VAHİDİN YADDAŞ LƏPİRLƏRİ


Vahid Qazi “Yaddaş ləpirləri” kitabında bir avtoqraf sərgiləyib bəndənizçün: “Səninlə Qarabağa gedəcəyik. İNANIRAM!”

Mən də İNANIRAM, Vahid. Qarabağa gedəcəyik. Heç Qarabağdan ayrılmamışıq da. Cismən Qarabağda ola bilmirik. Ruhumuzsa Qarabağsız qala bilmir. Əgər qala bilsəydi, Vahid Qazi azad dünyanı gəzəndə Qarabağı unudub, kef-damaqdan, gül-çiçəkdən, səfalı guşələrdən… yazardı.

Vahid Qazi övladlarına yaddaş kitabı kimi təqdim edib “Yaddaş ləpirləri”ni. Bununla bir o qədər də razı deyiləm. Belə kitablar bütün balalar üçün yaddaş ləpirləridi. Başqa xalqların təcrübəsində olduğu kimi. Bu gündən əli üzülmüşlərin gələcəyi ayıqlığa səsləməsi üçün…

Balalar hələlik bu eyforiyanın dərinliklərinə varsınlar. Zaman keçdikcə onsuz da “Yaddaş ləpirləri”nin ləpirlərində nələrin yatdığını dərk edəcəklər.

Böyüklərə gəldikdə… “Yaddaş ləpirləri”ndə ən azı beş kontekst aydın görünür: qədim türk qövmünün tarixindən qalmış izlərin xatırlanması, Qarabağ gerçəklikləri, rus imperiyasında xalqlar, fərqli mədəniyyətlərin qovuşması anlamları, dünyanın inkişafının sonuncu modeli – insan hüquq və azadlıqlarının şüurun qavraya biləcəyi hələlik ən gözəl müdafiəçisi – demokratiya.

…Türk dünyasının beşiklərindən sayılan Krımdakı Cufut-Kala mağara şəhərindəki yaşantılar Vahidi bir andaca Qarabağa, Şuşaya qanadlandırır, ruhu Qarabağsız qala bilməyən Vahid vaxt itirmədən Krımın bu bölgəsi ilə Şuşa arasında paralellər aparır. Oxşar təsəvvürlərin, tarixin daş yaddaşından qopub gələn uyğun mədəniyyətin, hətta uyğun mətbəxin onu xüsusilə cəlb edən haləsinə düşür.

…Vahidin Ukraynaya səfər təəssüratlarının fonunda özünə yer alan “Yelena” yazısında postsovet məkanına demokratik seçimin bütün təfərrüatını daddıran bu ölkədəki görüşlər, ukraynalıların qonaqpərvərliyi və vaxtilə ona vurulmuş qafqazlı sənətkar Paracanova yönəlik işlətdiyi qürurverici ifadələr diqqətimi çəkir: “Qafqazlıları sevirəm. Sizdə azadlıq ruhu güclüdür. Çox şeyi itirsəniz də, ruhunuzu qoruya bilmisiniz”.

Ukrayna xatirələrində Vahidin toxunduğu bir məqam da insanın yad yerdə birinci gecə yuxusuzluq əzabı yaşamasıdır. Bu, özəllik deyil, qardaşım. Hamımıza hakimdir. Deyirlər səbəbi qayğıların, həsrətli yaşantıların çoxluğudur. Dərmanı apteklərdə tapılmayacaq… Bu yazıda və elə kitabda da jurnalist həmkarlarımızın, digər qələm əhlinin diqqətini xüsusilə cəlb edəcək fərqli ifadə forması zənginliyi yetərincədir. “Xəfif işıq, titrək səs günəşə könül verən gecənin səhər pıçıltısına bənzəyirdi” kimi.

…Onsuz da Cufut-Kala yadıma ani olaraq böyük qırğız yazıçısı Çingiz Aytmatovun “Əsrə bərabər gün”ünü, konkret olaraq Ana-beyit qəbiristanlığı ətrafında baş verənləri salmışdı. Amma Vahidin “Əlvida, Gülsarı”nı xatırlaması da çox yerinə düşdü. Gülsarının adam yox, at olmasını bildirən səmimi etirafdan sonra (səmimiyyət hisslərindən uzaq olanlar yəqin ki, bunu uydurmalar əsasında sırımağa çalışacaqdılar) qoca professorun sözünü məcburən kəsərək “yaxşı ki, Ermənistandan balıq gətirmisiniz, yerli balıqları məhv etdirmisiniz, erməni gətirsəydiniz indi burada qırğız qalmazdı” sözünü bu kitab vasitəsilə ictimailəşdirməsi isə təkcə Azərbaycan və digər türkdilli dövlətlər üçün yox, bütün dünya xalqları üçün xəbərdarlıq siqnalıdır.

Özbəkistandan Qırğızıstana keçərkən polislərin və sərhədçilərin davranışındakı fərqlər – insanın birdən-birə sanki sərbəst bir məkana qədəm basdığını hiss etməsi kimi vacib məlumatlar da oxucunun diqqətini xüsusi cəlb edəcək nüanslardır.

Türk qövmünün həm Avropada, həm də Asiyada axtarışına çıxan müəllifin qənaətlərində qürurverici faktlar da, bu qövmün süqutunu gətirən amillər də əksini tapıb.

Vahidin axtarışlarında əksəriyyəti şoka sala biləcək “Belarus həqiqətləri” də yer alıb. Rusiyaya daha meylli, daha doğma görünən Belarus xalqının repressiyaya hamıdan çox məruz qalmasını, Belarusda ziyalıların, baş qaldıranların zaman-zaman kütləvi şəkildə məhv edilməsini belarusların öz dillərindən dünyaya bəyan edən müəllif bu xalqın artım sürətinin sıfıra bərabər olmasını da xüsusi həssaslıqla qələmə alıb.

Vahid Qazi son sözünü dəyərlər sisteminin qorunmasının vacibliyi üzərində qurub. Müqayisə də uğurludur: “Bir ilməsinin qaçması ilə sökülən xalça kimi dəyərlər sistemi pozulmuş millətin sonucu belədi – işləməyən qanun, əməl olunmayan qayda, üzü sürtülmüş ədalət, pozulmuş əxlaq. Qanun, qayda, ədalət, əxlaq olmayan yer də bir mühitdi. Burda yalnız cahillər və snoblar bitir, kökü dərinə işləyir, qol-budaq atır, çiçəkləyir, bar verir”.

…Vahid, mən də Qarabağa gedəcəyimizə İNANIRAM. Bu arzumuzun gerçəkləşməsi üçün Allah bu xalqı qorusun. Bir də Qarabağ dərdinə qazanc vasitəsi kimi baxan elə sənin yazdığın bəzi cahil və snoblardan…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO