Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.
AZƏRTAC xəbər verir ki, xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüldü.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət olunması mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.