Zərdablı jurnalistləri Zərdabın hansı problemləri narahat edir?

Media nümayəndələri icra başçısı və deputatın fəaliyyətinə fərqli qiymətlər verdilər

Modern.az saytının “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsinin bu dəfəki ünvanı Zərdab rayonu oldu. Bu həftə Zərdabdan olan jurnalistlər rayonun iqtisadi vəziyyəti, inkişaf və problemləri, əhalinin məşğuliyyəti barədə danışdılar.

“Zərdabda kəndli öz məhsulunu satmaq üçün bazar tapa bilmir”

İlk müsahibimiz “Mədəni-Maarif” jurnalının şöbə müdiri Zabit Cavadovdur. Rayonun iqtisadi vəziyyətini qiymətləndirən Z.Cavadov bildirdi ki, Zərdab artıq intibah dövrünü yaşayır.

“Rayonun icra başçısı Lütfəli Babayev öz yerlimizdir. O, Zərdaba icra başçısı təyin olunandan sonra rayonda çox işlər görüb. Küçələr abadlaşdırılıb, rayon mərkəzində Heydər Əliyev mərkəzi, eləcə də eyni adlı park açılıb. Bundan əlavə, İcra Hakimiyyətinin yeni 5 mərtəbəli binasını inşa etdirib”.

Z.Cavadov Zərdabda əhalinin yaşayış səviyyəsinin yaxşılaşdığını, rayonda qaz, eləcə də elektrik xətlərinin çəkilişinin qurtardığını qeyd etdi. “Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı çərçivəsində rayonda xeyli iş görülüb. Rayon mərkəzində, eləcə də kəndlərdə yollar çəkilib, asfaltlanıb. Əvvəllər Zərdabı su aparırdı. Amma bəndvurma işləri indi elə aparılıbdı ki, Kür daşqınları zamanı camaata heç bir evə ziyan dəyə bilməz. Bu da bizim indiki icra başçısının əməyinin hesabınadır”.

Həmkarımızın sözlərinə görə, Zərdabda əsas problemlərdən biri kəndlinin əkib-becərdiyi məhsulun satışı üçün bazarın olmamasıdır.

“Amma bu o demək deyil ki, Zərdabda problemlər yoxdur. Azərbaycanda problemlər olduğu kimi, burada da var. Kənd təsərrüfatında istehsal olan məhsulların bazara çıxarılması böyük problemdir, çünki rayon dəmir yolundan uzaqdadır, maşınla da daşınarkən məhsulun maya dəyəri baha başa gəlir. Bundan əlavə, Zərdabda torpaq bölgüsü düzgün aparılmayıb. Məsələn, bir uşağı olanın 20 sot torpağı varsa, 2 uşağı olanın 10 sotu var. Rayonda əsas narazılıqlardan biri məhz bununla bağlıdır”.

Zabit Cavadov Zərdabda əhalinin əsasən maldarlıq və taxılçılıqla məşğul olduğunu qeyd etdi. “Bununla yanaşı, özəl sektorda, dövlət işlərində, tikinti təşkilatlarında fəhlə işləyənlər də var”.

O, rayonun təhsil və səhiyyə sistemindən danışarkən qeyd etdi ki, Zərdabda təhsil o dərəcədə yüksəkdir ki, bu il 3-4 abituriyent 600-dən çox bal toplayaraq ali məktəbə qəbul olunub.
“Ali və ya orta ixtisas təhsilli müəllimlərin sayı da qənaətbəxşdir. Heydər Əliyev Fondu hesabına rayon kəndlərində yeni məktəblər, eyni zamanda yardımçı binalar tikilir.

Təhsillə yanaşı, səhiyyənin də səviyyəsi yaxşıdır. Rayonda adambaşına düşən həkimlərin sayı da çoxdur”.

“Zərdab aran rayon olduğu üçün bura turizmdən bir qədər uzaq düşüb” deyən Zabit Cavadov deputat barədə öz fikirlərini bildirdi.

“Jalə Əliyeva ikinci dəfədir ki, bizim rayondan millət vəkili seçilir. Jalə xanım hər zaman Zərdabda olur, seçiciləri ilə maraqlanır, buna görə bütün əhali də ondan razıdır”.

“Kəndlərin mavi yanacaqla təmin olunmasında çox ciddi problemlər var”

“Zaman-Azərbaycan” qəzetinin şöbə müdiri Nicat İntiqam rayonlarda gedən inkişafın Zərdaban da yan keçmədiyini bildirdi.

“Rayonda müəyyən qədər inkişaf var, amma hesab edirəm ki, bu inkişaf daha sürətli ola bilərdi. Çünki Zərdabda inkişafı sürətləndirmək üçün kifayət qədər geniş imkanlar var. Bu imkanlardan biri odur ki, rayon rəhbərliyi tanınmış şirkətlərə müraciət edib, onların Zərdabda filiallarının açılması üçün şərait yarada bilər. Bunun üçün rayonda həm kifayət qədər işçi qüvvəsi, həm də şərait var. Həmin şirkətlərin filiallarının açılması ilə yeni iş yerlərinin sayını artırmaq olar”.

Həmkarımız deyir ki, bir neçə il əvvəl rayon mərkəzi, eləcə də kəndarası yollar bərbad vəziyyətdə idisə, son illər bu istiqamətdə müəyyən işlər görülür:

“Kürdə baş vermiş daşqınlar nəticəsində rayonda dağılmış evlər yeniləri ilə əvəz olunur. “Dördyol” deyilən yerdə daşqınlar nəticəsində evləri dağılmış insanlar üçün evlər tikilir və hal-hazırda bu proses davam edir. Bildiyim qədər evlərin tam tikilib təhvil verilməsi mart ayında başa çatacaq və deyəsən prezident İlham Əliyevin də həmin açılışda iştirak edəcəyi gözlənilir”.

Vaxtilə rayon əhalisinin bir hissəsinin Mingəçevir və Bakıya köçdüyünü xatırladan N.İntiqam bunun səbəblərini belə izah etdi:

“Bu proses Sovet dövründən davam edir. Mingəçevir Zərdaba yaxın olduğundan insanlar ora yeni iş yerlərinin dalınca gedib. Müstəqillik dövründən sonra isə rayon əhalisi daha çox Bakı şəhərinə gəlməyə başladı. Rayondan əhalinin belə kütləvi şəkildə çıxmasını təkcə iş yerləri ilə bağlamazdım, bu insanların yaxşı şəraitdə yaşamaq istəklərindən irəli gəlir”.

Müsahibimiz rayonda əhalinin heyvandarlıq və əkinçiliklə məşğul olduğunu bildirdi, eyni zamanda Zərdabın qaz, işıq problemlərindən danışdı.

“2003-ci ildən rayonun mərkəzinə və kəndlərinə elektrik enerjisinin fasilərlə verilməsi aradan qalxıb. Nadir hallarda elektrik enerjisinin verilişində fasilələr olar. Halbuki, əvvəllər səhər saat 11.00-da işıqlar keçər, bir də axşam saat 18.00-da yanardı və artıq kənd sakinləri də buna adət eləmişdi.

Rayon kəndlərinin mavi yanacaqla təmin olunmasında isə çox ciddi problemlər var. Ümumiyyətlə rayon mərkəzi və mərkəzə yaxın kəndlər istisna olmaqla kəndlərin heç birinə qaz xətləri çəkilməyib. Bildiyim qədər regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində 2013-ci ilə qədər Zərdab rayonun kəndlərinin mavi yanacaqla təmin olunması prosesinin başa çatdırılacağı gözlənilir. Qaz olmayan kəndlərdə evlər odun sobası ilə qızdırlır”.

Nicat İntiqam rayonda yeni məktəblərin tikintisinin aparıldığını və tədrisin əla səviyyədə olduğunu dedi:
“Kəndlərdə yeni məktəblərin tikintisi davam edir. Mənim doğulduğum Qoruqbağı kəndində bir neçə il öncə Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə yeni məktəb tikilib istifadəyə verilib. Rayon rəhbərliyinin Təhsil Nazirliyinə müraciətindən sonra isə kəndimizdə yeni bağçanın tikintisinə başlanılıb. Ümumiyyətlə, son illər Zərdabda ali məktəblərə qəbul olanların sayı artıb”.

