Nuşirəvan Məhərrəmli partiyalara seçki-efir vaxtının azlığına izah verdi

“Azərbaycanda televiziya kanallarının parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində namizədlərin reklamına gün ərzində 30-40 dəqiqə vaxt ayırması normal sayıla bilər”.

Bunu APA-ya açıqlamasında Milli Teleradio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

MTRŞ sədrinin sözlərinə görə, qanunvericiliyə əsasən, ödənişsiz efir vaxtı 3 saatdan az olmamalıdır. Müxalifət partiyalarının İTV-də verilən ödənişsiz efir vaxtının azlığından narazılıq etməsinə isə Şura sədrinin arqumenti fərqli olub: “Azərbaycanda siyasi partiyaların sayı bu qədər olmasaydı, efir vaxtı da digər ölkələrdəki kimi normal olardı. Bu cür problemlər var və parlament seçkilərində bu özünü daha çox göstərəcək”.

Altmışdan çox dairədə namizədi olan partiyalara İTV-də pulsuz efir vaxtı veriləcəyini xatırladan N.Məhərrəmli hesab edir ki, ən yaxşı hal ödənişli təbliğatın aparılmasıdır. Telekanallarda siyasi reklamların qiymətilə bağlı konkret tariflərin təyin edilməməsinə gəlincə, N.Məhərrəmli bildirib ki, vaxtla bağlı hansısa standartlar, məsələn Avropa ölkələrinin standartları əsas götürülürsə, bu, qiymətlərdə də nəzərə alınmalıdır: “Qiymətləri təyin etmək isə müstəqil telekanalların öz hüququdur”.

N.Məhərrəmli onu da əlavə edib ki, seçki kampaniyası zamanı telekanallarda “qara piar” aparılmasının müəyyən edilməsi məsələsilə MSK-nın nəzdində yaradılan mətbuat qrupu məşğul olacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO