Prezident İlham Əliyev Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Başsağlığında deyilir: “Görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.
Süleyman Dəmirəl bütün həyat və fəaliyyətini doğma Türkiyənin rifahına həsr etmişdir. O, Türkdilli xalqlar və dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfələr vermişdir. Süleyman Dəmirəl eyni zamanda Azərbaycan xalqının əsl dostu idi. Azərbaycana qəlbən bağlılığı onun müstəqilliyimizə dəstəyində, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi sahəsində xidmətlərində öz ifadəsini tapmışdır.
Bu ağır itki ilə əlaqədar Sizə, qardaş Türkiyə xalqına, eləcə də mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və kədərinizi bölüşürük.
Allah rəhmət eləsin!”
Prezident İlham Əliyev Şevkət Dəmirələ də başsağlığı verib.
Başsağlığında bildirilir: “Sizin böyük qardaşınız, Azərbaycan xalqının əsl dostu Süleyman Dəmirəlin vəfat etməsi xəbəri məni sarsıtdı.
Dünyada böyük hörmət və nüfuz qazanmış görkəmli dövlət xadimi, bütün gücünü qardaş Türkiyəyə fədakarcasına xidmətə həsr etmiş gözəl insan dünyasını dəyişmişdir.
Xalqlarımızın iki dahi oğlunun – Heydər Əliyevin və Süleyman Dəmirəlin böyük dostluğu bizim xatirimizdə həmişəlik qalacaqdır.
Sizə və bütün ailənizə bu ağır itki ilə əlaqədar öz adımdan və bütün ailəmiz adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”

Trend.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO