Modern.az Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı bir sıra problemləri qabartdı. Onlardan biri də güneyli yazıçıların Azərbaycan Respublikasında az tanınmasıdır. AYB-in müvafiq şöbəsinin rəhbəri Sayman Aruz da bu məsələdə ciddi iradlar səsləndirib. O, ilk növbədə güneyli yazıçıların Azərbaycan ədəbi nəşrlərində və saytlarında az təbliğ olunduğunu dilə gətirib.
“Ulduz” jurnalının baş redaktoru Elçin Hüseyinbəyli Modern.az-a açıqlamasında bildirib ki, bu mövzu çox böyük təhlil tələb edir.
“Mən bu saat ona cavab verməyə hazır deyiləm. Bir baxış kimi deyə bilərəm ki, “Ulduz” jurnalında, həm də “Azərbaycan” jurnalında güney yazarlarına mütəmadi olaraq yer verilib. Cənub şöbəsinin rəhbəri Sayman Aruz 6-7 yazarı bizə təqdim etmişdi. Biz də onları çap etdik. Adlarını çəkə bilməyəcəm, çünki yadımda deyil. Təkcə Məlihə Əzizipur yadımda qalıb. Biz onları geniş planda təqdim etdik. Güneyin azadlığı məsələsinə, yəni siyasi-ideoloji məsələyə qalanda isə biz İranın daxili siyasətinə qarışa bilmərik. Düşünürük ki, İranda yaşayan 40 milyona yaxın Azərbaycanlının ana dilində məktəbləri dərslikləri olmalıdır. Əlifba islahatları haqqında da söz-söhbət gedirdi . Onların əlifbası da hardasa bizə oxşar olmalıdır. Ancaq bu çox problemli məsələdir. Bundan ötrü İranda hansısa ciddi dəyişikliklərin baş verməsi lazımdır. Yəni İranın dini dövlətdən demokratik dövlətə keçməyi lazımdır.
Onlara verə biləcəyimiz dəstək ondan ibarət olar ki, onların kitablarını çap edə bilərik və eyni zamanda öz əsərlərimizin orda çapına imkan yarada bilərik. Mənim iki kitabım hazırda orda çapa hazırlanır. Biz heç bir qonorar ummuruq. Vaxtilə Səlim Babullaoğlunun başçılıq etdiyi Dünya ədəbiyyatı şöbəsi də cənub yazarlarına yer verirdi”.
“525-ci qəzet”in redaktoru Yaşar: “Əvvəllər cənub yazarlarının əsərlərini əsasən “525-ci qəzet” verirdi. Son vaxtlar müraciət edən yazarların əsərlərini də məmnuniyyətlə seçir və çap edirik. Sonuncu dəfə bir neçə il bundan qabaq vermişik. Amma hazırda bu proses zəifləyib. Həm də Güney Azərbaycan yazarları arasında xatırlaya biləcəyim parlaq imza yoxdur. Mənim şəxsi fikrimə gəlincə, güney Azərbaycan yazarları bir azərbaycanlı kimi mənim üçün maraqlıdır. Orda heç vaxt böyük poeziya, böyük nəsr axtarmıram. Doğrusu, heç görməmişəm də. Ola bilər mən görmədiklərimin içində böyük ədəbiyyat var, amma mən gördüklərimdən danışıram. Onların arasında yadımda qalan parlaq imza yoxdur. Bircə Nasiri yadımda qalıb”.
Rəbiqə Nazimqızı (azlit.az ədəbi portalının baş redaktoru): “Ümumiyyətlə, son vaxtlar portalla məşğul olmağa vaxtım və həvəsim olmur, prinsipcə, mən yalnız mənə göndərilən mətnlərin arasından seçirəm materialları, çünki sayta əməkdaş cəlb etmək üçün maddi vəsait yoxdur, vaxt olandan-olana nəsə yerləşdirirəm, cənub ədəbiyyatına heç bir qadağa yoxdu təbii, amma onlardan sən deyən o qədər də çox mətn almırıq… Gələcəkdə, yəqin ki, sentyabra doğru sayt üzərində ciddi iş gedəcək və cənub ədəbiyyatı da burada geniş işıqlandırılacaq”.
Qan Turalı (kulis.az saytının baş redaktoru): “Azərbaycan dilinin yarandığı areal əslində Azərbaycan ədəbiyyatının yarandığı arealdır. Əslində ədəbiyyatla dili bir-birindən ayırmaq olmaz. Reallıq ondan ibarətdir ki, Cənubi Azərbaycan arasında ədəbi əlaqələr o qədər də ürəkaçan səviyyədə deyil. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblərdən biri budur ki, İran Konstitusiyasının verdiyi hüquq – ana dilində təhsil hüququ var. Bu hüquq etnik azlıqlara verilir. Lakin Cənubi Azərbaycanlılar orada etnik azlıq deyil. Say etibarilə ən aparıcı etnos elə onlardı. Məhz, Azərbaycan dilində təhsil hüquqları olmadığından onların Azərbaycan ədəbiyyatını, dilini, tarixini öyrənmək imkanları çox məhduddur. Ona görə də bu məhdudiyyətlər səbəbindən onların ana dilində yaxşı əsər ortaya qoymaq imkanları çox çətindir. XX əsrin əvvəllərində Şimali Azərbaycanda təhsil alan güneylilər bu dildə daha gözəl əsərlər yazırdı. Bu da son nəticədə ona gətirib çıxarır ki, Güney Azərbaycan ədəbiyyatı adından ortaya qoyulan əsərlər çox zəif alınır. Bunun da səbəbi bu işdə həvəskarların olmasıdır. Azərbaycanın rəsmi mətbuat orqanlarında Cənubi Azərbaycan adına əsərlər verilir ki, bunlar da o qədər də yüksək səviyyəli olmur. Ona görə də biz onları öz saytımızda vermirik. Amma yaxşı yazan gənclər də var. Problem isə onların daha çox fars dilindən istifadə etməsidir”.