Zərdabda milli mətbuatın 135 illiyi ilə bağlı konfrans keçirildi

Dünən Zərdabda “Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçılarını salamlayan Zərdab rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayev Həsən bəy Zərdabi irsinə verilən önəmin nümunəsi olan tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər” mövzusunda məruzə edib. Bundan sonra konfransda məruzə ətrafında çıxışlar və müzakirələr başlanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söhbət açıb. Mətbuat Şurası sədrinin müavini Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu diqqəti Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasına yönəldib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda 1993-cü ildən bəri media sahəsində həyata keçirilən dövlət siyasətinin mahiyyətcə mətbuatın saflığının qorunmasına jurnalistikamızın mütərəqqi ənənələrinin bərqərar olmasına yönəldiyi vurğulayıb.

Zərdabda çıxan “Əkinçi” qəzetinin redaktoru Üsaməddin Əhmədov rəhbərlik etdiyi nəşrin keçdiyi yoldan danışıb. Konfransda Həsən bəy Zərdabi nəslinin nümayəndələri də iştirak edib. Onlardan akademik Böyükkişi Ağayev Həsən bəyin və onun övladlarının ömür yolu barədə ətraflı məlumat verib. O Zərdabi irsinin öyrənilməsinə göstərilən önəmə və bu irsin yüksək tutulmasına görə dövlət başçısına minnətdarlığını bildirib.

Çıxış edənlərdən Kürdəmir Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ağəli Kərimov “Xocavənd” qəzetinin redaktoru Gültəkin Ağayeva və başqaları Azərbaycanda mediaya dövlət qayğısının spesifik cəhətləri barədə məlumat verməklə yanaşı bəzi media vasitələrinin fəaliyyətinin Həsən bəy Zərdabi ənənələrinə uyğun gəlmədiyini təəssüf hissilə vurğulayıblar. Sonda çıxış edən Prezident Administrasiyası ictimai-siyasi şöbənin sektor müdiri Vüqar Əliyev Azərbaycanda media sahəsindəki dövlət siyasətinin prioritetlərindən söz açıb. O prezident İlham Əliyevin milli mətbuatımızın 135 illik yubileyinin keçirilməsi barədə 10 iyun 2010-cu il tarixli sərəncamı ilə əlaqədar tədbirlər planı haqqında məlumat verərək sənəddən irəli gələn digər vəzifələrin də belə uğurla icra ediləcəyinə əminliyini bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO