Televiziya necə cəzalandırılıb?

Milli Televiziya və Radio Şurası aprelin 28-də “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydalar”ın 2.7 və 2.8-ci bəndinin tələblərini pozduğuna görə ANS Müstəqil Yayım və Media Şirkətinə xəbərdarlıq elan edilib.

Ölkədə fəaliyyət göstərən televiziya və radio şirkətləri qanunla daha necə cəzalandırıla bilər?

“Media forum” saytı bildirir ki, “Televiziya və radio yayımı haqqında” qanuna görə, teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya bu qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı məhkəmənin qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırıla bilər.

Xüsusi razılığın (lisenziyanın) qüvvəsinə məhkəmənin qərarı ilə yalnız aşağıdakı hallarda xitam verilə bilər:

– xüsusi razılıq (lisenziya) yayımçının bilərəkdən təqdim etdiyi həqiqətə uyğun olmayan məlumatlar əsasında alındıqda;

– yayım xüsusi razılıq (lisenziya) alındıqdan sonra altı ay ərzində həyata keçirilmədikdə;

– xüsusi razılığın (lisenziyanın) sahibinin müflisləşməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduqda;

– teleradio yayımı texniki cəhətdən mümkün olmadıqda;

– dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda;

– yayımçı müvafiq dövlət orqanı tərəfindən bir il ərzində ən azı üç dəfə sanksiyaya məruz qaldıqda;

– Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.

– Teleradio yayımı zamanı bu qanunun və xüsusi razılığın (lisenziyanın) tələblərinin pozulması ilə bağlı məhkəməyə daxil olmuş ərizəyə ən geci 15 gün müddətində baxılıb müvafiq qərar qəbul edilməlidir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində isə deyilir ki, teleradio yayımçıları tərəfindən televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulmasına görə, yəni:

– yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına;

– nəzarət fonoqramlarının surətini müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməməsinə;

– insanların həyatı, sağlamlığı və yaşayış məntəqələrinin normal fəaliyyəti üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə dövlət orqanlarının informasiyalarının dərhal və pulsuz olaraq yayılmamasına;

– texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanmasına və ya reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına və ətraf mühitin qorunmasına ziyan vuran hərəkətlərin təqdir olunmasına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə;

– teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluqla bağlı qanunvericiliyin pozulmasına;

– peyk vasitəsilə teleradio yayımı və kabel şəbəkəsi yayımı qaydalarının pozulmasına;

– qanunun tələblərini pozmuş yayımçının ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müəyyən edilmiş vaxt ərzində özünün televiziya və (və ya) radio kanalında yayımlanmamasına görə –

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan iki min manatadək miqdarda cərimə edilir.

Məcəllənin “Teleradio yayımı sahəsində xüsusi razlığın (lisenziyanın) qayda və şərtlərinin pozulması” maddəsində deyilir:

Teleradio yayımı sahəsində xüsusi razlığın (lisenziyanın) qayda və şərtlərinin pozulmasına görə –
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan iki min manatadək miqdarda cərimə edilir.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO