“Sensasiyalı kitablar”

Bu kitab vaxtilə metrolarda , avtobuslarda gənc tələbələrin pencək altı kitab  idi. Onu üzə çıxarmağa ehtiyat edən yaxud da utanan tələbələr maraqlarına güc gələ bilməyib bu əsəri pencəyin altından oxuyardılar. 1990-cı illərin gəncliyi nəhayət ki, xəyal etdikləri bir əsərlə rastlaşmışdılar. Dünya ədəbiyyatında öz cığırını açan qadın və kişi münasibətlərinin pərdə arxası yaşantıları ilk dəfə olaraq bu əsərlə Azərbaycan oxucusunun gözləri qarşısına gəldi. Pencək arxasında olsa belə…

Beləliklə, Modern.az  “Sensasiyalı əsərlər “ rubrikasında  yazıçı-publisist Allahverdi Eminovun erotik çalarları ilə zəngin olan “Payıza qədər. Seks haqqında söhbət”kitabı haqqında məlumat verəcək.  

“Payıza qədər. Seks haqqında söhbət ” əsəri  esselərdən ibarətdir.

Erotik çalarları ilə fərqlənsə də fəlsəfi məqamları, psixoloji yaşantıları baxımından da çox dəyərlidir. Qadın – kişi  arasında yaşanan mübhəm münasibətlər burada tamamilə açıq saçıq yox,  fizionomik estetika istiqamətindən təsvir edilib.

Müəllifin özü də Modern. az-a verdiyi açıqlamada əsəri daha çox estetik yöndən dəyərləndirir. A. Eminov onu da qeyd edir ki, kitabda açıq saçıqlığı yox gizli  hislərin ülviliyini yazmaq istəyib. Amma təbii ki, ilk edilən cəhd heç zaman uğurla nəticələnmir. Eminovun da başı kitaba görə çox  ağrıyır. Mətbuat nümayəndələri, ədəbi tənqidçilər, ziyalılar əsərin tənqidinə aid 80-dən artıq məqalə yazır. Əsərin tənqidi az qala ədəbiyyat sərhədlərini də aşaraq dövlətin kollegiya iclasına çıxacaqdı ki, müəllif özü bunun qarşısını alır. A. Eminov o zaman “Maarif” nəşriyyatının direktoru və baş redaktoru idi. Müəyyən əlaqələrdən istifadə edərək təzyiqlərin qarşısını ala bilir. İlk çapında kitab 30 min nüsxə ilə çap olunur.  Azərbaycan gerçəkliyi nəzərə alaraq deyə bilərik ki, kitab inanılmaz dərəcədə tez satılır.

O zaman cəmiyyətdə kitaba olan münasibət sıfıra yaxın idi. Bu yeganə kitab idi ki, onu həmin dövrdə piratlar da ələ keçirdilər. Bir neçə dəfə qeyri-qanuni yolla çap olunan kitab mağazalarda qətiyyən tapılmırdı. Elə bu tələbat səbəbindən onu ikinci dəfə 50 min tirajla çap edirlər. Müəllifin özü də çap və tiraj məsələsində bunları deyir: “Payıza qədər” kitabım ilk dəfə 30 min nüsxə, sonra isə 50 min nüsxə ilə çıxdı. İndi də qeyri-leqal çap olunur. Üzün dəyişdirib mənim xəbərim olmadan imzamı verərək, kitabımı çap edirlər. 10 ildir ki, o kitab satılır.

 

Əsərin məqsədi nə idi sualına isə Allahverdi Eminov bu cavabı verir: “O zaman “Maarif” nəşriyyatında baş redaktor idim, dövlət televiziyasında da “Ziya” proqramını aparırdım. İlk dəfə olaraq bütün tabulara, qadağalara əhəmiyyət vermədən, qadın-kişi münasibətlərini fəlsəfi-psixoloji baxımdan qələmə almışam. İlk dəfə olaraq esse janrında yazılıb. Çox hay-küylə qarşılandı. Bütün tənqidləri səmimiyyətlə qarşıladım. Sadəcə olaraq ürəyimdən keçdi ki,  görünür bu kitabı yazmaqda tələsmişəm və nə yaxşı ki, tələsmişəm. Əsər rənglər, rəng çalarlar üzərində qurulub. Təbii ki,  mentalitetə görə o qədər də yaxşı qarşılamadılar. Bəziləri çox üzr istəyirəm, pornoqrafiya ilə qarışdırdı. Yüksək səviyyəli resenziyalar da var. Yuxarı dairələrdən də heç bir təzyiq olmadı, çox adi qarşıladılar. Bir müəllif kimi  məni incitmədilər, sadəcə “çox risklə yazmısan” dedilər”.  

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO