyaları fəaliyyət göstərir. Bu teleradio kampaniyaları müasir texnologiyalar və avadanlıqlarla təmin olunub və dünyanın qabaqcıl teleradio kampaniyaları ilə rəqabət aparmaq qabiliyyətindədir. Teleradio kampaniyaları bu gün Azərbaycanı, ölkəmizin mədəniyyətini həm regionda, həm də dünyada layiqincə təbliğ edir.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov deyib ki, Azərbaycanda teleradio fəaliyyəti ən mühüm fəaliyyət sahələrindən birinə çevrilib. Azərbaycanda radionun yaranmasından 93, televiziyanın yaranmasından isə 63 il keçir. Sovet dövründə məhdudiyyətlərə baxmayaraq, o zaman Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri teleradio sahəsində gözəl bədii mühit yaratmağı bacarmışdılar. Müstəqillik illərində Azərbaycanda özəl televiziya kanalları yarandı və teleradio sahəsinə bir zənginlik gəldi. Bu sahədə çalışan insanlar da çoxaldı. Kabel, internet, peyk, mobil yayım növləri fəaliyyətə başladı. Eyni zamanda, Azərbaycanda ixtisaslaşmış telekanallar meydana gəldi. Mədəniyyət, idman, xəbər kanalları yarandı və bu, teleradio sahəsində çox ciddi bir uğurdur. Bir sözlə, bu gün Azərbaycanın teleradio palitrası olduqca zəngindir. Ümummilli lider Heydər Əliyevin teleradio sahəsinə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbir bədii hissə ilə davam edib.