Vüqar Əliyev: Media və ifadə azadlığı dövlət siyasətinin prioritet istiqamətindən birini təşkil edir

Azərbaycanda media və ifadə azadlığının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətindən birini təşkil edir. “Azadinform” xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyev ATƏT və Mətbuat Şurasının birgə təşkil etdiyi “Məlumatın əldə olunmasının təşviqində hökumət sözçüləri və jurnalistlər arasında səmərəli əməkdaşlığın rolu” mövzusunda keçirilən seminarda deyib. V.Əliyev bildirib ki, dövlət orqanları ilə media arasında münasibətlərin demokratik prinsiplər əsasında formalaşdırılması, cəmiyyətin inkişafına uyğun tədbirlər görülməsi daim qarşıda duran vəzifələrdəndir. Onun sözlərinə görə, Azərbaycanda cəmiyyətin şəffaflığının təmin edilməsi, istər Konstitusiya, istərsə də “Kütləvi İnformasiya Vasitələri haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarda öz əksini tapıb. PA rəsmisi bildirib ki, cəmiyyətin şəffaflığının təmin edilməsi üçün Azərbaycanda kifayət qədər hüquqi baza formalaşıb. Eyni zamanda cəmiyyətin şəffaflığının təmin edilməsi üçün yetərincə praktiki addımlar atılıb. O, nümunə üçün bildirib ki, artıq bütün dövlət orqanlarında ictimaiyyətlə əlaqələr, mətbuat xidmətləri fəaliyyət göstərir.
Hazırda bütün dövlət orqanlarının informasiya-resurs bazalarının fəaliyyət göstərdiyini diqqətə çatdıran V.Əliyev qeyd edib ki, həmin resurslarda cəmiyyətin informasiya ilə təmin edilməsi ilə bağlı məlumatlar var. Onun sözlərinə görə, həmin saytlarda qanuna müvafiq olaraq cəmiyyətin informasiya ilə təmin edilməsi 75 faiz təşkil edir. Ölkədə bütün dövlət orqanlarında elektron xidmətlərin formalaşdırılması istiqamətində çox ciddi tədbirlərin görüldüyünü vurğulayan V.Əliyev bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə 450 elektron xidmət növü müəyyənləşdirilib. Onun sözlərinə görə, hazırda dövlət orqanları 300-ə yaxın elektron xidmət göstərirlər. Onlardan təxminən 150-si interaktivdir. V.Əliyev deyib ki, bu proses getdikcə genişlənəcək və təkmilləşəcək: “İnformasiya cəmiyyətinin formalaşması və təkmilləşdirilməsi günün tələbidir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO