Parlament jurnalistləri deputat Gülər Əhmədovanı necə xarakterizə edirlər?

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Gülər Əhmədova barədə fikirlərini bildiriblər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov: “Qadın deputat kimi hörmətim var. Əvvəllər uşaq problemləri ilə əlaqədar qanunverici aktlar hazırlayırdı. İstərdim əvvəlki fəaliyyətini bərpa etsin”

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Milli Məclisin cəsarətli deputatlarındandır. Hər hansı bir məsələ ilə bağlı geniş şəkildə danışır. Məmurlara qarşı bəzən kəskin çıxışları olur. Bu xidmətləri təqdirəlayiqdir. Ancaq qanunların müzakirəsi zamanı nəzərə çarpacaq çıxışları olmayıb”.

APA-nın əməkdaşı Elbrus Seyfullayev: “Hakim partiyanın Milli Məclisdə təmsil olunan aktiv xanım deputatlarından biridir. Onun çıxışları Milli Məclisdə maraqla qarşılanır. Yəni hər dəfə nəsə deyir. Xüsusilə ölkədə səhiyyə sahəsindəki vəziyyətlə bağlı sensasion açıqlamalar verir. Onun deputatlıq fəaliyyətini müsbət qiymətləndirirəm. İctimai-siyasi həyatda aktiv olduğu üçün jurnalistlərlə də münasibətdə elə bir problemi olmayıb”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Gözəl xanımdır. Fəal deputatdır. Mətbuat işçilərinə açıqdır. Bu keyfiyyəti digər deputatlara nümunə olacaq səviyyədədir. Cəsarətli çıxışları ilə diqqət çəkir. Təmsil olunduğu komandanın anormal hərəkətlərini də deməklə parlamentdə yadda qalıb. Sonuncu dəfə vəsaitin azlığı bardə çıxışlara münasibət bildirəndə pulun Bakı küçələrində asfaltların altında olduğunu demişdi. Bu çıxışı maraqlı idi. Ona uğurlar arzulayıram”.

“Lent.az” saytının əməkdaşı Pərvin Abbasov: “Məlahətli səsi olan gözəl xanımdı. Nə cavab verəcəyindən asılı olmayaraq, jurnalistlər ondan nə vaxt istəsə zəng vurub müsahibə ala bilər. Seçicilərilə maraqlanıb-maraqlanmadığından xəbərim yoxdur”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Parlamentin fəal deputatlarındandır. Mütəmadi olaraq iclaslarda qaldırılan məsələlərə münasibətini bildirir. Bəzən seçicilərinin də problemlərini Milli Məclisdə qaldırır”.

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşi Ağa Cəfərli: “Aktiv deputatlardan hesab olunur. Amma xüsusi fəaliyyəti ilə seçilməsə də, passiv deputatlarla müqayisədə aktiv hesab etmək olar. Heç vaxt deputatların əsas vəzifəsi olan qanunvericilik təşəbbüsü ilə çıxış etməyib. Ancaq ictimai-siyasi həyatda və Milli Məclisin iclaslarında aktivlik göstərir. Seçicilərin problemlərini nə dərəcədə həll etməsi barədə məlumatsızam. Ümumilikdə aktivdir. Jurnalistlərlə də normal münasibətləri var”.

“Modern.az” saytının əməkdaşı Elşad Eyvazlı: “Jurnalistlərlə o qədər isti münasibəti olmasa da, pis münasibətdə də deyil. Milli Məclisdə məmurlara qarşı yadda qalan çıxışları olub. Ümumilikdə fəaliyyətini aktiv qiymətləndirmək olar”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Qadın deputatlar arasında fəal millət vəkillərindən biridir. O, Uşaq təşkilatının sədri olmasına baxmayaraq bu sahədə fəallığı hiss olunmur. Ancaq Milli Məclisdə fəallıq göstərir. Gündəmdə baş verən hadisələrə münasibətini bildirir. Jurnalistlərlə münasibəti yaxşıdır”.

“Həftə içi” qəzetinin əməkdaşı Nahid Canbaxışlı: “Mən Gülər xanımı millət vəkili serçilməzdən öncə də tanıyıram. Jurnalistlərlə münasibətində elə bir problem olmayıb. Milli Məclisdə fəaliyyəti qənaətbəxşdir. Onun yenidən parlamentə düşüb-düşməyəcəyini indidən demək çətindir. Çünki YAP ondan da güclü xanım deputatların namizədliyini irəli sürəcək. Məncə bu, onun sonuncu deputatlıq fəaliyyətidir. Ehtimal ki, bu il o, parlamentlə vidalaşmalı olacaq”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Güneyli soydaşlarımızın hüquqlarının müdafisəsində fəallıq nümayiş etdirib. Milli Məclisdə orijinal təklifləri ilə yadda qalıb. Qadın hüquqlarının müdafiəçisi kimi tanınıb. Respublika Uşaq Təşkilatının sədri olmasına baxmayaraq uşaq hüquqlarının müdafiəsi ilə bağlı elə bir əməli layihə həyata keçirməyib. Bəlkə də keçirib, biz bilmirik. Jurnalistlərlə də münasibəti normaldır”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Gülər Əhmədova vaxtilə Milli Məclisin ən fəal deputatlarından biri idi. 3-cü çağırış dövründə isə nadir hallarda danışır. Mən deyərdim o, YAP-çılar arasında yeganə deputatdır ki, məmurları sərt tənqid edir. Bəzən də onun hadisələrə emosional münasibət bildirməsi qalmaqala səbəb olur. Misal üçün Türkiyənin baş nazirinin, o cümlədən İstanbuldakı baş konsulumuz Səyyad Aranın ünvanına səsləndiridiyi ittihamları qeyd etmək olar. Görünür Gülər Əhmədova deputat olsa da beynəlxalq münasibətlər, diplomatiya sahəsini yaxşı bilmir. Seçicilərinə münasibətə gəlincə, Yasamalda yaşadığım üçün deyə bilərəm ki, o, seçicilərinin müraciətlərinə biganə qalmır. Jurnalistlərlə münasibəti o qədər də isti deyil”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO