Televiziyamızın patriarxı

Onun zahiri görkəmi heç də çeviklikdən və həssaslıqdan uzaq bir xarakter sahibi kimi görünməsi demək deyildi. Bu sanballı, xarizmalı insanın yaradıcılıq və təşkilatçılıq enerjisi tükənməz idi, aşıb-daşırdı. Kabinetində də belə idi, studiyalarda, çəkiliş pavliyonlarında, teleşirkətin həyətində də. Hər kəslə öz dilində danışar, zarafatlaşar, hal-əhval tutardı. Adi tərcüməçilikdən sədrliyə qədər yol keçən Elşad müəllim heç kəsə yuxarıdan aşağı baxmazdı, əməkdaşların hər birini dost, sirdaş gözündə görərdi. Elşad müəllimi yaxından tanıyanlar onu bir qədər xəyalpərvər, bəzən maksimalist, bir tərəfdən də qeyri-adi dərəcədə həssas və televiziyaya vurgun şəxsiyyət kimi səciyyələndirirdilər. “Telefenomen” əsərinin müəllifi İradə Xanım yazır ki, Elşad müəllimin özünə inanması, qarşısına qoyduğu məqsədləri yaxından duyması, çevikliyi, gözəl xarakteri, geniş dünyagörüşü, hazırcavablığı, sənətə sevgisi onu ətrafındakı insanların həsəd obyektinə çevirmişdi. Hamı Elşad müəllimi olduğu kimi qəbul edib. Məhz elə buna görə də onun işinə pəl vurmaq istəyənlər, qazandığı uğurları gözü götürməyənlər də olub.

Doğum günündə onun həyat tarixçəsinə qısa nəzər salmaq yerinə düşərdi. 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini və Moskvada İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edib. Sonra AzTV-yə işə düzəlib. Tərcüməçi, televiziya proqramları direktoru, 1972-ci ildən isə Dövlət Televiziya və Radio Verlişləri Komitəsi sədrinin birinci müavini, 1983-1990-cı illərdə Komitə sədri kimi fəaliyyət göstərib. 1990-cı ildən “Bilik” Maarifçilik Cəmiyyətinin sədri olub. 1992-ci ildə yenidən qısa müddət AzTV sədri işləyib, 1993-1994-cü illərdə ilk müstəqil televiziya kanalının – BMTİ-nin Baş direktoru olub. Əməkdar İncəsənət Xadimi, tarix elmləri namizədi Elşad Quliyev Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru və professoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü olub. Keçirdiyi ağır xəstəlikdən sonra 2008-ci il mayın 27-də dünyasını dəyişib.

Televiziyanın kütləvi informasiya vasitələri sistemindəki rolunun artmasında, mövqeyinin möhkəmlənməsində Elşad Quliyevin xidmətləri danılmazdır. AzTV-yə rəhbərlik etdiyi zamanda sovet dönəminin bütün ideoloji buxovlarına, yuxarıların təzyiqlərinə baxmayaraq, respublikanın yeganə televiziyası xalqın böyük rəğbətini qazanmışdı. AzTV milli şüurun və ana dilinin inkişafı, cəmiyyətdə gedən ictimai prosesləri, xalqın sosial-iqtisadi və mədəni nailiyyətlərini bütün dolğunluğu ilə əks etdirirdi. Bir faktı xatırladaq ki, texniki və yaradıclıq parametrlərinə görə AzTV ötən əsrin 80-ci illərində SSRİ miqyasında 14-cü yerdən 4-cü yerə çıxmışdı. Bu, adi statistik göstərici deyildi, biz Azərbaycandan qat-qat böyük, inkişaf etmiş respublikaları televiziya sarıdan qabaqlamışdıq.

Elşad Quliyevin rəhbərlik etdiyi dövrdə kollektiv bir sıra bu gün də fəxr ediləsi uğurlara imza atmışdı. Azərbaycan tarixinin öyrənilməsi ilə bağlı bədii və sənədli filmlərin, teletamaşaların çəkilişinə start verilmiş, ictimai-siyasi və sosial xarakterli problemlər, cəmiyyətin mənəvi saflaşması, sosial ədalət uğrunda mübarizənin genişlənməsi verlişlərin əsas mövzularına çevrilmişdi. O, israrla çalşırdı ki, monoloqdan, nəsihətdən, göstərişdən geniş diskussiyalara, ictimai müzakirə formalarına keçilsin, köhnə təbliğat modellərindən imtina edilsin, verlişlərdə müxtəlif mövqe və baxışlar ortaya qoyulsun, onların qarşılıqlı təhlili verilsin. Azərbaycanda milli azadlıq hərəkatı başlayanda Elşad Quliyev respublikanın o zamankı birinci katibi Əbdülrəhman Vəzirovun bütün təzyiqlərinə və basqılarına baxmayaraq, Azadlıq meydanında gedən mitinqdən canlı reportaj yayımlatdırdı. 20 Yanvar hadisələrindən sonra isə Azərbaycan KP MK-nin bütün çabalarına baxmayaraq, etiraz əlaməti olaraq vəzifəsindən istefa verdi. Kollektivin onun bu addımını qəbul etməməsi və sədrliyə yeni namizədi boykot etməsi də Elşad Quliyevi fikrindən daşındıra bilmədi. Yalniz 1992-ci ilin yazında yenidən kollektivin tələb və istəyi ilə geri döndükdə isə fəaliyyətini televiziyanın xalqdan üzr istəməsindən başladı. Onun həmin dönəmdəki fəaliyyəti AzTV-nin demokratik dəyərlərə sadiqliyinin nümayişi oldu. Elşad Quliyev AXC hakimiyyətə gələn andan doğma televiziyasından təkrarən və bu dəfə birdəfəlik ayrıldı…

