Ədəbiyyatın inkişafına təkan vermək, yeni yazarları və onların əsərlərini oxuculara təqdim etmək daim qəzet və jurnalların da ümdə missiyalarından biri olub. Mətbuat tariximizə nəzər salanda da bunu görmək olar. Bir sıra qəzetlər və jurnallar XX əsrin əvvəllərində ədəbiyyatın və ədəbiyyat nümayəndələrinin tanınmasına, inkişafına təkan olub. Əli bəy Hüseynzadənin rəhbərlik etdiyi “Həyat”, Əhməd bəy Ağaoğlunun əsasını qoyduğu “İrşad” qəzeti bu missiyanı çox gözəl həyata keçiriblər. Bu gün də bir sıra aparıcı qəzetlər öz səhifələrində ədəbiyyata ayrıca yer ayırmaları ilə fərqlənir. Modern.az saytı bu istiqamətdə apardığı kiçik araşdırmanı təqdim edir.
Siyahının əvvəlində təbii ki, “525-ci qəzeti” göstərmək olar. Ədəbiyyat əlavəsi olmasa da şənbə günü buraxılışı demək olar ədəbiyyat və sənət məsələlərinə həsr olunur. Qəzet əsası qoyulandan bu günə qədər Azərbaycan ədəbiyyatının tanınmış və gənc imzaları ilə əmkədaşlığını davam etdirir. Qəzetin redaktoru, yazıçı Yaşar da bu detalı xüsusi vurğulayır: “Azərbaycanda siyasi qarşıdurmaların gərgin vaxtlarında, oxucuların da daha çox siyasi yazılar tələb etdiyi bir zamanda “525-ci qəzet” öz oxucu kütləsini itirməkdən ehtiyatlanmayaraq ədəbiyyata geniş yer verdi. Birinci dəfə ədəbiyyata geniş yer verən qəzet “525-ci qəzet” olub. Bu gün də “525-ci qəzet”in müəllifləri arasında Azərbaycanın görkəmli şairləri, yazıçıları var. “525-ci qəzet” ədəbiyyata yer ayırmaqla öz qəzetçilik missiyasını həyata keçirib. Ədəbiyyata yeni gələn gənclərə də kifayət qədər təsiri olub. Bu gənc yazarlar özləri də etiraf edirlər ki, daim izlədikləri və ədəbiyyata faydalı mətbuat orqanlarından biri də “525-ci qəzet”dir. Bizdən başqa bir neçə qəzet də əsaslı şəkildə ədəbiyyatla məşğul olur. Əvəllər “Yeni Azərbaycan” qəzetində də ədəbiyyat əlavəsi var idi. Çox maraqlı idi. İndi, deyəsən, buraxılmır.”
“Kaspi” qəzeti də bu ənənəyə sadiq qalır. İlk sayları Əlimərdan bəy Topşubaşov tərəfindən buraxılan bu qəzet o zamanki ənənəsinə xilaf çıxmayaraq əsas ideoloji və estetik təsir vasitələrindən olan ədəbiyyata indi də yer ayırır. Hər həftənin şənbə günü isə qəzet xüsusi ədəbiyyat əlavəsi ilə işıq üzü görür: Qəzetin baş redaktoru Natiq Məmmədli də ədəbiyyatın inkişafına hər zaman təkan verdiklərini qeyd edib: “Ədəbiyyat” əlavəsinin nəşri birinci növbədə qəzetin oxucularının genişlənməsinə və marağına səbəb oldu. Həftəsonu çıxan nömrələrimizin tirajının gündəlikdən çox olması bu marağın nəticəsidir. “Kaspi” ədəbiyyat əlavəsi ilə yanaşı hər il bir sıra müsabiqələr də keçirir. Gələn həftə Məmməd Arazın 80 illiyi ilə bağlı müsabiqənin yekunlarına həsr olunan kitabın təqdimat mərasimini keçirəcəyik. Ümumiyyətlə, bu vaxta kimi ədəbiyyat və mətbuata həsr olunan 9 kitab nəşr etmişik. Ədəbiyyata yer ayırmaq həm də qəzetin tarixi missiyasından irəli gəlir.”
Onu da qeyd edəki ki, hazırki aparıcı qəzetlərin bir qismi öz ədəbiyyat əlavəsini ləğv edib. Problem kimi bir sıra səbəblər gösətərilir. Ən öndə gələn səbəb isə təbii ki, maliyyə problemi qeyd edilir. Məsələn, “Xalq qəzeti” və “Yeni Azərbaycan” qəzetləri ədəbiyyat və sənət mövzularını əhatə edən əlavələrini daha nəşr etmirlər. Bu məqsədlə “Xalq qəzetinin” baş redaktor müavini Tahir Aydınoğlu ilə əlaqə saxladıq. O, əlavənin sırf maliyyə probleminə görə bağlandığını qeyd edib: “Əlavə 1996-98-ci illərdə çıxırdı. “Cümə” əlavəsi adlanırdı, lakin özünü doğrultmadı. Çox yaxşı qarşılansa da və “Xalq qəzeti”nin imicinə müsbət təsir etsə də maliyyə baxımından özünü doğrultmadı. Mahal İsmayıloğlu baş redaktor olan zaman bu “Cümə” əlavəsi ədəbiyyat və sənət məsələlərinə aid mövzulara toxunurdu. Amma heyif ki, davam etmədi. İndi bu işi “525-ci qəzet” böyük uğurla həyata keçirir. “
“Yeni Azərbaycan” qəzetinin əvvəllər nəşr olunan ədəbiyyat əlavəsində tanınan şəxslər – Murad Köhnəqala, Şərif Ağayar və Xanəmir Telmanoğlu çalışıb. Lakin uzun müddətdir bu qəzet də ədəbiyyat əlavəsini ixtisara salıb. Hazırda maliyyə problemi içində boğulan müxalifyönlü “Azadlıq” qəzetinin də bir vaxtlar ədəbiyyat əlavəsi olurdu. Şair Mahir Mehdi və digərləri həmin əlavəyə cavabdehlik daşıyıblar.