Qeyri-ixtisaslı jurnalistlər: “Mənim ali təhsilim yoxdur… Həm “əməkdar jurnalist” adı aldım, həm də ev”

İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

“Bugun.az” saytının əməkdaşı Asəf Quliyev xarakter etibarı ilə ətaləti sevmir:“Mənim ali təhsilim yoxdur. Amma bacardığım ixtisas çoxdur (gülür). Ali təhsil almaq alınmadı. Əvvəl Tibb İnstitutuna imtahan verdim. İki fəndən-ədəbiyyat və biologiyadan “4” aldım. Evdən dedilər ki, 3-cü imtahanı “danışaq”, nağd olsun. Razılaşmadım. Özümə əmin idim. Amma müəllimlərlə mübahisə yerinə düşmədi. Kimyadan kəsildim. Və bundan sonra hamı məni tərs adam kimi qəbul eləməyə başladı. Daha sonra İqtisad İnstitutuna imtahan verdim. Orda da riyaziyyatdan və ədəbiyyatdan “4” aldım, ictimaiyyətdən “Kommunist Partiyasının manifestini” yaxşı bilmədiyimə görə kəsildim. Sonra isə müharibə başladı və hər şey ikinci plana keçdi. Yəqin ki, indi bu çoxlarına qəribə görünəcək. Amma bu həqiqətdi.
1993-cü ildə Bakıya gəldim. Müxtəlif işlərlə məşğul oldum. Həmin işlər də pis getmirdi. Amma xarakter etibarı ilə ətaləti sevmirəm və günlərin bir günü fikirləşdim ki, jurnalistikada özümü sınayım. “7 gün” qəzetinə getdim. Emin Eminbəyli məni işə götürdü, Əziz Rzabəyli isə redaktorum oldu. Əvvəl müxbir, sonra şöbə müdiri və nəhayət redaktor oldum. “7 gün”dən sonra “Space” TV, “Azadlıq” Radiosu, “Gün səhər” qəzeti və Az TV-də işlədim.
1995-ildən jurnalistikadayam. Peşman deyiləm. Yəqin ki, peşman olsaydım başqa yerdə özümü reallaşdırardım”.

ATV telekanalının “ ATV Xəbər” proqramının aparıcı Ceyhun Səfərov:“Azərbaycan Dövlət Aqrar Universitetini bitirmişəm. Oranı bitirdikdən sonra Milli Elmlər Akademiyasının Botanika İnstitutunun aspirantı olmuşam və hal-hazırda botanika üzrə fəlsəfə doktoruyam. Öz ixtisasım üzrə ştatda işləməmişəm. Sadəcə elmi rəhbərimin mühazirələrini idarə etmişəm. 
Gəncədə qeyri-hökümət təşkilatlarından birində “piar” kampaniyası ilə məşğul olurdum. Orda “İnternews-Azərbaycan” təşkilatının Gəncə jurnalistika mərkəzi də açılmışdı. Həmin mərkəzdə müəyyən qədər yazı-pozu ilə məşğul olum. O vaxt bizim “525-ci qəzet”, “Ayna-Zerkalo” qəzetlərinin region bölməsində yazılarımız  da çıxırdı. Elə oldu ki, “İnternews-Azərbaycan” məni, səs tonumu, görünüşümü bəyəndi. Bakıda Rafiq Hüseynli, Dilarə Səlimova, Qulu Məhərrəmlinin iştirakı ilə bir sıra seminarlar təşkil olundu. Həmin seminarlarda başqa ölkələrdən də iştirak edənlər var idi. O seminarlardan setifikatlar aldım, məqbul sayıldı. Gəncədə o vaxt “Alternativ” TV açılmışdı. Həmin televiziyada “İnternews”un hazırladığı “Xəbər+” verilişi efirə gedirdi. 2001-ci ildə həmin verilişdə, ümumiyyətlə, həmin telekanalda ilk aparıcı kimi efirə çıxdım. Sonralar ATV-yə gəldim…
10 ildən çoxdur jurnalistikadayam. Peşmançılıq hissi yoxdu. Düşünürəm ki, biologiyanı nə qədər yaxşı bilsəm də, müəllim işləməyə çətinlik çəkərdim. O auditoriya ilə bu auditoriya arasında böyük fərq var. O auditoriyada qarşında sırf bioloqlar əyləşib, burada müxtəlif ixtisaslı insanlar, kiçikdən böyüyə-hamı əyləşib. Və onlara deyəcəyim məlumatlar daha əhatəli olur, onları daha çox məlumatlandıra bilirəm. Bu, elmdən bir qədər kənar, elə bir auditoriyadır ki, hərtərəflidir, maraqlıdır. Mən həmişə xəbər aparanda ekranın bu tərəfində olmağıma baxmayaraq ekranın o biri tərəfindəkiləri görməyə çalışıram”.

