80 yaşlı Yazıçılar Birliyinin sədrləri – SİYAHI

Bu gün Azərbaycan Yazıçılar Birliyi 80 yaşına qədəm qoyur. Azərbaycan Yazıçılar İttifaqı (hazırda Azərbaycan Yazıçılar Birliyi) 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılıb. Ağsaqqal təşkilatın XII qurultayında xalq yazıçı Anar yenidən seçilib.

Modern.az AYB-in keçmiş sədrləri haqqında kiçik bioqrafik məlumatları oxuculara çatdırır.Məmmədkazım Ələkbərzadə:

Cəmi 33 il ömür sürən M. Ələkbərzadə AYB-nin ilk rəhbəri sayılır. O, 1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olub. M. Ələkbərzadə 1923-1927-ci illərdə APİ-nin dil və ədəbiyyat fakültəsində, Moskvada Qırmızı Professorlar İnstitutunda (1930-1934) təhsil alıb. ADU-nun rektoru, müxtəlif illərdə AYİ idarə heyətinin sədri, Azərbaycan KP MK yanında ”Kommunist” nəşriyyatının direktoru,  “Ədəbiyyat qəzeti”,  “Bakinski raboç”, “Vışka” qəzetlərində baş redaktor olub. 1938-ci ildə isə repressiya məruz qalıb.

Seyfulla Şamilov

Seyfulla Şamilov 1936-cı ildə AYB-yə rəhbərlik edib. Lakin bundan əvvəl o, 1932-ci ildə Azərbaycan proletar Yazıçılar Birliyi Təşkilat Komitəsinin sədri olub. Daha sonra bu orqan “Azərbaycan Yazıçılar İttifaqı” adlanır və S. Şamilov onun ilk sədrlərindən olur. Partiya məktəbinin yetirməsi olan S. Şamilov nasir, tənqidçi olmaqla yanaşı jurnalist kimi də “Gənc işçi”, “Ədəbiyyat qəzeti”, “İnqilab və mədəniyyət” qəzetlərinin də məsul redaktoru olub. 

Rəsul Rza

Rəsul Rza AYB-yə ən çətin vaxtlarında ona rəhbərlik edib. Onun rəhbərlik müddəti 1938-39-cu illərə düşür.

Səməd Vurğun

Şair, dramaturq, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas, publisist, ictimai xadim, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iki dəfə SSRİ Dövlət mükafatı laureatı (1941-1942), Azərbaycan EA həqiqi üzvü (1945), Azərbaycanın Əməkdar İncəsənət xadimi (1943), filologiya elmləri fəxri doktoru (1956), Azərbaycanın Xalq şairi (1956). AYB-nin sədrlərindən biri də məhz bu fəxri adların daşıyıcısı olan Səməd Vurğundur.

Süleyman Rəhimov

İlk xalq yazıçısı olan Süleyman Rəhimov təşkilata 1944-45-ci illərdə rəhbərlik edib. S. Rəhimov bu vəzifəyə gəlməmişdən qabaq Mərkəzi Komitədə təbliğat və təşviqat şöbəsinin rəhbəri kimi çalışıb.

Mehdi Hüseyn

1958-ci ildən vəfat etdiyi günə, yəni 1965-ci ilə qədər Birliyə rəhbərlik edib. Onun rəhbərlik müddətində ədəbiyyatda yeni  “60-cılar nəslinin“ gəlişi və yaradıcı inqilabla xarakterizə olunur.

Mirzə İbrahimov

M. İbrahimov 1970-86-cı illərdə də fasilələrlə AYB İdarə Heyətinin sədri və katibi kimi çalışıb.

İsmayıl Şıxlı

 «Ayrılan yollar» (1957), «Dəli Kür» (1968), «Xatirəyə dönmüş illər» (1980), «Məni itirməyin» (1984), «Daim axtarışda» (1988) və s. kitabların müəllifi bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968), “Azərbaycan” jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olub. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991)seçilib. 

İmran Qasımov

İmran Qasımov 1918-ci il noyabrın 25-də Bakıda anadan olub. ADU-nun filologiya fakültəsində, Moskvada kino-ssenaristlər şöbəsinin rəisi, Azərbaycan Nazirlər Soveti yanında Kinematoqrafiya nazirinin biricni müavini, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi (1953-1954), «Literaturnıy Azerbaydjan» jurnalının baş redaktoru (1954-1956), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin biricni katibi (1975-1981) vəzifələrində çalışıb. 
Lenin ordeni, «Qırmızı əmək bayrağı», «Şərəf nişanı» ordenləri, SSRİ medalları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltiıf edilib. 
«Uzaq sahillərdə» (1954), «İllər keçir» (1968), «Fransız qobeleni (Yol qeydləri)» (1970), «İtaliya mozaikası» (1972) və s. kitabların müəllifidir.

Anar

Anar ilk dəfə 1987-ci ildə Birliyə sədr seçilir.  Daha sonra 1991, 1997, 2004-cü illərdə təkrarən  sədr kimi nümayəndələrin etimadını qazanır. Sonuncu XII qurultayda isə yazıçı dördüncü dəfə bu posta layiq görülür.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO