Jurnalistlər dövlət qurumlarının tədbirlərinə niyə çağırılmırlar?

Mətbuat nümayəndələrinin informasiya mənbələrinin böyük əksəriyyəti dövlət qurumlarıdır.

Amma əksər halda bəzi dövlət qurumlarından informasiya almaq mümkün olmur.
Baxmayaraq ki, qanunvericilikdə dövlət qurumlarına öz fəaliyyətləri ilə bağlı mediaya məlumatların verilməsi barədə konkret tələb qoyulub. Son vaxtlar isə jurnalistlərin dövlət qurumlarının toplantılarına, əsasən də görüşlərə, kollegiya iclaslarına, müşavirələrə dəvət olunmaması halları artıb.

APA dövlət qurumlarının – nazirliklərin, dövlət komitələrinin, hüquq-mühafizə orqanlarının öz fəaliyyətləri barədə mətbuata məlumatların verilməsi işinin təşkilini, habelə medianın bu qurumların toplantılarına, görüşlərə dəvət edilməməsinin səbəblərini araşdırmağa çalışıb.

Azərbaycan Nazirlər Kabineti ilə əməkdaşlıq edən jurnalistlər bu qurumun mətbuatla əlaqələrinin səviyyəsindən narazıdırlar. Onlar mətbuat xidmətinin Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı sualları cavablandırmadığını, tədbirlərə yalnız telekanalların dəvət edildiyini, toplantılarla bağlı mətbuata məlumat göndərilmədiyini bildirirlər. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə APA-ya bildirib ki, tədbirlərə yalnız telekanallar və rəsmi dövlət agentliyinin dəvət olunması yer məhdudluğu ilə əlaqədardır: “İmkanımız olanda, toplantı keçirilən zal böyük olduqda bütün mətbu orqanlarını çağırırıq. Yəni, burada hansısa xüsusi ayrı-seçkilik barədə düşünməmişik. Sadəcə, dəvətlər keçirilən görüşlərin, qəbulların formatından asılı olur”. A. Əli bildirib ki, rəhbərlik etdiyi qurum press-relizləri Nazirlər Kabinetinin rəsmi internet saytına yerləşdirir, istənilən mətbuat orqanı o xəbərlərdən istifadə edə bilər.

Daxili İşlər Nazirliyi ilə bağlı isə jurnalistlər daha çox kollegiyaya iclaslarına, müşavirələrə çağırılmamaları və yerli polis idarələrinə mətbuata məlumat verməklə bağlı qadağaların qoyulmasından şikayətçidirlər. Nazirliyin sonuncu – bu il yanvarın 29-da keçirilmiş kollegiya iclasına da yalnız telekanallar dəvət edilib. DİN-in mətbuat xidməti rəis müavini, Ehsan Zahidov APA-ya bildirib ki, onlar KİV və ictimaiyyətlə əlaqələrə böyük önəm verirlər: “Mətbuat xidməti olaraq bizdən qəti şəkildə mətbuatla əlaqələrin daha geniş və effektli qurulması tələb olur”.

Yerli polis idarələrinin mətbuatla əlaqələrinə qadağa qoyulması barədə məlumatların həqiqətə uyğun olmadığını deyən E. Zahidov əksinə, yerli qurumlara cinayətkarlıqla mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı mətbuata məlumatların verilməsi barədə tapşırığın olduğunu qeyd edib: “Təbii ki, yalnız açıqlanması mümkün olan məlumatlar verilir. Kollegiya iclaslarına isə yalnız telekanalların dəvət edilməsi yer problemi ilə bağlıdır. Zalda kifayət qədər yer olmadığı üçün yalnız telekanallar və dövlət agentliyi dəvət edilir”.

Vergilər Nazirliyinin mətbuat xidməti də tədbirlərə yalnız telekanalları dəvət edir, digər KİV-lər kənarda qalır. Mətbuat xidmətinin rəhbəri Fariz Səmədov da APA-ya bildirib ki, KİV nümayəndələri ilə əlaqələrin yaxşı qurulması onların qarşısında dayanan əsas vəzifələrdən biridir: “Aparılmış işlər haqqında yekun hesabatlar, o cümlədən kollegiya iclaslarından press-relizlər hazırlanaraq yayılır. KİV nümayəndələrinin işi xəbəri tapmaqdırsa, bizim işimiz də həmin KİV nümayəndəsinə yardımçı olmaqdır. Mənə elə gəlir ki, mətbuat nümayəndələri ilə Vergilər Nazirliyinin münasibətləri yüksək səviyyədədir, istənilən fikirləri, vergi qanunvericiliyi, həyata keçirilən islahatlar, innovasiyalar, yeniliklərlə bağlı məlumatlar operativ olaraq mətbuata çatdırılır. Hər hansı mətbuat orqanı ilə problem yoxdur”.

Xarici İşlər Nazirliyinin mətbuatla əlaqələri yüksək səviyyədə olsa da, son vaxtlar brifinq və mətbuat konfransları məlum olmayan səbəblərə görə ləğv edilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirir ki, bu nazirliyin daxilində struktur dəyişiklikləri ilə bağlıdır və müvəqqəti xarakter daşıyır.

Bakı Şəhər Baş Polis İdarəsi isə bir qayda olaraq mətbuatı kollegiya iclaslarına, müşavirələrə dəvət etmir. Qurumun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov APA-ya bildirib ki, polis qapalı qurumdur və burada bütün məlumatların açıq olmasına imkan yoxdur: “Yalnız bəzi hallarda maraq göstərən media orqanları dəvət olunur. Amma kollegiya ilə bağlı hansı məlumların açıqlanması mümkündürsə, onlar mətbuata göndərilir”.

Milli Məclisin mətbuat xidməti mətbuatla yaxşı işləsə də, yeganə problem spikerin görüşlərinə məhdud sayda media nümayəndəsinin dəvət edilməsidir. Mətbuat xidmətinin rəhbəri Akif Nəsirov APA-ya deyib ki, əslində onlar bütün aparıcı media orqanlarının bu görüşlərə dəvət edilməsində maraqlıdırlar: “Amma bu, imkan xaricidədir. Görüşlər böyük zalda keçiriləndə hamı çağırılır, amma elə görüşlər olur ki, artıq müəyyən çərçivə yaratmağa ehtiyac yaranır, görüş keçirilən zalın imkanları nəzərə alınır. Görüşlər kiçik otaqlarda keçiriləndə bütün mətbuatı dəvət etmək mümkün deyil”.

Sənaye və Energetika Nazirliyinin mətbuat xidməti ilə məlumatların dəqiqləşdirilməkdə, sualları birbaşa cavablandırmaqda bəzən problemlər yaranır. Mətbuat xidmətinin rəhbəri Azər Mənsimli bildirir ki, o yalnız bildiyi məsələlərlə bağlı sualları dərhal cavablandırır: “Bilmədiyim məsələlər barədə danışmıram. Bəzən də məlumatı dəqiqləşdirmək üçün zaman lazım olur və yalnız rəhbərlik tərəfindən mənə verilən məlumatları mətbuata çatdırıram. Mətbuatla münasibətlərdə ciddi problemlər yoxdur”.

Ədliyyə Nazirliyi də medianı kollegiya iclaslarına, görüşlərə dəvət etməyən qurumlar siyahısındadır. Mətbuat xidmətinin əməkdaşı Rasim Həsənovun sözlərinə görə, kollegiya iclaslarında daxili məsələlər müzakirə edilir, buna görə də mətbuat çağırılmır: “Amma görüşlərə televiziya və agentliklər dəvət edilir. Mətbuat nadir hallarda dəvət edilmir ki, bu görüşlərdən, qəbullardan sonra da dərhal məlumat yayırıq”.

Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirib ki, prokurorluğun fəaliyyəti ilə bağlı, o cümlədən Baş Prokurorluğun geniş kollegiya iclası barədə mütəmadi olaraq ictimaiyyətə dolğun və obyektiv informasiyalar verilir: “Azərbaycan Respublikası Prokurorluğu mətbuata kifayət qədər açıq orqandır. Kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən prokurorluğa ünvanlanmış bütün sorğular, istintaq sirri təşkil edən məlumatlar istisna olmaqla vaxtında və dolğun cavablandırılır. Ona görə də Baş Prokurorluğun bu və ya digər tədbirində obyektiv səbəblərdən KİV nümayəndələrinin bəzilərinin iştirak etməmələrini problem kimi qəbul etmək düzgün olmazdı”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həmişə öz tədbirlərinə medianı dəvət etsə də, sonuncu dəfə qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələrin təqdim olunmasına heç bir mətbuat çağırılmayıb. Komitənin Nəşriyyat və redaksiya şöbəsinin müdiri Elçin Cabbarov APA-ya bildirib ki, bunun xüsusi bir səbəbi olmayıb: “Sadəcə, son vaxtlar dini icmalara şəhadətnamələrin təqdim olunması ilə bağlı bir neçə dəfə tədbir keçirilib, hamısında da mətbuat iştirak edib. Bu, artıq adi hal kimi qəbul olunduğundan mətbuatı növbəti tədbirlərə dəvət etməyi lazım bilmədik”.

E.Cabbarov komitənin yaxın vaxtlarda keçiriləcək digər tədbirlərinə mətbuatın dəvət ediləcəyini bildirib.

Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arif Babayev isə medianın bu qurumun tədbirlərinə dəvət olunmamasının səbəblərini açıqlamayıb: “MTN Kənd Təsərrüfatı Nazirliyi deyil. Nazirliyin həyata keçirdiyi tədbirlər barədə mütəmadi olaraq, ictimaiyyətə geniş məlumat verilir və Azərbaycanın milli təhlükəsizliyi sahəsində maraqlarının hərtərəfli təmin olunması istiqamətində KİV-lə əlaqələrə böyük önəm verilir”.

Yeri gəlmişkən, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyir ki, hansı mətbuat orqanı aktiv olaraq nazirliklə əməkdaşlıq edirsə, onlar da tədbirlərə dəvət olunur: “Biz özümüz də maraqlıyıq ki, nazirliyin tədbirləri, fəaliyyəti mətbuatda işıqlansın. Hansı mətbuat orqanı informasiya məkanında layiqli yer tutubsa, hansı mətbuat orqanı bizim məlumatları təhrif etmirsə, heç bir fərq qoymadan onları bütün tədbirlərimizə dəvət edirik. Mətbuatla münasibətlərdə hər hansı problem yoxdur”.

Mərkəzi Seçki Komissiyası medianı fərq qoymadan bütün tədbirlərə, iclaslara dəvət etsə də, MSK-da keçirilən görüşlərə heç bir KİV təmsilçisi çağırılmır. Qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirir ki, bu, MSK rəhbərliyi ilə görüşən tərəfin istəyindən asılı məsələdir: “Əgər MSK rəhbərliyi ilə görüşən tərəflər medianın da görüşdə iştirakını arzu etsələr, bizim tərəfimizdən heç bir problem olmaz”.

Hərbi Prokurorluğun mətbuat xidməti isə KİV-i kollegiya iclaslarına çağırmamaqla bərabər, həm də lazım olan məlumatları açıqlamır. Lakin APA-nın əməkdaşı bunun səbəbləri ilə bağlı mətbuat xidmətinin rəhbəri Əfrayim Təhməzovdan heç bir cavab ala bilməyib.

Ali Məhkəmənin də mətbuat xidmətindən məlumat almaq asan deyil. Media nümayəndələri bu qurumun plenumlarına dəvət edilmir, konkret işlər üzrə məhkəmə prosesinin nəticəsi ilə bağlı məlumat almaq olur, məhkəmə iclaslarına media buraxılmır. Bunun səbəblərini öyrənmək üçün mətbuat xidmətinin rəhbəri Allahverdi Nehrəmli ilə əlaqə saxlamaq mümkün olmayıb. Mövzu ilə bağlı həmçinin, Nəqliyyat, Maliyyə nazirliklərinin, Konstitusiya Məhkəməsinin mətbuat xidmətlərindən münasibət öyrənmək mümkün olmayıb. Bakı Şəhər İcra Hakimiyyətində də belə qurumun varlığı diqqəti çəkmir.

Lakin işinə vicdanla yanaşan, jurnalistləri demək olar ki, istisnasız olaraq bütün tədbirlərinə, görüşlərə dəvət edən dövlət qurumları da var. Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Müdafiə Fondu, “Azərenerji” ASC, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu sıraya daxildir. Lakin iqtisadi inkişaf naziri Şahin Mustafayevdən eksklüziv müsahibə almaq hələ heç bir KİV-ə müyəssər olmayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirir ki, o dövlət qurumları ilə mətbuat münasibətlərinə kompleks yanaşmağın tərəfdarıdır. Mətbuat orqanlarının dövlət qurumlarının tədbirlərinə dəvət edilməməsini mənfi qarşıladığını deyən MŞ sədri bununla bağlı rəhbərlik etdiyi quruma müraciətlərin də daxil olduğunu vurğulayıb: “Bu problemləri aradan qaldırmağa ehtiyac var. Düzdür, “İnformasiya almaq haqqında” qanun qəbul edildikdən sonra bir sıra dövlət qurumlarının internet səhifələri fəaliyyət göstərir. İstənilən şəxsin həmin internet səhifələrindən məlumat almaq imkanı var. Lakin çox təəssüf ki, həmişə belə olmur. Bu da fikir müxtəlifliyinin inkişafına təsir göstərir. Bunları nəzərə alaraq dövlət qurumları ilə mətbuat arasında münasibətlərin yeni formada inkişafı ilə əlaqədar sənəd hazırlamışıq, yəqin ki, bu sahədə fəaliyyətimizi davam etdirəcəyik. Həmin sənəd qəbul olunanda bu sahədə yaranmış problemlərin həllinə öz effektli təsirini göstərəcək”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə bildirir ki, son vaxtlar bəzi dövlət qurumları tədbirlərə medianı dair çərçivədə, bəzən isə yalnız telekanallar səviyyəsində dəvət edir. Onun sözlərinə görə, əgər dövlət qurumu ictimai fikri nəzərə alırlarsa, geniş spektrli medianı tədbirlərə çağırmalıdır: “Əslində bu məsələdə dövlət qurumlarının özləri maraqlı olmalıdır ki, gördükləri işin təbliği, informasiyaların yayılması təmin edilsin. Amma indi dövlət qurumlarının rəhbərləri istəmirlərsə və dar çərçivədə mətbuatla işləyirlərsə, bu, ümumiyyətlə Azərbaycanda medianın nüfuzunun düşdüyünü, həmin qurumların ictimai rəylə hesablaşmadığını göstərir. Bu o deməkdir ki, həmin dövlət qurumları mediaya əhəmiyyət vermirlər. Bu da onların özlərinə arxayınçılığının nəticəsində ortaya çıxır. Qanuni baxımdan da dövlət qurumları ictimaiyyət üçün açıq olmalıdır. Bunu etmirlərsə, deməli bunun dərin səbəbləri var. Bu da dövlət qurumları üçün bağışlanmaz mövqedir”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu medianın dövlət tədbirlərində iştirak etməsinin problem kimi mövcud olduğunu deyir. Bunun jurnalistlərin “birinci əl”dən məlumat almaq imkanını məhdudlaşdırdığını deyən baş redaktor hesab edir ki, əslində ölkənin aparıcı qəzetlərinin, agentliklərinin dövlət tədbirinə dəvət etmək həmin tədbiri təşkil edən strukturun marağında olmalıdır: “Bu, Azərbaycan nümunəsində fərqlidir. Düzdür, hamısı belə deyil, istisnalar da var. Amma istisnalar tamam başqa istiqamətdə olmalı idi. Bu münasibət rəsmi şəxslərlə mətbuatın məsafəsini daha da artırır, məlumatın dəqiqləşdirilməsi imkanını çətinləşdirir. Bu da bütövlündə mətbuatla məmur anlaşılmazlıqlarına gətirib çıxarır”. R. Arifoğlu “Yeni Müsavat” qəzetinin bir sıra təsərrüfat və iqtisadi sektorda olan tədbirlərə, YAP-da keçirilən mətbuat konfranslarına, XİN-də keçirilən brifinqlərə dəvət edildiyini vurğulayıb: “Amma bütövlükdə bu cür tədbirlərdə iştirakımız əksər halda baş vermir”.

Azərbaycanın demokratik ölkə olduğunu deyən Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılının fikrincə, demokratik qaydalar hər bir dövlət qurumunun xalq qarşısında hesabat verməsini, ictimaiyyətə açıq olmasını tələb edir: “Dövlət qurumunun fəaliyyətini cəmiyyətə çatdıran isə mediadır. Buna görə dövlət qurumu media ilə işini uğurlu qurmalıdır ki, media da vaxtında etibarlı məlumatı cəmiyyətə çatdırsın. Bu baxımdan hər bir dövlət qurumunun mediaya məlumat vermək vəzifəsi var”.

Bunun “İnformasiya əldə etmək haqqında” qanuna və Konstitusiyanın informasiya azadlığı haqqında müddəasından qaynaqlandığını deyən ekspert müəyyən məlumatları çıxmaq şərti ilə qalan məlumatların hamısının cəmiyyət üçün açıq olmasını vacib hesab edir: ““KİV haqqında” qanunun 8-ci maddəsi jurnalistlərə hüquq verir ki, dövlət qurumunda baş verən bütün məsələlər barədə informasiya əldə edib yaysın. Bu qanuna görə dövlət qurumlarının, ictimai təşkilatların mediaya məlumat vermək borcudur. Eləcə də “KİV haqqında” qanunun 50-ci maddəsində jurnalistləri dövlət qurumlarında akkreditə etmək, onlara vaxtlı vaxtında məlumat vermək vəzifəsi qoyulur”.

Hazırda isə dövlət qurumlarının mümkün qədər mətbuatdan qaçmağa çalışdığını deyən R. Hacılı bəzi hallarda məlumatlar verəndə dövlət qurumu tərəfindən ya mətbuat qurumlarının, ya da konkret jurnalistlərin seçildiyini vurğulayıb. R. Hacılı onu da deyib ki, informasiyanın çatdırılmasını təmin etməməyə görə vəzifəli şəxslərin məsuliyyəti var: ““İnformasiya əldə etmək haqqında” qanunun tətbiqi ilə bağlı problemlər olduqda İnzibati Xətalar Məcəlləsində bu işi yaxşı təşkil etməməyə görə, lazımı məlumatları açıqlamamağa görə inzibati xətalar nəzərdə tutulub. Amma hələ ki, bu, tətbiq olunmur”.

Məsələ ilə bağlı APA-ya açıqlama verən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycanda ali idarəetmə strukturları, mərkəzi icra hakimiyyəti qurumları öz fəaliyyəti, il ərzində gördüyü işlərin əhaliyə çatdırılmasında maraqlı olmalıdırlar: “Bunun da yeganə mexanizmi KİV-dir. Ona görə də, biz bu işlərdə mütəmadi olaraq mətbuat xidmətlərinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, ictimaiyyətlə əlaqələr bölmələrinə tövsiyə edirik ki, görülmüş işlərin cəmiyyətə çatdırılmasında mətbuatın imkanlarından geniş şəkildə istifadə etmək lazımdır. Bu, dövlət siyasətinin əsas prinsiplərindən biridir. Son 10 ildə mətbuat xidmətləri ilə KİV arasında əlaqələrin yaradılması, birgə seminar və treninqlərin keçirilməsi, onların bir-biri ilə əlaqələrinin güclənməsi üçün işlər görürük, bundan sonra da bu kimi tədbirlər davam edəcək”.

Mətbuat xidmətlərinin fəaliyyətinə mərkəzləşmiş formada hər hansı nəzarətin olmadığını deyən Ə. Həsənov bildirib ki, onlar özləri bunda maraqlı olmalıdır: “Amma bir daha mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tövsiyə edirik ki, tədbirlərə bütün KİV təmsilçilərini istinasız olaraq dəvət etsinlər”.

P.S. APA bu araşdırmanı fevralın 4-dən hazırlamağa başlayıb. Bəzi dövlət qurumlarının mətbuat xidmətlərinin vaxtında suala cavab verməməsi, bəziləri ilə əlaqə saxlamaq mümkün olmadığından yazını hazırlamaq 2 həftəyə qədər çəkib. Halbuki, mətbuat xidmətlərinin vəzifəsi mətbuatı vaxtında məlumatla təmin etmək, verilən sorğuları qanunda nəzərdə tutulduğu kimi ən geci 48 saat müddətində cavablandırmaqdır.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO