Taleh Şahsuvarlı deputatlara və jurnalist birliklərinə müraciət etdi

Sosial İnformasiya Agentliyinin direktoru Taleh Şahsuvarlı Mətbuat Şurasının sədri Əflatun Amaşova, Redaktorlar Birliyində təmsil olunan KİV rəhbərlərinə, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlıya, habelə adı jurnalistikaya bağlı olan millət vəkilləri- Sabir Rüstəmxanlı, Aqil Abbas, Bəxtiyar Sadıqov, Sahib Alıyev, Qənirə Paşayeva, Gülər Əhmədova, Zahid Oruc, Etibar Hüseynova müraciət edib. Müraciətdə deyilir:

Hörmətli həmkarlar!

Payız sessiyası dövründə əməkdaşımızın parlamentə akkreditasiya olunması üçün Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə 15 avqust 2011-ci il tarixli məktubla müraciət etmişdik.

Milli Məclisin Mətbuat Xidmətindən Sosial İnformasiya Agentliyinə verilən şifahi məlumata görə, sentyabr ayının sonlarında müraciətə baxılsa da, əməkdaşımız parlamentə akkreditasiya edilməyib.

Çox təəssüf edirik ki, əvvəlki sessiya dövründə də əməkdaşımız hər hansı səbəb göstərilmədən Milli Məclisə akkreditasiya edilməmişdi.

Bu fakt jurnalistin məlumat toplamaq hüququnun pozulması, Sosial İnformasiya Agentliyinin haqsız rəqabətə məruz qoyulması olmaqla yanaşı, ümumilikdə müstəqil KİV-ə qarşı açıq təzyiqdir.

Odur ki, Sizdən bu məsələni diqqətdə saxlamanızı və problemin həllinə yardım göstərməyinizi xahiş edirik.

Göstərəcəyiniz köməyə görə öncədən təşəkkür etməklə yanaşı məlumat veririk ki, Sosial İnformasiya Agentliyi 2009-cu ilin oktyabrında qeydiyyatdan keçib və həmin vaxtdan etibarən Agentliyə məxsus Axar.az xəbər portalı da fəaliyyət göstərir. Heç bir siyasi partiyaya yaxın olmayan, tamamilə tərəfsiz və obyektiv xəbərçilik xətti tutan agentliyimizin məlumatlarından ölkənin aparıcı qəzetləri istifadə edir, o cümlədən internet istifadəçilərinin Axar.az portalına gündəlik daxil olma sayı 3000 dəfədən çoxdur.

Sosial İnformasiya Agentliyi 2011-ci ildən Mətbuat Şurasının üzvüdür.

Fəaliyyətimiz dövründə Azərbaycan jurnalistlərinin peşə kodeksinə daima əməl etmişik, hər hansı məhkəmə sanksiyası və Mətbuat Şurası tərəfindən xəbərdarlıqla üzləşməmişik.

Hüquqi şəxs olaraq vergilərimizi vaxtlı-vaxtında verir və dövlət qarşısındakı digər öhdəliklərimizi məsuliyyətlə yerinə yetiririk.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO