Əli Həsənov: Prezident İlham Əliyev dövlət dilinin saflığının qorunmasını Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir

Prezident İlham Əliyev dövlət dilinin saflığının qorunmasını Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə həsr olunmuş konfransda deyib.

Ə.Həsənov qeyd edib ki, hər bir dövlət öz dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərməlidir: “Azərbaycan dili əsas dövlət atributlarımızdan biridir. Ana dilimiz azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun siyasi və sosial-mədəni dayağıdır. Əvvəla ona görə ki, Azərbaycan dili həm müstəqil dövlət kimi getdikcə güclənən ölkəmizdə, həm də dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın ünsiyyət vasitəsi və onların mənəvi doğmalığının əsasıdır. Bu dil nə qədər saf və zəngin olarsa, mənəvi varlığımızı dolğun ifadə edərsə, milli birlik də bir o qədər möhkəm və sarsılmaz olar. İkincisi, dövlət dili rəngarəng etnik və konfessional tərkibə malik müstəqil Azərbaycanın bütün vətəndaşlarının ürəkdən qəbul etdiyi və birləşdirici rol oynayan nadir mədəni-sosial fenomendir. Başqa sözlə, dövlət dili respublikamızda bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizmin vəhdətini təmin etməyə, yəni azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan verir. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir”.

Prezidentin köməkçisi bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin xalqımızın ictimai-siyasi və mənəvi həyatında rolunu çox yüksək qiymətləndirib: “Əlbəttə, Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Lakin hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər xüsusilə əlamətdar olub. Təkcə onu qeyd etmək kifayətdir ki, ulu öndərin prinsipial mövqeyi sayəsində Moskvanın etirazlarına baxmayaraq, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndərin adı ilə bağlıdır. 1995-ci ildə onun rəhbərliyi ilə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas atributlarından biri olaraq təsbit edilib”.

Ə.Həsənov deyib ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev ardıcıl surətdə davam etdirir: “Azərbaycan Prezidenti hazırda dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 12-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir”.

PA rəsmisi əlavə edib ki, ölkə başçısı dövlət dilinin tətbiqi dairəsinin genişləndirilməsi və saflığının qorunmasını hazırda Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir: “Müasir dövrdə geniş vüsət alan qloballaşma prosesinin dövlət dilinin istifadə sahəsindən də yan keçmədiyini, fasiləsiz təkmilləşən informasiya-kommunikasiya sistemlərinin, texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsinin, maneəsiz informasiya mübadiləsi imkanlarının artmasının dövlət dilini zənginləşdirməklə yanaşı, mənfi təsirlərə də məruz qoyur. Bu hallar həm cəmiyyətdə, həm də onun güzgüsü olan mətbuatda özünü qabarıq büruzə verir. Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq, Prezident İlham Əliyev 2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncam imzalayıb”.

O bildirib ki, aidiyyəti qurumlar, o cümlədən dövlət orqanları, akademik dairələr dilimizdə yad təsirlərə qarşı ciddi mübarizə aparmırlar: “Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir”.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi də 2012-ci ildə imzalanmış həmin sərəncamda xüsusi qeyd olunub: “Təəssüf ki, Prezident sərəncamında sadalanan nöqsanlar bu gün də tam aradan qaldırılmayıb. Ona görə də cənab Prezident dövlət dilinin istifadə dairəsinin genişləndirilməsi və saflığının qorunması sahəsində mövcud olan problemlərin mütəmadi olaraq öyrənilməsi, monitorinqinin aparılması və aradan qaldırılması məqsədilə 1 noyabr 2018-ci ildə yeni bir fərman imzaladı. Artıq müəyyən monitorinq aparılıb və düşünürəm ki, mütəxəssislərin iştirakı ilə monitorinqin nəticələri peşəkarcasına təhlil edilərək lazımi nəticələr çıxarılacaq”.

Trend:

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO