Mətbuatdan yüksələn jurnalistlərin çağdaş mətbuat barədə dedikləri…

Mətbuat sahəsində çalışmaq bir çox həmkarımızın karyera qazanmasında mühüm rol oynayıb. Vaxtilə mətbuatda sıravi müxbir, redaktor vəzifələrində işləmiş bəzi həmkarlarımız indi dövlət orqanları və ya böyük şirkətlərdə mətbuat xidmətinin rəhbəri, ictimaiyyətlə əlaqə şöbəsinin müdiri postunu tuturlar. Təəssüf ki, onlardan bəziləri vəzifəyə gedəndən sonra mətbuata münasibəti dəyişib. Amma bu, hamıya şamil edilə bilməz, mətbuat sahəsindən dövlət orqanları və ya böyük şirkətlərə transfer olunanlardan jurnalistlərlə yaxşı işləyənləri də var. Onlar əvvəllər çalışdıqları sahənin işini indi necə dəyərləndirirlər?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli jurnalist fəaliyyətinə 1997- ci ildə “Space” telekanalında başlayıb. O, 2004-cü ilədək bu telekanalda çalışıb. 2004-2006-cı illərdə “İmprotex” Şirkətlər Qrupunun İctimiyyətlə əlaqələr sektorunda marketinq meneceri vəzifəsini tutub. 2006- cı ildən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəridır.
Elnur Kələntərli deyir ki, bir neçə il öncə ilə müqayisədə imdi KİV-də inkişaf daha çoxdur. “Jurnalistlər informasiya almaqda çətinlik çəkmirlər. “İnformasiya əldə etmək haqqında” Qanunun mövcudluğu bütün məmurları fakt qarşısında qoyur. Heç kəs informasiya verməkdən qaça bilməz”. Elnur Kələntərlinin sözlərinə görə, mətbuatda jurnalist araşdırmaları azdır. Onun fikrincə, bu, jurnalistlərə verilən əmək haqqının azlığı ilə bağlı ola bilər: “Jurnalistika nadir peşələrdəndir. Xüsusi istedad lazımdır, bu sahədə işləmək üçün vacib deyil ki, hökmən jurnalistika fakültəsini bitirəsən. Jurnalistlər peşəkarların yanında çalışsa, daha yaxşı olar. Keçmişdə belə idi. Məsələn, 1997- ci ildə “Space” Televiziyasına müsabiqə keçirilirdi. 400 nəfərə yaxın namizəd müsabiqədə iştirak edirdi. Oğlanlardan 2 nəfər seçildi. Mən də seçilənlərdən idim. Bizim üzərimizdə daha çox çalışırdılar. Seminarlarda iştirak edirdik. Ancaq indi bu ənənə qalmayıb”.
Elnur Kələntərli jurnalistlərin bəzən mətbuat xidmətindən aldıqları informasiyaları təhrif etmələrindən təəssüfləndiyini bildirir: “Bu adi hala çevrilib, artıq alışmışam. Əvvəllər belə hallar rezonans doğurardı. Ümumuiyyətlə, informasiya az olanda onu daha dolğun, ətraflı verə bilirsən. İndi buna səthi yanaşılır. Bəlkə də bunu bilərəkdən etmirlər. Bunun subyektiv, obyektiv səbəbləri var. Jurnalistlərin üzərinə böyük yük düşür.Ancaq bu gün yaxşı jurnalistə ehtiyac var”.
“Yenidən mediaya qayıtmaq istəyərsinizmi” sualını E.Kələntərli belə cavablandırıb: “Dövlət orqanında işləməyimə baxmayara jurnalist olaraq qalıram. Mətbuat xidmətinin rəhbəri olmağımla yanaşı, nazirliyin mətbu orqanı olan “Yeni Həyat” qəzetinə də nəzarət edirəm. Həmçinin gündəlik qəzetlərə baxıram, saytları izləyirəm”.

Nəqiliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov da vaxtilə media sahəsində çalışanlardandır. Yeddi yüzə yaxın məqalənin müəllifi olan N.Həsənov “7 gün” qəzetinin redaktoru olub.Vergilər Nazirliyinin mətbuat xidmətində çalışıb, sonralar isə “Lider” telekanalında “167-ci saat” analitik verilişin aparıcısı olub. Artıq 7 ildir Nəqliyyat Nazirliyinin katiblik rəisidir (həm də mətbuat xidmətinin rəhbəri). Namiq Həsənov deyir ki, mediada çalışdığı dövrdə həmişə fəal jurnalist olub: “2002- ci ildə “Fəxri gənc” mükafatı almışam, Zərdabi adına mükafatın laureatıyam. Həmçinin “Simurq” milli mükafatına layiq görülmüşəm”. Namiq Həsənovun fikrincə, son illər mətbuatda peşəkarlıq sanki azalıb.
“Məndə olan məlumata görə, ölkədə 62 minə yaxın jurnalist var. Bunların hamısına jurnalist də demək olmaz. Sadəcə cibdə vəsiqə gəzdirməklə jurnalist olmur. Peşəkar həmişə peşəkardır. Kiminsə və yaxud ölkənin taleyi ilə bağlı yazılar diletant səviyyədə yazılmamalıdır. Məqalə elə yazılmalıdır ki, hamının sözünü deyə bilsin, hamı üçün anlaşıqlı olsun. Bunu müəllim də, çoban da oxuyanda anlasın ki, söhbət nədən gedir”.
Namiq Həsənov hesab edir ki, jurnalistikaya təsadüfi adamların gəlməsi, müəyyən qüvvələrə qulluq etməsi, əmək haqqının az olması peşəkarlığın azalmasına səbəb olacaq amillərdir. “Çox istərdim ki, jurnalistlərə o qədər yüksək qonarar verilsin ki, onlar iki əlli işlərindən yapışsınlar. İşlərini itirməkdən qorxsunlar, bu zaman onlar daha peşəkar olarlar”. Alınan xəbərlərin təhrif olunmasına gəlincə, müsahibimiz deyir ki, bəzi jurnalistlər onlara verilən informasiyanı düzgün çatdırmır: “Təhriflər çox olur. Həmkarlarımla nə vaxt görüşsək və yaxud üz-üzə gəlsək, o zaman da deyirəm ki, onsuz da biz informasiyanı rəsmi saytımızda yerləşdiririk. Belə təhriflər verməklə öz mətbu orqanlarınızın nüfuzuna xələl gətirirsiniz”.
“Yenidən mətbuata qayıtmaq istəyərsinizmi” sualına N.Həsənov “mən elə indi də mətbuatdayam” deyə cavab veriv. Onu da əlavə edib ki, hər gün bütün saytları, mətbuat orqanlarını izləyir. “Bu demək olar ki, bizim peşənin xəstəliyidir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO