Martın 1-dən Rusiyanın “Yandex” axtarış servisi antivirus bazalarına hələ düşməmiş ən yeni viruslu saytları aşkar edən və axtarış sisteminin istifadəçilərini təhlükə barədə dərhal xəbərdarlıq edən antivirus texnologiyası istifadəyə verib.
Yeni texnologiyanın işi gündəlik təhlilə əsaslanır: internetdə istifadəçi hərəkətlərini təqlid edən bu proqram saytlara daxil olur və sistemdə baş verənləri təhlil edir. İstifadəçi tərəfindən bu və ya digər əlavə komandalar verilmədən hər hansı bir özbaşına yükləmə və ya proqram işi aşkar olunarsa, bu halda həmin saytın viruslu olması güman edilir. Belə vəziyyətdə zərərli proqramın saytın hansı hissəsində, yəni veb-səhifənin kodunda, kənar kodda (misal üçün baner sistemində), yaxud da istənilən digər yerdə “məskunlaşması” elə də əhəmiyyət kəsb etmir.
Buna qədər “Yandex” səhifələrin yoxlanılması üçün “Sophos” şirkətinin antivirusundan istifadə edirdi. Bu proqramın yenisindən fərqi ondan ibarətdir ki, mövcud viruslar bazaları ilə işləyən “Sophos” antivirusu artıq tanınmış zərərli kodları aşkar edir. Yeni texnologiyasının tətbiqindən sonra “Yandex” hər iki proqramdan istifadə edəcək.
Yeni antivirus pulsuz olacaq. Zərərli kodlar haqqında xəbərdarlıq almaq istəyən istifadəçilər “Yandex-Vebmaster” servisində qeydiyyatdan keçməlidirlər. Bu servisin köməyi ilə saytların proqramçıları öz resurslarının vəziyyətinə nəzarət edə biləcəklər. Hər hansı bir saytda viruslu səhifələr aşkar olunduqda “Yandex” bu haqda bildiriş göndərir ki, proqramçı bu zərərli kodun yerini müəyyən etsin və aradan qaldırsın.