Rayon icra hakimiyyətlərinin saytları niyə yoxdur?

Rayon icra hakimiyyətlərinin saytları niyə yoxdur?Azərbaycanda 80-dən çox rayon var, onlar haqqında az-çox məlumat almaq bəzən internetə baş vurmalı oluruq. Bəs özünün qeyri-adi təbiəti, iqlimi, coğrafi-iqtisadi mövqeyi ilə seçilən dilbər güşələrimiz haqqında internetdə lazımi məlumatı əldə edə bilirikmi? Dərhal da cavab vermək olar, yox!.
Məsələn, internetdən Quba, Qusar, Dəvəçi, Qəbələ haqqında ətraflı məlumat əldə etmək tutaq ki, google.az internet saytında axtarış edirik. Rayonların yaranması, tarixi haqqında səhv və doğru olmasından asılı olmayaraq bəzi məlumatlar üzə çıxır. Amma əldə olunan məlumatın mənbəyi ya “vikipediya”, ya da həmin rayonda yaşayan vətəndaşın öz rayonu haqqında məsuliyyət dərk edərək açdığı bloqdur.
Bilməyənlərin diqqətinə çatdıraq ki, vikipediya ümumi internet vasitəsilə azad yayımlanan ensiklopediyadır və dünyanın bir çox dillərində viki texnologiyasının tətbiq edilməsi nəticəsində könüllü istifadəçilər tərəfindən yaradılır. “Wiki” havay dilində “nə qədər mümkünsə daha tez” mənasını verir və məqsəd tez bir zamanda informasiya xidməti göstərməkdir. Mənbənin etibarlı olmaması öyrənməyə çalışdığımız rayonlar haqqında axtarış sistemlərinin verdiyi məlumatların dəqiqliyinə də kölgə salır.
Bütün dünyanı özündə birləşdirən kompüter şəbəkəsinin imkanlarından yararlanmaqla hər rayonun İcra Hakimiyyəti müxtəlif dillərdə sayt açmağa niyə ehtiyac duymur? Bu, həm ölkənin vətəndaşının, həm də Azərbaycana gəlmək istəyən hər hansı bir turistin maariflənməsinə yardımçı ola bilər.
Araşdırmalar göstərir ki, əksər rayon İcra hakimiyyətlərinin saytları hələ ki, yoxdur.
Doğrudur, Lənkəran, Qobustan, Qəbələ, Abşeron, Sumqayıt, Masallı, Gədəbəy, Ağsu, İsmayıllı, Gəncə, Balakən, Zaqatala, Şəki, İmişli, Göyçay, Ağcabədi rayon İcra hakimiyyətlərinə məxsus saytlar var. Həmin saytlarda rayonların tarixi, coğrafi mövqeyi barədə lazımi qədər məlumat olsa da, görülən işlər, problemlər barədə xəbərlər verilmir, operativlikdən isə danışmağa dəyməz.
Ağdaş, Ucar, Bərdə, Qazax, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Xızı Şamaxı, Biləsuvar, Salyan, Saatlı, Şirvan, Göygöl, Lerik, Astara və adını çəkmədiyim bir çox rayonların İcra hakimiyyətlərinin veb-səhifələri yoxdur. Hər halda hər bir istifadəçi öz rayonunda yeniliklər haqqında məlumatı vikpediyalardan deyil, həmin icra hakimiyyətinə məxsus saytdan əldə etməlidir.
Rəsmi internet səhifələrinin mütəmadi monitorinqini aparan Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzün sözlərinə görə, gələn ildən yerli icra orqanlarına məxsus saytların fəaliyyəti barədə də anoloji tədbir həyata keçirəcəklər. “İndiyə qədər 25-ə yaxın yerli icra orqanı sayt yaradıb. Bəzi saytlar mövcuddur, amma orada ümumiyyətlə heç bir informasiya yerləşdirilməyib”.
O.Gündüz bildirib ki, öz saytlarını yaratmayan yerli icra orqanları qanunla məsuliyyət daşıyırlar. O.Gündüz onu da deyib ki, həmin qurumlara sayt yaratmaları üçün dövlət tərəfindən vəsait də ayrılıb.
Lakin sayt ayartmayan yerli İcra Hakimiyyəti orqanları bir neçə ildir “İnformasiya əldə etmək haqqında” qanunun tələblərini pozmaqda davam edirlər. Həmin qanundan irəli gələn tələbə görə, yerli icra orqanları çoxdan öz saytlarını yaratmalıydılar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO