Azərbaycanın 10-a yaxın qeyri-hökumət təşkilatının (QHT) rəhbəri deputatlığa namizəd kimi parlament seçkilərində iştirak etmək arzusunda olduqlarını bildiriblər. Bu barədə Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev cümə günü “Azərbaycanda 2010-cu il parlament seçkiləri: problemlərin həlli yolları” mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı bildirib.
“10-a yaxın QHT rəhbəri fərdi qaydada öz namizədliklərini irəli sürmək istəklərini ifadə ediblər”, – Quliyev deyib.
Onun sözlərinə görə, seçkilərin başlanması elan edildikdən sonra onlardan bəziləri koalisiya tərkibində çıxış edə bilərlər.
Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.
Şura sədri qeyd edib ki, qanunvericiliyə görə Azərbaycanda QHT-lər siyasi fəaliyyətlə məşğul ola bilməzlər və bu təşkilatın nümayəndələri namizədliklərini fərdi qaydada irəli sürürlər.
Gələn həftə Azərbaycanda seçki kampaniyasına rəsmi start veriləcəyi gözlənilir./Trend/