“AzTV yeganə kanaldır ki, ona ailəliklə baxmaq olur” fikri məhz o illərin yaradıcılıq ab-havasından, iş prinsiplərindən və metodlarından qaynaqlanıb. Bunu danmaq olmaz. AzTV-nin “Telefilm” Yaradıcılıq Birliyinin Elşad Quliyevin həyat və yaradıcılıgı barədə çəkdiyi “Ömrün teleformatı” televiziya filmində professor Nizami Cəfərov bu sözləri çox ürəklə deyirdi. “O, əldə mikrofon tutmaqdan, o mikrofona deyilən sözü cəmiyyətə çatdırmaqdan təhlil etməyədək hər şeyi bilirdi.” Tanınmış kinoşünas Ayaz Salayev isə fikrini bu cür ifadə etmişdi: “O, televiziya rəhbərliyinə həyatın içindən gəlmişdi. Ona görə də yaxşı insanın, düz sözün qədrini bilirdi. Elşad müəllim tolerant təbiətli, geniş təfəkkürlü, əsl peşəkardır. Azərbaycan teleməkanında öz işini sevən ikinci belə bir adam tapılmaz.”

Elşad Quliyevin bu gün də, sabah da aktual olan fikrləri Azərbaycan teleməkanında çox qiymətli mülahizələr kimi qəbul olunur. Elşad müəllim deyirdi ki, aylarla bizi özümüzdən “oğurlayan, yalnız metrajı uzatmağa, biznes faktorunu gücləndirməyə və Allah bilir, daha hansı niyyətlərə xidmət edən teleseriallar bəzən əxlaqi-etik çərçivələrə sığmır. Xüsusən gənclərin mənəvi tərbiyəsində arzuolunmaz izlər qoyur. Nəyə fikir verməliyik – seçim, seçim yenə də seçim. Serial müasir televiziyanın atributudur. Lakin mövzu seçimində yanılarıqsa, əslində, uduzmuş olarıq “

Elşad Quliyev cox vətənpərvər, millətsevər, sözün əsl mənasında, Böyük Azərbaycanlı idi. Televiziya və radionun ugurlarına ürəkdən sevinir, ugursuzluqlarına çox kədərlənirdi. Bütün söhbətlərində, görüşlərində ölkə telekanallarında çalışan gənc jurnalistlərə, rejissor və operatorlara, digər peşə sahiblərinə həmişə yaradıcılıq uğurları, peşəkarlıq arzulayırdı. Mənə verdiyi müsahibələrin birində deyirdi: “Bizim vaxtımızda örnək, görüb-götürmək üçün nümunə olmayıb. Hər şeyi özümüz tapırdıq. Amma indi bəhrələnmək üçün olduqca münbit şərait var. Ənənələri yaşatmaq da olduqca prinsipial məsələdir. Unutmamalıyıq ki, yenilik həm də unudulmuş köhnəlikdir. Televiziya jurnalistləri keçmişə hörmət, bu günə ehtiram göstərməklə özlərinin daha parlaq gələcəyini qazanmış olarlar.”

Və bu, təkcə televiziya ilə baglı deyildi. O, ölkəmizin qazandığı hər ugura sevinirdi. Yaxşı xatırlayıram ki, Azərbaycan təmsilçilərinin“Eurovision”da ilk dəfə iştirak etməsinə və ugurlu çıxışına necə sevinmişdi. Saglamlıq durumunun agır olmasına baxmayaraq, bəstəkar Gövhər Həsənliyə zəng vuraraq onu təbrik etmişdi. Həmin hadisədən elə bir neçə gün sonra dünyasını dəyisdi…

Yəqin ki, Elşad müəllimin tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Cəmil Quliyevin atası oldugunu çoxları bilir. Hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətinə rəhbərlik edən Cəmil müəllim Elşad Quliyevin arzu və istəklərinin davamçısı kimi çox işlər görür. Ümumittifaq Kinematoqrafiya İnistitutunun məzunu, görkəmli kinorejissor, professor Naumovun ən istəkli tələbələrindən biri olmuş Cəmil Quliyev Azərbaycan Dövlət Film Fondunun, Mədəniyyət kanalının inkişafında, Kinematoqrafçılar İttifaqının yenidən formçalaşmasında nəzərəçarpan xidmətlər göstərmişdir. Bu təvazökar, mədəni və olduqca sadə insanın rejissorluğu, ssenari müəllifliyi və bədii rəhbərliyi ilə araya-ərsəyə gələn televiziya filmləri böyük tamaşaçı rəğbəti qazanıb. “Bu da bir naxışdır”, “Həsənbəy Zərdabi”, “Yarasa”, “Şirbalanın məhəbbəti”, “Bir ömür sədası”, “Bayramda yağış” və digər filmlər Azərbaycan kino sənətinin inciləri sayılır. Elşad Quliyevi yaxşı tanıyanlar, onun yaradıcılıq irsinə və ruhuna hörmət bəsləyənlər Cəmil müəllimin öz təşkilatçılıq və rəhbərlik fəaliyyətində Quliyevlər ailəsinin hər cür çətinliklərdən və sınaqlardan üzüağ çıxmış prinsiplərinə sadiq qalacağına tam əmindirlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO