İslami maariflənməyə ehtiyac var

Ekspertlər maariflənməni dövlət səviyyəsində aparılmasının vacibliyini qeyd edirlər
Azərbaycanın təhsil siyasətinin əsasları Konstitusiya, «Təhsil haqqında» Qanun və «Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Proqramı», eləcə də digər normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan dövləti Konstitusiya ilə (42-ci maddə) heç bir məhdudiyyət (cinsi, dini, dili və s.) qoymadan hər bir vətəndaşının təhsil almasına hüquqi təminat verir, dövlət hamının pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir, maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə zəmanət verir.
Bütün bunlar göstərir ki, müstəqil Azərbaycanda qadınlara münasibətdə gender bərabərliyinin qorunması, ölkənin sosial-siyasi və mədəni həyatda gender sahəsində balanslaşdırmanın təmin olunması dövlət siyasətində mühüm yer tutur. Aydın məsələdir ki, Azərbaycan təhsilinin qarşısında duran başlıca məqsəd öz soykökünə, milli ənənələrinə bağlı, ümumbəşəri dəyərlərə hörmətlə yanaşan, Vətənini, dövlətini, millətini ürəkdən sevən və onları göz bəbəyi kimi qorumağa hazır olan vətənpərvər, hərtərəfli inkişaf etmiş, əqli və fiziki cəhətdən kamil şəxsiyyət yetişdirməkdən ibarətdir. Dövlətimizin təhsil siyasətinin ana xətti olan bu strateji məqsəd heç bir cinsi, din, dil, əqidə fərqi qoymadan bütün Azərbaycan vətəndaşlarına şamil edilir.
Lakin bir qrup radikal dini düşüncəli insanın təhsil müəssisələrində hicaba qadağanı bəhanə edərək ara-sıra aksiyalar keçirməsi təbii ki, təfriqə yaratmaq cəhdi kimi qiymətləndirilir.
BAXCP də aqressiv dini əhval-ruhiyyədə köklənmiş bir qrup şəxsin oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında keçirdiyi aksiyaya öz münasibətini bildirərək, onların zorakı davranışlara yol vermələrini qətiyyətlə pisləyib. Partiya hesab edir ki, zorakı əməllər törətmək və polislə qarşıdurmaya getmək üçün aksiyaya hazırlıqlı gəlmiş dini ekstremistlərin arxasında duran qüvvələrin kimliyi müvafiq qurumlar tərəfindən müəyyənləşdirilməli və bu barədə ictimaiyyətə məlumat verilməlidir. Partiyanın İdarə Heyəti Azərbaycan hökumətini siyasi, hüquqi və dini maarifçilik sahəsində islahatlar aparmağa çağırıb.
İlahiyyatçı alim Elşən Mustafaoğlunun fikrincə, dini maarifçilik sahəsində görüləcək ən effektiv addım orta məktəblərdə dini biliklərin tədrisidir: «Yeni nəsil dini bilikləri küçədən keçən təsadüfi adamlardan, naməlum dairələrdən deyil, ilk növbədə təhsil ocaqlarından almalıdırlar. Bununla bərabər, telekanallarda dini verilişlərə olan məhdudiyyətlər aradan qaldırılmalı, telekanallarda dini maarifçiliyə münasib şərait yaradılmalıdır. QMİ, digər dini qurumların təşəbbüsü ilə dini maarifçiliklə məşğul olan xüsusi kurslar təşkil edilməlidir ki, adi vətəndaşlar dinlə ümumi tanışlıq əldə etmək istədikdə, məsələn, həftəlik kurslara gedib dini-mənəvi dəyərləri öyrənə bilsinlər. Din alimlərinə, ilahiyyatçılara münasibət dəyişməli, onların fəaliyyəti də dəstəklənməlidir. Dini sağlam şəkildə təbliğ edən heç bir şəxs və ya qurum qarşısında maneələr yaradılmamalı, əksinə, bunun üçün münasib şərait yaradılmalıdır. Məhz bu kimi tədbirlər sayəsində vətəndaşlarımızın dini-mənəvi tələbatları ödənilə bilər və bunun üçün xarici ölkələrə üz tutmağa ehtiyacları qalmaz. Məhz bu halda din sağlam təbliğ olunar və radikallaşma meylləri aradan qalxar. Eyni zamanda cəmiyyətdə dinlə bağlı sağlam mühit formalaşmış olar ki, bu da cəmiyyətin mənəvi tərbiyəsi üçün müsbət təsirini göstərmiş olar».
Hacı Namiq Babaxanov isə bildirib ki, bu sahədə əsl problem savadlı mütəxəssislərin olmaması və ya onlara az yer verilməsidir.
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu isə deyib ki, ölkədə İslamla bağlı ən ciddi mövzulardan biri maarifçilikdir: «Təəssüflər olsun ki, dini maarifləndirmə istiqamətində ciddi fəaliyyət olmayıb. Biz bu məsələdə geriləmişik. Düşünürəm ki, bu sahədə fundamental işlər aparılmalıdır. Yalnız maarifləndirmə ilə İslamla bağlı problemlərin qarşısını ala bilərik. Kənar məfkurələr, təriqətlər, düşüncələr hamısı İslamın yanında çox zəifdir. İslam insanlara olduğu kimi çatdırılsa, bu problemlər öz-özünə kənarlaşacaq. Eyni zamanda istənilən ölkədə milli-mənəvi dəyərləri müdafiə edən daxili bir immunitet olmalıdır, radikallıq, ekstremizm aşılayan bu və digər formaların qarşısını da maarifçiliklə almaq lazımdır».
İlqar İbrahimoğlu onu da bildirib ki, konkret mətbuatı götürsək, vəziyyət o qədər də pis deyil. Artıq islami maarifçiliklə məşğul olan qəzetlər çıxır. Ölkənin aparıcı qəzetlərində islami maarifçiliklə bağlı yazılar gedir: «Bir neçə il öncəyə baxsaq, indi müqayisəyəgəlməz dərəcədə dəyişiklik var (mətbu orqanlar, internet saytları səviyyəsində). Bu maarifçiliyi aparan insanlar Azərbaycanı sevən insanlar olduğu üçün onları həm də milli-mənəvi baxımdan təhlükəsizlik mövzusu da düşündürür. Təəssüflər olsun ki, bu prosesi həyata keçirməli olan qurumlar bunu etmir. Bir növ bu prosesdən təcrid olunublar. Belə demək olar ki, yeni bir nəsil yaranıb və bu məsuliyyəti də hər kəs bacardığı qədər üzərinə götürüb. Radio və televiziyada maarifçiliyə gəldikdə isə demək olar ki, radiolarda da vəziyyət pis deyil. Öz təcrübəmdən bilirəm ki, radiolarda İslam maarifçiliyinin aparılması üçün şərait yaradılır və bunun da nəticələri özünü göstərir. Təəssüflər olsun ki, bizim teleməkanda demək olar ki, islami veriliş adına heç nə qalmayıb. Söhbət ondan getmir ki, verilən proqramlar uğurlu idi, ya uğursuz. Biz qaşı düzəltmək əvəzinə vurub gözü çıxarmalı deyildik. Verilişlərin adı mənəviyyat, fəlsəfə ilə də bağlı ola bilərdi. Məsələn «Əxlaq və İslam», «Mənəviyyat və İslam» və s. adlar altında mövzular müzakirə olunmalıdır. Bu sahədə Türkiyə, Avropada, Amerikada olan müsəlmanların təcrübəsi maraqlıdır. Rusiya teleməkanında da İslam maarifçiliyinə nisbətən çox imkan yaradılıb. Televiziyanın auditoriyası çox böyükdür. İnsanlara İslam maarifçiliyi televiziyada çatdırılmayanda insanlar bunu qarajlarda, zirzəmilərdə axtaracaq. Ona görə də televiziyalarda İslam maarifçiliyi üçün münbit şərait yaratmaq, standartlarını müəyyənləşdirmək və xalqımızın mənəviyyatının zənginləşməsinə xidmət edən verilişlər hazırlamaq lazımdır. Biz insanları bütün rənglərə baxmağa dəvət etməliyik, o zaman həqiqəti anlamağa imkan olacaq. Hansısa sözü deməklə problem həll olunmur. Bunun üçün problemin üzərinə getmək lazımdır».
Onu da qeyd edək ki, Quranda qadınlar üçün xüsusi geyim barədə söhbət açılmır və ümumiyyətlə İslamda nə qadın, nə də kişi üçün xüsusi geyim anlayışı olmamışdır. Yalnız İslamın Ərəbistan yarımadasının hüdudlarını aşmasından sonra təqlidçilik ənənəsi qeyri-ərəb xalqları arasında xüsusi geyim formasını ortaya çıxarmışdır. Halbuki, Peyğəmbərin dövründə nə ruhani geyimi, nə də bir insanı başqasından fərqləndirən geyim olmuşdur. Müsəlmanı müsəlmandan fərqləndirən yeganə libas «təqva libası» olmalı idi. Ərəb dilində heç «hicab» sözü də geyim mənasını bildirmir. Ərəbcə «hicab» pərdə, örtük, arakəsmə, pərdələnmək mənasını verir. Məlumdur ki, «pərdə» sözü abır, həya mənasını verir və abırsız adama «üzünün pərdəsi yoxdur» və ya həyalı adama «arada pərdə saxlayır» kimi ifadələr işlənilir. Bu baxımdan Əzhab surəsini «Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, yadlarla pərdə saxlasınlar — abırlı olsunlar» kimi də şərh etmək olar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO