Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 “Çağrı mərkəzi”nə edilən müraciətlərin 92,1 faizi sorğu xarakterli olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin sentyabr ayında ƏƏSMN-nin 142 “Çağrı mərkəzi”nə ümumilikdə 9567 müraciət daxil olub.
Müraciətlərin 3517-si (36,7%) sosial təminat, 2266-sı (23,7%) əmək qanunvericiliyi, 2016-sı (21,1%) ƏƏSMN-nin elektron xidmətlərindən istifadə, 1058-i (11,1%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası və 710-u (7,4%) məşğulluq məsələlərini əhatə edib.
“Çağrı mərkəzi”nə daxil olan müraciətlərdən 92,1 faizi nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə əlaqədar sorğu xarakteri daşıyıb və hər bir sorğuyla əlaqədar vətəndaşlara ətraflı hüquqi izahatlar verilib. Digər müraciətlərdə isə vətəndaşların təklif və şikayətləri, onların əmək və ya sosial təminat növləri üzrə hüquqlarının müəyyən edilməsi və s. məsələlər ifadə olunub və belə müraciətlər araşdırılması üçün müraciət vərəqəsi əsasında nazirliyin aidiyyəti struktur bölmələrinə təqdim olunub.
Son aylarda “Çağrı mərkəzi”nə digər bir sıra məsələlərlə yanaşı, sosial təminat, o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciətlərin sayı da azalmaqda davam edib. Belə ki, ötən ay bu məsələlərlə bağlı müraciətlərin sayında cari ilin iyul ayı ilə müqayisədə 16,2 faiz, avqust ayı ilə müqayisədə isə 5 faiz azalma müşahidə olunub.
Bununla yanaşı, ƏƏSMN-nin elektron xidmətlərindən istifadə məsələləri ilə əlaqədar müraciətlərin sayı cari ilin iyul ayı ilə müqayisədə 55,7 faiz, avqust ayı ilə müqayisədə 41 faiz çoxalıb ki, bu da nazirliyin e-xidmətlərindən istifadəyə marağın mütəmadi olaraq artmasından xəbər verir.
Ümumilikdə, cari ilin yanvar-sentyabr aylarında ƏƏSMN-nin 142 “Çağrı mərkəzi” tərəfindən 78940 müraciət cavablandırılıb.
Trend.az