Azərbaycan hökuməti “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, bu qaydalar Azərbaycan vətəndaşlarının xarici ölkələrin təhsil müəssisələrində, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra – əcnəbilər) tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsilin bütün pillə və səviyyələri üzrə Azərbaycan Respublikasının təhsil müəssisələrində, həmçinin ali təhsilin doktorantura səviyyəsi üzrə elmi tədqiqat müəssisələrində və tibb təhsilinin rezidentura səviyyəsi üzrə klinik bazalarında (bundan sonra – təhsil müəssisələri) təhsil almasına dair ümumi tələbləri müəyyən edir.
Bu Qaydalar Azərbaycanda daimi yaşayan əcnəbilərə şamil edilmir. Həmin şəxslər ölkə daxilində Azərbaycan vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, əcnəbilərin Azərbaycan Respublikasının xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur.
Qaydalara əsasən əcnəbilər təhsil sahəsində Azərbaycan ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota, təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar, təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr, təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr, təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr, Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında həyata keçirilir.
Əcnəbilər Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında iştirak etdikləri halda, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən etdiyi sənədləri təqdim etməlidirlər.
Doktorantura və dissertantlıq yolu ilə təhsil almaq üçün müraciət edən əcnəbilər “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 7.3-cü bəndində müəyyən edilmiş sənədləri təqdim etməlidirlər.
Qeyd olunan əsaslarla Azərbaycanda təhsil almaq üçün müraciət edən əcnəbilər seçdikləri təhsil müəssisəsinə aşağıdakı sənədləri təqdim etməlidirlər:
seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər);
əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış(və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);
sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
etibarlı sərhədkeçmə sənədi;
3×4 ölçüdə 6 ədəd fotoşəkil;
tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);
fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).
Əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə səviyyəsi seçdikləri təhsil müəssisəsi tərəfindən yoxlanılır və təhsil müəssisəsinin müəyyən etdiyi tələblərə uyğun gəldikləri halda onların təhsil müəssisəsinə qəbulu rəsmiləşdirilir. Tədrisin ingilis dilində aparıldığı ixtisaslar üzrə təhsil almaq istəyən əcnəbilər ingilis dili üzrə beynəlxalq imtahan formalarının birindən yetərli bal topladığı halda (bakalavriat səviyyəsi üçün IELTS 5.0 bal, TOEFL 40 bal, sonrakı təhsil səviyyələri üçün IELTS 5.5 bal, TOEFL 50 bal), dil biliklərinin yoxlanılmasından azad olunurlar.
Aşağıdakı kateqoriyalardan olan əcnəbilər tədris dilini dəyişmədiyi halda, dil biliklərinin yoxlanılmasından azad olunurlar:
Azərbaycan Respublikasının təhsil müəssisəsində təhsil alıb növbəti təhsil pilləsində və ya səviyyəsində təhsil almaq üçün müraciət edənlər;
yerləşdiyi dövlətin qanunlarında nəzərdə tutulmuş tələblərə cavab verən təhsil müəssisələrinin əvvəlki təhsil səviyyəsi üzrə məzunları.
Azərbaycanda təhsil alan əcnəbilər təhsil müəssisələrindən xaric edildikdə, təhsil müəssisəsi 3 (üç) iş günü ərzində bu barədə Təhsil Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir.