Mətbuat Şurasında qəzetlərlə bağlı şikayətlər araşdırılıb

Dünən Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası növbəti iclasını keçirib. Şura sədrinin müavini Umud Rəhimoğlunun rəhbərlik etdiyi komissiya üzvləri 6 müraciəti araşdıraraq müvafiq rəylər çıxarıb.
Modern.az xəbər verir ki, əvvəlcə millət vəkili Miri Qənbərovun «Millətin səsi» qəzetində gedən «Leriklilər Mirİ Qənbərova qarşı» (29 yanvar 2010-cu il) sərlövhəli yazı ilə bağlı şikayətinə baxılıb. Komissiya rəyə gəlib ki, məqalə etik prinsiplərin bir sıra tələblərinə sayğısızlıqla təqdim olunub. Lakin qəzet leriklilərin bununla əlaqədar redaksiyaya ünvanladıqları məktublarına və Mətbuat Şurasının tövsiyyəsinə müsbət yanaşaraq növbəti sayda təkzib dərc edib. Bunun şikayətçi tərəfi qane etməsi məsələnin həllini tapması qənaətinə gəlməyə əsas verir.

Komissiya Gəncə Şəhər Polis İdarəsinin «Bizim yol» qəzetinin 16 fevral 2010-cu il tarixli sayında dərc olunmuş «Gəncədə müdhiş oğurluq» sərlövhəli yazıda peşə prinsiplərinin gözlənilməməsi barədə şikayətini əsaslı sayıb. Nəşrin rəhbərliyi komissiya üzvlərinin həmin materialda yanlış məlumatın təqdimatı, qeyri-rəsmi mənbələrin informasiyalarının yayılmazdan əvvəl nə dərəcədə doğruluğunun yoxlanılması, balans prinsipinin gözlənilməsinin vacibliyi barədə iradları ilə razılaşıb. Rəy qəbulunda «Bizim yol»da artıq məsələ ilə əlaqədar təkzibin verilməsi məqbul qiymətləndirilb.

«Azərbaycan və iqtisadi yüksəliş» qəzetində Travmatologiya-Ortopediya Klinik Xəstəxanası və həmçinin bu müalicə müəssisəsinin baş həkimi Tariyel Qasımov barədə gedən yazılarla bağlı şikayətlər araşdırılarkən həmin məqalələrdə «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın əksər tələblərinin pozulduğu müəyyənləşdirilib. Belə rəyə gəlinib ki, qəzetin iki sayı arasında 4 ay məsafə verməsi nəşrdə peşə maraqlarının arxa planda olmasını təsdiqləyir. Üstəlk məsələyə «Polit alyans» qəzetinin cəlbi də əsas məqsədin peşə yaradıcılığından qaynaqlanmadığını isbatlamaqdadır. Bütün bunlar «Azərbaycan və iqtisadi yüksəliş»in fəaliyyətində «reket jurnalistika»ya xas cəhətlərin üstünlük təşkil etdiyini göstərməkdədir. Komissiya baş redaktor Müştəba Əliyevə qarşı tərəfdən üzr istənilməsini, təkzib verilməsini tövsiyyə edib. İclasda qəzetə ciddi xəbərdarlıq olunması, adının Şuranın «qara siyahı»sına salınması məsələsinin müzakirəsi üçün Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasına müvafiq təqdimat verilməsi razılığına gəlinib.

Məsələnin «Polit alyans» qəzeti ilə bağlı tərəfinə gəldikdə, nəşrin baş redaktoru Nəsimi Şərəfxanlı həm burada, həm də Salyan rayon maliyyə şöbəsinin müdiri Mahir Kərimovun MŞ-yə ünvanladığı şikayətdə əksini tapan iradları haqlı sayıb. Baş redaktor komissiyanın tövsiyyələrinin nəşrin gələcək fəaliyyətində əsas götürüləcəyini deyib. O, hər iki şikayətçidən üzr istəməyə, növbəti sayda təkzib verməyə hazır olduğunu bildirib.

Komissiya «Söz azadlığı» qəzetinin də adının «qara siyahı»ya salınması üçün əsasların olduğunu müəyyənləşdirib. Bildirilib ki, Şəmkir rayonundakı Çaparlı kənd icra nümayəndəliyinin bu nəşrdə dərc olunmuş yazı ilə əlaqədar Şuraya ünvanladığı şikayət «Söz azadlığı»nın fəaliyyətindəki peşə prinsiplərinə zidd halların davamlı xarakter aldığını göstərməkdədir. Əvvəlki iclasda da qəzetlə bağlı müzakirələrin getdiyini xatırladan komisssiya üzvləri KİV-in iradlardan nəticə çıxarmadığını vurğulayıblar. Qeyd edək ki, nəşrin rəhbərliyi Şikayətlər üzrə Komissiyası ötən ay baş tutan iclasında MŞ-nin tövsiyyəsinə əməl edəcəyini bildirsə də, eyni tənqid hədəfi barədə qərəzli münasibətini davam etdirib. Bütün bunlar «Söz azadlığı» barədə də «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasına müvafiq təqdimat verilməsini zəruriləşdirir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO