Bu gün ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti seçilib
İllər bir-birini əvəz etdikcə Heydər Əliyev dühasının, onun gələcəyə ünvanlanmış işıqlı ideyalarının, dövlət quruculuğu və idarəetmə məharətinin əzəməti daha aydın görünür. Bu gün dünyanın siyasət aləmində Heydər Əliyev fenomeni öyrənilir və böyük siyasi məktəb kimi qəbul edilir. Xalqımızın müdrik oğlu dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, ölkəmizi tənəzzül və vətəndaş müharibəsi təhlükəsindən azad edən böyük xilaskar, ölkəmizi beynəlxalq aləmdə ali nüfuz məqamına yetirən dahi şəxsiyyət kimi əbədiyaşarlıq qazanıb.
Gələcək taleyimizi müəyyən edən əlamətdar günlər Ümummilli Liderimizin adı ilə bağlıdır
Təsadüfi deyil ki, Azərbaycanın müasir tarixində xalqın ədalətli seçimini, gələcək taleyini müəyyən edən əlamətdar günlər görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil dövlətçiliyimizin həyatında belə günlərdən biri də 1993-cü ilin 3 oktyabr günüdür. Həmin gün keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərimiz 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, çoxlarına əfsanə kimi görünən qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. Ümummilli Lider andiçmə mərasimindəki nitqində bu barədə deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Qeyd etmək lazımdır ki, 1993-cü ilin 3 oktyabr seçimi həm də xalqın müstəqil Azərbaycanın gələcəyini müdrik rəhbərə həvalə etmək istəyinin təcəssümü idi. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir vaxtda hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyevin səyi nəticəsində ictimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edilib, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik yaradılıb. Bu barədə danışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur”.
Ulu Öndərimizin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, bugünkü müstəqil, qüdrətli Azərbaycan dövləti də olmayacaqdı
Tariximizə faciə və tənəzzül dövrü kimi daxil olan 1990-1993-cü illərdə Azərbaycan məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürüklənirdi. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması planı artıq çoxdan cızılmışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu barədə deyib: “Bu dövr nəyi göstərdi? Onu göstərdi ki, Azərbaycanın nicatı Heydər Əliyev ideyalarında, Heydər Əliyev yolundadır. Xalqın bundan kənarda özünü təsdiqi, ölkənin bundan kənarda inkişafı mümkün deyil. Bu fikrin ən sadə izahı kimi həmin dövrdə xalqımızın başına gətirilən müsibətləri bir daha yada salmaq kifayətdir. Əgər o vaxt sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Bütün bunlar ona görə baş verirdi ki, əvvəlcə Vəzirov-Mütəllibov rejimi, sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışır, bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Nəticədə ölkəni də, özlərini də uçuruma apardılar. Azərbaycanı fəlakətin bir addımlığında qoyub qaçdılar”.
İndi siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq hər kəs etiraf edir ki, əgər bu həlledici mərhələdə tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın istəyi və tələbi ilə 1993-cü il iyunun 15-də Ulu Öndərimizin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik. Ümummilli Liderimizin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdəki özbaşınalığa, anarxiyaya, xaosa son qoyulub, Azərbaycan 1969-cu ildən başlanan quruculuq xəttinə qaytarılıb.
Dahi şəxsiyyət ölkədə formalaşan siyasi sabitliyin davamlılığını təmin etmək üçün özünün elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyasını irəli sürüb və mərhələlərlə onun icrasına nail olub. Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkə iqtisadiyyatında tənəzzül prosesinin qarşısı alınıb, büdcə, vergi və pul-kredit siyasətində tarazlıq əldə olunub, inflyasiyanın səviyyəsi minimal həddə endirilib. Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ulu Öndərimizin 1969-cu ildən başladığı quruculuq xəttini 1993-cü ildən sonra davam etdirməsi hərtərəfli inkişaf edən, müasir, demokratik, regionda lider ölkəyə çevrilən Azərbaycan dövlətinin yaradılmasına səbəb olub.
Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın inkişaf etdirilməsi prinsipinə söykənir
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə Azərbaycan Respublikasının dövlət quruculuğunun əsası qoyulub. Ölkəmiz demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetlərini, hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçib.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.
Ulu Öndərin dövlətçilik konsepsiyasının uğurlu istiqamətlərindən biri də ölkəmizin 2001-ci il yanvarın 25-də Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasıdır. Ümumiyyətlə, Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsipinə söykənir. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlib.
Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən dövlətimizin başçısı bütün fəaliyyətini insanlara qayğı və diqqət üzərində qurub
Heydər Əliyevin dövlətçilik irsi həm də Azərbaycan cəmiyyətinin vahidliyinin təmin olunmasını özündə ehtiva edir. Bu baxımdan Ulu Öndərin əsasını qoyduğu siyasi xəttin davam etdirilməsi zamanın tələbidir. Ötən illər ərzində keçirilən bütün seçkilər də bir daha təsdiqlədi ki, Azərbaycan xalqı Ümummilli Liderin siyasi kursuna sadiqdir və bu kursun dövlətçiliyin təhlükəsiz, sabit inkişafına imkan verən yeganə strateji seçim olduğunu tam mənada dərk edir.
Prezident İlham Əliyev böyük uzaqgörənliklə Ulu Öndərin yolunu daim davam etdirəcəyini bildirərək deyib: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir… Bütün bunları etmək üçün Azərbaycanda çox iş görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir”.
Dövlətimizin başçısı bütün fəaliyyətini Heydər Əliyev siyasəti, insanlara qayğı və diqqət üzərində qurub, sosialyönümlü siyasət strategiyası həyata keçirib və bütün bunları bu gün də əzmlə davam etdirir. “Əsl siyasət real, konkret iş görməkdən ibarətdir”, – deyən Prezident İlham Əliyev cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalışmaqla hər bir fərdin marağına cavab verən çevik və qətiyyətli qərarlar qəbul edib. Ölkə başçısı ötən illər ərzində Azərbaycanda möhkəm təməllərə söykənən və dinamik sosial-iqtisadi tərəqqini təmin edən siyasi sabitliyin qorunub saxlanılması, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatlar aparılması, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların inkişafı, yeni istehsal müəssisələrinin açılması istiqamətində mühüm addımlar atıb.
1994-cü ildən həyata keçirilən yeni neft strategiyasının müasir tələblər çərçivəsində davam etdirilməsi, Azərbaycanı regionda böyük nüfuz sahibinə, aparıcı dövlətə çevirən qlobal enerji və kommunikasiya layihələrinin ardıcıl surətdə həyata keçirilməsi, bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, investisiyaların regionların inkişafına yönəldilməsi, ölkədə münbit biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar dövlət başçısının siyasətinin prioritet istiqamətləri sırasında xüsusi yer tutur. Bunun nəticəsidir ki, Azərbaycanda bütün sahələr üzrə inkişaf sürətlə gedir.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşanan gərginlik, iqtisadi böhranlar göstərir ki, düzgün siyasət aparılan zaman bütün sosial və iqtisadi məsələlər uğurla öz həllini tapa bilər.
Ulu Öndərin bəlalardan qurtardığı Naxçıvan Muxtar Respublikası da bu gün onun adına və arzularına layiq şəkildə inkişaf etdirilir
Ümummilli liderimiz Heydər Əliyevin tarixin çətin sınaq məqamlarında böyük xilaskarlıq missiyasını həyata keçirərək qoruyub saxladığı və gələcək inkişaf proqramını müəyyən etdiyi Naxçıvan Muxtar Respublikası da hazırda Ulu Öndərimizin adına və arzularına layiq şəkildə inkişaf etdirilir. Son 24 ildə muxtar respublikanın keçdiyi inkişaf yolu dahi şəxsiyyətin ideyalarına sadiqliyin təcəssümüdür. Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi rayonları arasında inkişaf dinamikasına görə xüsusilə seçilir. Muxtar respublikada inkişafdan kənarda qalan sahə yoxdur. Bütün infrastruktur yeniləşib, xüsusi zövqlə, diqqət və qayğı ilə yenidən qurulub, müasir tələblər səviyyəsinə çatdırılıb. Bu gün muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərini, eləcə də digər şəhər, qəsəbə və kəndlərimizi, sözün əsl mənasında, tanımaq olmur. Möcüzə təsiri bağışlayan hərtərəfli və dinamik inkişafın real təzahürləri hər addımda göz oxşayır, könül açır. Vətənə böyük məhəbbətlə görülən bütün işləri hər kəs rəğbət və minnətdarlıqla qarşılayır, bundan qürur duyur.
Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin tarixində mühüm və əlamətdar hadisədir. Məhz bu tarixdən sonra müstəqil dövlətçiliyimizin qorunması, ölkəmizin sürətli inkişafı, xalqın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davamlı xarakter alıb, respublikamız yerləşdiyi regionda və dünyada söz sahibinə çevrilib. Bu gün əldə etdiyimiz bütün nailiyyətlərin əsası da məhz 1993-cü il oktyabr 3-dən qoyulub.
Rauf Kəngərli
AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri