Jurnalistlərin Həmkarlar İttifaqı (JHİ) Azərbaycan jurnalistlərinin 2014-cü il üzrə sosial durumlarına dair yekun hesabatını açıqlayıb. Təşkilatın keçirdiyi sorğunun nəticələrinə görə, 2014-cü ildə Azərbaycanda jurnalistlərin aylıq gəlirlərində əvvəlki illərlə müqayisədə artım olub.
SalamNews xəbər verir ki, qurumun sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən qəzet, informasiya agentlikləri, xəbər portalları, televiziya redaksiyalarının əməkdaşları cəlb ediliblər.
Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin onları daha çox qayğılandıran problemlər barədə sualları cavablandırıblar.
Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışan jurnalistlərin aylıq gəlirləri 500-600 manat civarında olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artım deməkdir.
Sorğu iştirakçıları 2014-cü ildə jurnalistlərin sosial durumlarına müsbət təsir edən amillər barədə də fikirlərini bildiriblər. 2014-cü ildə təqribən 336 jurnalist KİVDF-nin təşkil etdiyi müsabiqələrin qalibi olaraq əlavə maddi gəlir əldə ediblər.
– See more at: http://salamnews.org/az/news/read/158634#sthash.0jnKcBbM.dpuf