Həmkarımız təhsildə olan inkişafın səhiyyə sahəsində hiss edilmədiyindən təəssüfləndi.

“Dövlət başçısının sərəncamı ilə rayonlarda xəstəxanaların tikintisi üçün maliyyə vəsaiti ayrılır. Yaxşı olardı ki, Zərdabda da Mərkəzi xəstəxanın tikintisi üçün maliyyə vəsaiti ayrılsın. Bir zərdablı kimi bunu çox vacib hesab edirəm. Amma deməzdim ki, rayonumuzda xəstəxana bərbad vəziyyətdədir. Hər halda, bizim xəstəxanalar bölgələrdə tikilmiş, müasir avadanlıqlarla təmin olunmuş, müasir standartlara cavab verən, yüksək keyfiyyətlə xidmət göstərən tibb mərkəzləri ilə müqayisədə geri qalır. Ümid edirəm ki, belə xəstəxanalardan biri bizim rayonumuzda da tikiləcək. Bunun üçün orada fəaliyyət göstərə biləcək ixtisaslı kadrlar da var”.

N.İntiqam onu da qeyd etdi ki, Zərdabda da olimpiya kompleksinin tikilməsini istəyir.
O, rayon camaatının Zərdabdan olan icra başçısından razı olduğunu bildirdi.

“Bir neçə il öncə rayonda şəhid ailələrinin icra başçısının onları qəbul etməməsindən, onların problemlərinə qulaq asmamasından narazılıqları var idi. Amma indi bu münasibətlər dəyişilib. Yeni icra başçısı Lütfəli Babayev Zərdab rayonundandır. O gələndən sonra şikayətlərin də sayı azalıb.

Həftənin bir günü İcra Hakimiyyətində qəbul keçirilir. Həmin gün kənd icra nümayəndələri, bələdiyyə sədri, İcra Hakimiyyətinin başçısı və onun müavinləri ilə bir yerdə toplantı olur. Toplantıda insanlar şikayətlərini, problemlərini bildirir və başçı da yerindəcə göstərişlər verir ki, bu məsələ ilə maraqlansınlar”.

Həmkarımızın sözlərinə görə, rayon camaatının Zərdabdan seçilən millət vəkili Jalə Əliyevadan da narazılıqları yoxdur. “Rayona tez-tez gedib-gəlirəm, Jalə xanımla bağlı şikayət eşitməmişəm. Hər halda Jalə xanımın buradan ikinci dəfə yüksək səs toplayaraq deputat seçilməsi bir daha insanların ona olan inamından xəbər verir. Jalə xanım şikayətlərin heç birini cavabsız qoymur, çalışır həll etsin”.

Nicat İntiqamın Zərdab rayonundan olan jurnalistlərə müraciəti oldu.

“Bizim rayonumuzda doğulan jurnalistlər Bakıya gələndən sonra rayonlarını unudurlar. Amma mən hesab edirəm ki, belə olmamılıdır. Zərdablı jurnalistlərin sayı elə də çox deyil. Düzdür müxtəlif qurumlarda çalışan şəxslər var, amma jurnalistlərin, xüsusilə gənc jurnalistlərin sayı azdır. Ona görə rayonda görülən işləri, eləcə də rayon camaatının hansısa problemlərini gündəmə gətirmək üçün bizim jurnalistlər bir-birlərinə qarşı daha ünsiyyətcil, mehriban olmalıdır ki, qaldırdığımız məsələlərdə öz efektiv həllini tapsın”.

“Zərdabda əhalinin dolanışığı elə də yüksək deyil…”

“Zərdabda son iki ilə qədər inkişaf müşaiyiət olunmurdu, amma son iki ildə rayon hərtərəfli inkişaf edir”-deyə “Çempion” qəzetinin redaktoru Ruslan Sadıqov qeyd etdi.

“Son iki ilə qədər inkişaf o qədər zəif idi ki, adama elə gəlirdi Azərbaycanda Zərdab adında rayon yoxdur. Amma son iki ildə xeyli irəliləyişlər müşahidə olunur. Rayonun işığı, suyu, qazı var. Yollar çəkilib, asfaltlanıb. Kür daşqınları zamanı evləri su altında qalan insanlar üçün yeni evlər tikilib. Əllilərə mənzillər verilib. Yəni Zərdabda artıq əhaliyə baxılır”.

Zərdabın kəndlərində qaz, işıq, yol problemlərinin həll olunduğunu bildirən həmkarımız rayon əhalisinin əsasən maldarlıqla məşğul olduğunu dedi: “Rayon əhalisindən özəl sektorda, firmalarda işləyənlər var. Amma dolanışıq rayonda elə də yüksək səviyyədə deyil”.

R.Sadıqov rayonun təhsil, səhiyyə sistermi barədə fikirlərini qeyd edərkən pproblemlərə toxunub:

“Təhsildə problemlər var. Zərdabda təmirsiz orta məktəblər çoxdur. Müəllim çatışmazlığı özünü göstərir. Bununla yanaşı, şagirdlər burda təhsilə yiyələnə bilirlər, çünki hər il dövlət imtahanlarında zərdablı şağirdlər yüksək bal toplayırlar.

Səhiyyə sahəsindən elə də məlumatım yoxdur. Zərdabda mən biləni səhiyyə xidməti elə də yüksək səviyyədə deyil”.

Ruslan Sadıqov icra başçısı və rayondan seçilən deputatın əhali ilə münasibətlərindən danışarkən bunları qeyd etdi.

“Rayonun icra başçısı zərdablıdır. Bir-iki olar ki, Mingəçevirdən gəlib. Dövlət son bir-iki ildə Zərdaba daha çox qayğı göstərir, yəqin ki, bu da rayonun icra başçısının fəaliyyətinə yazılmalıdır. Rayondan seçilən deputat Jalə Əliyevanın seçiciləri ilə maraqlanıb-maraqlanmdığı barədə isə informasiyam yoxdur”.

“Rayon icra başçısı yalnız öz cibini güdür, deputat da seçicilərlə maraqlanmır”

“Reytinq” qəzetinin əməkdaşı Bahar Rüstəmli digər həmkarlarından fərqli olaraq Zərdabda vəziyyətin çox pis olduğunu bildirdi.

“Orada “inkişaf var” deyənin ən azından qulağını kəsərlər. Rayonda nə qaz, nə işıq var. İnsanlar içməli suyu maşınla gətirir. Kür qırağında olan bir rayon üçün maşınla su gətirmək nə dərəcə də düzgündür? Qaz xətləri ancaq rayonun mərkəzinə və mərkəzə bitişik kəndlərə çəkilib. O da hələ tam çəkilməyib. İnsanlardan pul yığılıb, amma qaz xətlərinin çəkilişi başa çatmayıb. Zərdabda 45 kənd var, onların hardasa 43-də qaz yoxdur.

Yollar da bərbad vəziyyətdədir. Rayona gedəndə “Dördyol” deyilən ərazidə qalırsan, heç bir maşın səni kəndə aparmır ki, ora gedəndə batıb qalar”.

B.Rüstəmli icra başçısının fəaliyyətini belə qiymətləndirdi:

“Rayona gələn icra başçıları ancaq özlərini düşünür, öz ciblərini güdürlər. Zərdabda nə bir zavod, nə bir müəssisə tikdirirlər”.

Həmkarımız rayon əhalisinin əsasən əkib-becərməklə dolandığını qeyd etdi.

“Son vaxtlar qiymətlər qalxdığı üçün insanlar artıq əkib-becərməkdən də çəkiniblər. Çünki məhsulun satışı maya dəyərini ödəmir. Bu dəqiqə insanların ümidi ünvanlı sosial yardım və pensiyadır. Bir də əhalinin yarısı yaşı çatmasa da, xəstəlik kağızı düzəltdirir ki, ayda heç olmazsa azacıq pensiya-müavinət ala bilsin. Əhalinin dolanışığı pis vəziyyətdədir”.

B.Rüstəmli Zərdabdan iki dəfə millət vəkili seçilmək üçün namizədliyini verdiyini, ikinci dəfə isə heç qeydə alınmadığını bildirdi.

“Oradan iki dəfə namizədliyimi verdim ki, bəlkə nəsə edərəm, amma məni heç ikinci dəfə qeydə almadılar. Seçilən deputat da ki, əvvəlki 5 ildə heç olmazsa bir-iki dəfə rayona getmişdi, indi ümumiyyətlə getməyib. Əhalinin dolanışı heç kimi, nə yuxarı dairələri, nə də icra sturkturlarını maraqlandırır. İşləməyə şərait yoxdur. Kimin mağazaları varsa, kimsə alverlə məşğuldursa, gəliri olur, digər hallarda isə yox”.

“Zərdabda təhsil lap bəlalı yerlərimizdən biridir” deyən Bahar Rüstəmli şagirdlərin təhsil səviyyəsinin sıfır dərəcəsində olduğunu söylədi: “Tələbə qəbulunun nəticələrinə nəzər salanda görürsən ki, bir rayondan heç olmasa 30-40 nəfər ali və ya orta ixtisas məktəblərinə qəbul olur, amma son beş ildə bizim rayon lap acınacaqlı yerə düşüb. Məktəblərdə dərsər necə gəldi bölünür, dərs saatlarını tanışlıqla verirlər”.

Həmkarımızın fikrincə, rayonda səhiyyə xidmətinin vəziyyəti təhsildən fərlənmir.

“Adi qanın analizi üçün ya Göyçaya, ya Ağçəbədiyə, ya da Mingəçevirə getməli olursan. İndi təsəvvür edin ki, səhiyyə hansı səviyyədədir.

Bəzən deyirlər ki, səhiyyə üçün avadanlıqlar alınıb gətirilib. Avadanlıqlar alınıbsa, onda niyə adi qan analizi üçün 15-20 manat verib Göyçay rayonuna gedirlər?”.

Bahar Rüstəmli deyir ki, icra strukturlarında rəhbərlərin marağında yalnız bir şey var – müəllimlərin, dövlət qulluğunda çalışan işçilərin aylıq pulundan kəsmək, bələdiyyələrdən nəyin bahasına olursa, olsun pul qoparmaq, müəyyən tikinti adı ilə altında vəsait toplamaq.

Müsahibimiz Zərdabdan seçilən millət vəkili Jalə Əliyevanın seçiciləri ilə maraqlanmadığını vurğuladı.
“Rayondan olan jurnalist kimi Zərdaba gedəndə onun seçiciləri mənim yanıma gəlir ki, problemləri var. “Biz deputatımızı tapa bilmirik ki, dədimizi ona deyək. Lap desək də o bizim problemlərimizi eşitmir” deyirlər.

Halbuki, millət vəkili kimi arada rayona getməli, kəndlərdə olmalısan ki, seçicinin problemləri ilə maraqlanasan. Bu da təbii ki, həmin xanımın marağında deyil”.

Bahar Rüstəmli Zərdabın belə acınacaqlı vəziyyətə düşməsindən təəssüfləndiyini, hər dəfə doğma rayona gedəndə bir tərəfdən əzab çəkdiyini, bir tərəfdən də utandığını söylədi:
“Mətbuat Şurasının üzvləri də Zərdaba getdilər, orada bir neçə dəfə konfrans keçirdilər, yəni o rayonun nə vəziyyətdə olduğunu gördülər, bunun mənim ikinci dəfə deməyimə ehtiyac yoxdur. Rayona qonaq aparmağa utanıram ki. Çox istərdim ki, bizim rayona da dövlət büdcəsindən ayrılan pul kiminsə cibinə getməsin, sözün əsil mənasında kəndlərə, kəndlərdə yaşayan insanların vəziyyətinin yaxşılaşdırılmasına sərf edilsin”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO