Azərbaycanda Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi “2010-cu ilin parlament seçkiləri: problemlərin aradan qaldırılma yolları” mövzusunda tədbir keçirib. APA-nın xəbərinə görə, mərkəzin direktoru Eldar İsmayılov parlament seçkiləri zamanı QHT-lərin fəaliyyətindən danışıb: “Azərbaycanda qanunlar təkmildir. Azad seçkilərin keçirilməsi üçün hər cür şərait var. Seçkilərin şəffaf keçirilməsində QHT-lərin də rolu danılmazdır”.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də qeyri-hökumət qurumlarının seçki prosesində rolundan bəhs edib: “QHT-lər hakimiyyət uğrunda mübarizə aparmırlar, neytral mövqedə dayanırlar. Seçkilərin müşahidəsi çox vacibdir. Bu müşahidələr həm də ictimai etimad deməkdir. QHT-lər hər hansı namizədə maddi və ya mənəvi dəstək vermir. Azərbaycanda ixtisaslaşmış QHT-lər var ki, bunlara misal olaraq AVCİYA, “İnam” Plüralizm Mərkəzi və digərlərini göstərmək olar”.
Millət vəkili Cəmil Həsənli isə Azərbaycanda ən güclü parlamentin 1918-20-ci illərdə mövcud olduğun deyib: “Seçkilər nə qədər siyasi prosesdirsə, o qədər də ictimai bir prosesdir”.
Tədbirdə iştirak edən millət vəkilləri Gültəkin Hacıbəyli, Fazil Qəzənfəroğlu və “Ayna” qəzetinin baş redaktoru Elçin Şıxlı da mövzuya dair fikirlərini bildiriblər.