“Binəqədi” qəzetinin əməkdaşı Siyavuş Əmirli jurnalistikanın mövcud durumundan razı deyil: “2003-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişəm. Hərbi xidmətimi başa vurduqdan bir il sonra –  2005-ci ildən bu günə kimi orta məktəbdə ixtisasım üzrə işləyirəm, eyni zamanda mətbuatda da çalışıram. Müəllimlik etdiyim doqquz il ərzində yüzlərlə  şagirdim olub. Çalışmışam ki, onlara bacardığımı öyrədim. Təvazökarlıdan uzaq da olsa,  həmişə fəxr etmişəm ki, şagirdlərim məni həm müəllim kimi, həm də insan kimi sevib qiymətləndiriblər. Düşünürəm ki, müəllim kimi vəzifəmi layiqincə yerinə yetirə bilirəm.
1999-cu ildən-tələbəlik illərindən dövri mətbuatla da əlaqələrim başlayıb. Müxtəlif ictimai-siyasi tədbirlərdə iştirak edirdim, eləcə də universitetin xətti ilə keçirilən mərasimlərin təşkilati işləri mənə tapşırılırdı. Hələ o vaxtlar müəllimlərim deyirdi ki, səndən yaxşı yazar olacaq, mətbuatla əlaqələrini kəsmə. Amma sonralar bir müddət mediadan uzaq olsam da, 2009-cu ildən yenidən jurnalistikaya qayıtdım. Mətbuatda öz sözün demiş, peşəkar jurnalistlərdən çox şey öyrənmişəm. Tamxil Ziyəddinoğlu, İlham Məmmədli, Arif Məmmədli kimi jurnalistikanı bilən insanlarla çalışmışam. “Bütöv Azərbaycan” qəzetində çalışarkən isə müxtəlif universitetlərin jurnalistika fakültələrindən praktikaya göndərilən tələbələrə rəhbərlik mənə tapşırılmışdı. Bir çox qəzetlərdən fərqli olaraq biz tələbələrə nədən başlamağı, necə yazmağı öyrədirdik. 1 aylıq praktikanın demək olar ki, böyük hissəsi həmin uşaqlar mənimlə bərabər müxtəlif tədbirlərdə iştirak edirdilər və yazılar hazırlayırdılar. İndi də onlar məni özlərinin müəllimi sayırlar. Hesab edirəm ki, bu uğurumdur.
Etiraf edim ki, jurnalistikanın mövcud durumundan razı deyiləm. Ən adi hadisələri belə sensasiyaya çevirməyə çalışan, tanınmaq xatirinə istənilən vasitəyə əl atan insanları bu sahədə görəndə peşman oluram. Cümlədə xəbərlə mübtədanın yerin dəyişik salanlar peşəkar jurnalistikadan dəm vuranda təəssüf hissi keçirirəm. Amma hər şeyə rəğmən sevdiyim işlə məşğul olduğum üçün peşman deyiləm. Hazırda Binəqədi Rayon İcra Hakimiyyətinin təsis etdiyi “Binəqədi” qəzetində çalışıram. Tam səmimi deyirəm ki, burada işimdən və jurnalistlərə yaradılan şəraitdən çox razıyam. Sahə qəzeti olmasına baxmayaraq, qısa müddət ərzində bir çox ölkə miqyaslı qəzetləri üstələyə bilmişik. Ən əsası rayon rəhbərliyinin bizə böyük dəstəyi və etimadı var. O yerdə ki, sənə güvənirlər, etibar edirlər, dəstək verirlərsə, deməli, işləməyə dəyər”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Azərbaycan İctimai-Siyasi Universitetinin filologiya fakültəsini bitirmişəm. İxtisasca filoloqam. Amma jurnalistikaya dair müxtəlif kurslar keçmişəm. Öz ixtisasım üzrə işləməmişəm. Tələbəlik vaxtından bu qəzetə (“Yeni Azərbaycan”) məqalələr verirdim. 2-3 yazım dərc olunandan sonra məni bu qəzetdə işə götürdülər. Artıq 16-cı ildir ki, burada işləyirəm.
Jurnalistika daha maraqlı peşədi, ona görə öz ixtisasımın ardınca getmədim. 2013-cü ildə həm “əməkdar jurnalist” adını aldım, həm də ev verdilər. Bu sahədə olduğuma görə əlbəttə razıyam”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO