Azərbaycanda elə bir insan yoxdur ki, öz fikirlərini bölüşərkən hansısa maneə ilə üzləşsin.
Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
O bildirib ki, Azərbaycanda 1998-ci ildə ulu öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olaraq mətbuat üzərindən senzura götürülüb:
“Azərbaycan MDB dövlətləri arasında senzuranı ləğv edən ilk ölkədir. Bu gün Azərbaycan mətbuatı hərtərəfli tələblərə cavab verən qanunvericilik bazasına malikdir. Bütün bunlar hamısı ulu öndərin şəxsi təşəbbüsü ilə həyata keçirilib”.
Ə.Amaşov əlavə edib ki, Azərbaycan mətbuatının banisi olan Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetini bu gün də vərəqləyərkən orada gündəmlə səsləşən fikirlər görmək olur.
Qeyd edək ki, 3 may – Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə ölkənin aparıcı media nümayəndələri Fəxri Xiyabanda Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edib.
Trend: