Müsahibimiz JuHİ-nin sədri Müşfiq Ələsgərlidir

– Jurnalistlərin həmkarlar təşkilatları ətrafında sıx birləşməsində, həmkarlar təşkilatının isə onların sosial hüquqlarını sistemli şəkildə müdafiə etməsində müəyyən problemlər var. Bütün bunlar nə ilə bağlıdır? Bir təşkilat olaraq JuHİ-nin tam mahiyyəti ilə sahə həmkarlar ittifaqına çevrilməsində hansı maneələr var və siz bu maneələri keçmək üçün nələr edirsiniz?

– JuHİ bəlkə də yeganə təşkilatdır ki, Ədliyyə Nazirliyi tərəfindən rəsmən qeydə alınmış Nizamnaməsində ikili istiqamətdə fəaliyyət qurmaq nəzərdə tutulub. Birinci istiqamət jurnalistlərin sosial-iqtisadi, əmək hüquqlarının qorunmasıdır. Azərbaycan jurnalistlərinin sosial-iqtisadi hüquqlarının qorunması, onların rifah halının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək, həmin təkliflərin gerçəkləşməsinə nail olmağa çalışmaq JuHİ-nin Nizamnamə ilə nəzərdə tutulmuş missiyasıdır. İkinci xətt isə ölkədə söz və mətbuat azadlığının qorunması və inkişaf etdirilməsi istiqamətində fəaliyyətdir. Bu məqsədlə dünyada söz azadlığının qorunması, inkişaf etdirilməsi praktikasını öyrənmək, onu Azərbaycanda tətbiq etmək də təşkilatımızın Nizamnamədən irəli gələn vəzifəsidir.

Təəssüflə qeyd etməliyəm ki, JuHİ fəaliyyətinin birinci mərhələsində, yəni yarandığı 1997-ci ildən 2005 -ci ilə qədər olan dövrdə birinci istiqamət üzrə ciddi uğurlara imza ata bilmədi. Söhbət jurnalistlərin sosial hüquqlarının qorunmasından və inkişaf etdirilməsindən, rifah halının yaxşılaşdırılması üçün müəyyən təkliflərin verilməsindən və onun gerçəkləşdirilməsinə nail olmaqdan gedir. Qeyd olunan dövrdə fəaliyyət daha çox 2-ci istiqamət üzərində cəmlənib və ciddi uğurlar qazanılıb. JuHİ yaranışından çox keçmədən, qısa müddət ərzində beynəlxalq təşkilatların etimadını qazanıb və həmin təşkilatlara üzv olmaq, yaxud, rəsmən əməkdaşlıq etmək statusu qazanıb. Məlumat üçün bildirim ki, dünyada beynəlxalq statuslu jurnalist təşkilatları sayca çox olsa da, bunlardan beşi ciddi imicə sahibdir və dünyada söz azadlığının inkişafı prosesinə təsir etmək imkanı qazanmışdır. JuHİ 1999-2003-cü illər arasında həmin 5 təşkilatdan 3-ün üzvü, Azərbaycan və hətta region üzrə təmsilçisi olmuş, digər ikisi ilə sıx əməkdaşlıq etmişdir.

Onlardan biri və ən yüksəkdə duranı İFEX adlanır, yəni Beynəlxalq Söz Azadlığı Mübadiləsi. Dünyanın elə bir nöqtəsi yoxdur ki, orada İFEX – in təmsilçisi və yaxud üzv təşkilatı olmasın. Bu bir dünya şəbəkəsidir. Amerikadan tutmuş Afrikaya qədər təşkilatlanmış bir şəbəkədir. Dünyanın istənilən ölkəsində media ilə bağlı baş vermiş hər hansı hadisə dərhal bu təşkilatın yerli təmsilçisi tərəfindən informasiyalaşdırılır və Kanadada (Toronto) yerləşən mərkəzi ofisə ötürülür. Bir neçə saat ərzində həmin informasiya qəlibə salınır və dünya şəbəkəsinə təqdim edilir. Beləliklə, dünyanın hər hansı nöqtəsində media ilə bağlı baş vermiş hadisə bir-iki saat ərzində dünyanın istənilən nöqtəsinə tam obyektiv şəkildə çatdırılır. Yeganə təşkilatdır ki, hər hansı hadisəyə heç bir rəy vermir, münasibət bildirmir, sadəcə olaraq informasiyanı yayır. Bu təşkilat informasiya yayıcılığı sahəsində pik təşkilatdır. JuHİ 2007-ci ilə qədər İFEX-in Azərbaycanda təmsilçisi, regionda ən aktiv və dayanıqlı üzvü olub. Paralel olaraq, həmin dövrdə Beynəlxalq Jurnalistlər Federasiyasının, Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan üzrə təmsilçiliyi statusunu daşıyıb.

JuHİ sadalanan beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq nəticəsində söz azadlığının müdafiəsi, inkişaf etdirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsində və onun Azərbaycanda tətbiq olunmasında ciddi işlər görüb…

– Bu təşkilatlarla əməkdaşlığınız yenə davam edirmi?

– Əlbəttə. Hətta yeni uğurlar əldə olunub. Sadəcə bir məqamı vurğulamaq lazımdır ki, çoxlarından fərqli olaraq, biz heç vaxt bu sahələri monopoliyada saxlamaq fikrində olmamışıq. Fəaliyyət istiqamətinə uyğun olaraq, həmin təşkilatlarla əməkdaşlığa Azərbaycandan yeni üzvlər cəlb olunub. JuHİ-nin keçmiş sədri Azər Həsrətin təşəbbüsü ilə Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan təmsilçiliyi JuHİ-dən Beynəlxalq Avroasiya Mətbuat Fonduna ötürülüb (Azər Həsrət JuHİ sədri olaraq İFEX-in İdarə Şurasının üzvü, İPİ-ın region üzrə eksperti idi). BAMF-ın İPİ ilə indiki əməkdaşlığı, Azərbaycana verdiyi fayda göstərir ki, həmin qərar çox düzgün və zamanında verilib. İFEX-də də indi JuHİ ilə yanaşı başqa təşkilatlar da təmsil olunur. Zamanında biz onların İFEX-ə üzvlüyü üçün zəmanət vermişik. Beynəlxalq Jurnalistlər Federasiyasının fəaliyyət istiqamətində birbaşa həmkarlar təşkilatları ilə işləmək maddəsi olduğundan, onların təmsilçiliyini JuHİ-də saxlamışıq. Beləliklə, JuHİ nəinki beynəlxalq təşkilatlarla əməkdaşlıq edib, onların köməyi nəticəsində beynəlxalq təcrübəni öyrənərək Azərbaycanda yayıb, həm də Azərbaycanda bu təşkilatların fəaliyyət imkanlarını genişləndirmək üçün ciddi işlər görüb.

Azərbaycanda media sahəsində ən böyük tədbiri ilk dəfə JuHİ keçirib. İFEX-in 2004-cü ildə illik toplantısı Azərbaycanda keçirilib, çox uğurlu nəticələr əldə olunub. Həmin tədbirdə bütün dünya dövlətlərinin jurnalist təşkilatları iştirak edirdilər. Onların əksəriyyəti Azərbaycanla ilk dəfə canlı təmasda olur, həqiqətləri gözləri ilə görürdülər…

– Belə çıxır ki, JuHİ Nizamnaməsinin 2-ci bəndinə uyğun olan fəaliyyətiniz o qədər uğurlu alındı ki, 1-ci bənd üzrə öhdəlikləri “unutdurdu”?

– Zahirən elə təəssürat yarana bilər. Amma buna tam mənası ilə unutmaq demək olmaz. Sadəcə birinci istiqamət üzrə, yəni, jurnalistlərin sosial hüquqlarının qorunması, inkişaf etdirilməsi, həmkarlar təşkilatları quruculuğunun intensivləşdirilməsi işini lazımi səviyyədə qurmaq üçün qeyd etdiyimiz dövrdə heç bir şərait yox idi. Bu şərait yalnız 2005-2006-cı ildən sonra yaranıb ki, biz də yaranmış şəraitdən maksimum istifadə edirik…

– Şərait yox idi deyəndə nəyi nəzərdə tutursunuz?

– İndi Azərbaycanda müstəqil mətbuatın fəaliyyəti, inkişafı üçün çox ciddi imkanlar mövcuddur. Hansı ki, 90-cı illərin sonunda, 2000-ci illərin əvvəllərində bu şəraitdən danışmaq mümkün deyildi. İndi media sahəsində Azərbaycan çox ciddi irəliləyişlər əldə edib. Məsələn, 1998-ci ildə rəsmi senzura ləğv olunub, ardınca, media haqqında yeni-demokratik yönlü qanun qəbul edilib. Qeyd edək ki, bu qanun Cənubi Qafqazda, hətta Postsovet məkanında və Şərqi Avropada ən demokratik yönlü media qanunlarından biri kimi qiymətləndirilir. Azərbaycanda mətbuatın fəaliyyətini tənzimləyən inzibati qurum – Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması, əvəzində mediaya özünütənzimləmə statusunun verilməsini, Mətbuat Şurasının yaranmasını da ciddi uğurlar sırasına yazmaq mümkündür ki, bütün bunlar medianın inkişafına sonsuz üfüqlər açır. Sadalanan uğurların qazanılması, yeniliklərin əldə edilməsi üçün dövlət nə qədər iradə göstərsə də, hər halda onların gerçəkləşdirilməsi üçün aşağıdan gələn təşəbbüs, hətta bəzən təpki lazım idi. Həmin məqamda bütün media ictimaiyyətinin diqqəti, mübarizəsi bu amil üzərində fokuslaşmışdı. Bu baxımdan, həmin vaxtlarda sosial hüquqların qabardılması qeyri-adi qarşılanırdı. Çünki mübarizə müstəvisi və hədəf başqa idi. Hədəfdə duran məsələlər qanunvericiliyin təkmilləşdirilməsi, senzuranın ləğv olunması, inzibati idarəetmənin yerinə özünütənzimləmə qurumunun yaradılması və sair məsələləri idi. Prioritetlər başqa məsələlər olduğuna görə, sosial hüquqların qabardılması bir növ qeyri-adi hadisə kimi qarşılanırdı. Bütün bunlara baxmayaraq, biz bu məsələni qaldıranda KİV rəhbərləri bizə irad tuturdular ki, siz bizi mübarizə hədəfindən yayındırmaq istəyirsiniz. Ən tanınmış insanlar tərəfindən bizə göstərilən qınaq idi ki, imkan verin, biz işimizi görək, sonra gəlib sosial-iqtisadi müstəviyə də çıxarıq. Biz kifayət qədər onlara vaxt verdik. Qanunvericilik təkmilləşdi, yəni artıq Azərbaycanda azad media müstəvisi, meydanı formalaşdı. Hesab elədik ki, 2004 – cü ildən sonra artıq sosial-iqtisadi məsələlərin gündəmə gətirilməsi və onun inkişaf etdirilməsində müəyyən mərhələ başlayır və biz bu prosesin önündə getməliyik.

Lakin obyektiv və subyektiv səbəblərdən bir sıra problemlərimiz vardı ki, 2004 -2006-cı illərdə proqramımızı həyata keçirmək üçün ciddi maneə törədirdi. Birincisi, beynəlxalq təşkilatlarla işləmək, onların təcrübəsini öyrənmək, Azərbaycanda yaymaq, ədalətsiz məhkəmə çəkişmələrinə qarşı mübarizə aparmaq və sair işlərə o qədər alüdə olmuşduq, o qədər prosesin içinə getmişdik ki, artıq klassik həmkarlar təşkilatı quruculuğu məsələsinə bir qədər yabançılaşmışdı. Hətta iş o yerə çatmışdı ki, heç kim bizə həmkarlar ittifaqı kimi baxmırdı. Buna görə də bəzən jurnalistlərin sosial hüquqlarını müdafiə etmək üçün Həmkarlar İttifaqına alternativ qurumlar yaradılması təşəbbüsləri ortalığa çıxırdı.

İkincisi, etiraf etmək lazımdı ki, hər bir uğurlu işin içində müəyyən problemlər də olur və təəssüf ki, bu, bizdən də yan keçməmişdi. Məsələn, bilirsiniz ki, Azərbaycanda jurnalistikanın çərçivəsi cızılmamışdı, yəni, özbaşına bir fəaliyyət var idi. Bu yeni media qanununun yaratdığı fəsadlardan biri idi. Hər hansı şəxs Ədliyyə Nazirliyinə müraciət eləyir, 10 günün içində qeydiyyatdan keçir və qəzet nəşr etməyə başlayır. Dərhal da 50 insana vəsiqə verərək müəyyən işi görməyə göndərir. Həmin “jurnalistlər” öz səhvlərinin səbəbindən də olsa problemlərlə rastlaşanda, müdafiə olunmaq üçün jurnalist təşkilatına, yəni bizlərə müraciət edirdilər. Çünki adı jurnalist gedir. Jurnalist vəsiqəsi daşıyır və müraciət edəndə də istənilən halda jurnalist hüquqlarının müdafiəsi təşkilatı onu qorumalı olur. Belə qeyri-obyektiv hallar o qədər olurdu ki, bizim prinsipiallığımıza zərər gətirəcək səviyyəyə çatmışdı. Həmin jurnalistləri müdafiə etməyəndə deyirdilər, hansısa marağa görə susdular, müdafiə edəndə isə peşəkarlar tərəfindən qınağa rast gəlirdik ki, bu kimdir axı?! Bu cür hallar o qədər baş vermişdi ki, bizdən asılı olmayaraq artıq JuHİ az qalmışdı bir qeyri-obyektiv, qeyri-peşəkar imic qazansın. Bəzən bu fəaliyyətimizi hansısa siyasi maraqlarla da əlaqələndirirdilər və qarşılığında ciddi problemlərlə rastlaşırdıq. Bu səbəbdən ofisimizi, hüquqi ünvanımızı, təşkilat olaraq mülkiyyətimizin böyük bir hissəsini itirdik. Jurnalistlərin əksəriyyəti siyasiləşdiyindən, hansısa partiyaların təmsilçisinə çevrildiyindən, onların müdafiəsi də ağırlaşırdı. Partiyalı jurnalistin jurnalist kimi pozulmuş hüququnu müdafiə edəndə, istər-istəməz belə rəy yaranırdı ki, bəlkə biz də həmin siyasi quruma yaxınıq. Sonradan başqa siyasi qrupa yaxın jurnalistin pozulmuş hüququnu qoruyanda bizim haqqımızda “siyasi mövqelərini dəyişdilər” deyirdilər. Hansı ki, biz öz işimizlə, sadəcə jurnalist hüquqlarının müdafiəsi ilə məşğul idik. Təbii ki, bütün bunlar fəaliyyətimizə ciddi zərbə vurdu və 2004-2005-ci illəri, belə demək mümkünsə, canımızı qurtarmağa sərf etdik. Keçmiş sədrimizin, Azər Həsrətin siyasi fəaliyyətə qərar verməsi və bu baxımdan JuHİ sədrliyinən istefa verməsi də işimizə ciddi problemlər yaratdı. Gözlənilməz bir boşluq yaranmışdı. Canımız sıxılmasın deyə, bir problemi də qeyd etməklə fikrimi tamamlamaq istəyirəm. Məsələ ondadır ki, bu dövrdə heç bir donor təşkilatdan yardım da ala bilmirdik. Kimə müraciət edirdiksə, “bizim prioritetlərdə sosail hüquqların qorunmasına dəstək vermək məsələsi yodur” cavabı ilə rastlaşırdıq. Hətta adi bir məlumatımızı, press-relizi də yaya bilmirdik. Çünki, KİV rəhbərləri arasında həmkarların inkişafına imkan verməmək kimi sanki “qara həmrəylik” mövcud idi.

Şükürlər olsun ki, 2006-cı ildən etibarən bu problemlərdən qurtara bildik. Həmin dövrdən indiyə kimi ardıcıl olaraq həmkarlar ittifaqı quruculuğu, eyni zamanda jurnalistlərin sosial hüquqlarının müdafiəsi üçün sistemli bir iş aparırıq.

– Çox maraqlıdır, dönüş nöqtəsinə səbəb nə oldu?

– Mən ilk növbədə JuHİ ətarfında sayca az da olsa, möhkəm iradə ilə birləşmiş komandanı; sonra ölkədə yaranmış durumu, nəhayət donor təşkilatların strategiyalarında baş verən dəyişiklikləri qeyd etmək istəyirəm. Ən ağır məhrumiyyətlərə, təzyiqlərə, təpkilərə hədəf olsa da, JuHİ-nin rəhbər strukturlarında, xüsusən İdarə Heyətində təmsil olunan şəxslərdən bircə nəfər də olsun sıralarımızı tərk etmədi. Əksinə, təşkilatın ayaqda qalması üçün hər kəs öz potensialını xərclədi. İkincisi, ölkə prezidentinin xüsusi kurs kimi sosial-iqtisadi inkişaf proqramını elan etməsi, istər-istəməz sosial hüquqların inkişafı və qorunması mövzusunu aktuallaşdırdı. Bu isə birbaşa həmkarlar təşkilatlarının xeyrinə işlədi. Üçüncüsü, mən Açıq Cəmiyyət İnstitutu Yardım Fondunu qeyd etmək istəyirəm. Onlar, donor təşkilatlar sırasında bəlkə də ilk təşkilat oldular ki, strategiyalarına sosial hüquqların qorunmasına dəstək məsələsini daxil etdilər və bu sahədə partnyor təşkilat kimi bizimlə iş qurdular. Bütün bunlar bizə böhran vəziyyətdən çıxmağa, həmkarlar təşkilatı olaraq öz potensialımızı göstərməyə şərait yaratdı. 2007-ci ildə biz Jurnalistlərin Həmkarlar İttifaqının 5 illik strateji proqramını hazırladıq. Hansı mərhələdəyik, hansı mərhələyə doğru gedirik, hansı mərhələləri keçməliyik kimi suallara burada tam cavab verilir. İndi həmin proqramın sonuncu mərhələsinin icrasına başlamışıq. İnşallah, yaxın vaxtlarda işimizi tamamlayanda, jurnalistika sahəsində çox yetkin, təkmil bir həmkarlar təşkilatının şahidi olacaqsınız.

– Maraqlı sualdır, haradayıq, hansı vəziyyətdəyik və hara gedirik? Bəlkə proqramınızda əks olunmuş bu suallara bir qədər aydınlıq gətirəsiniz…

– Etiraf edək ki, jurnalistlər zümrəsi olaraq sosial baxımdan yaxşı vəziyyətdə deyilik. Mən yüksək məqamlardan danışmıram, ən elementar sosial hüquqlarımız təmin olunmayıb. Artıq ictimailəşdirdiyimiz bəzi faktları nəzərinizə çatdırım. İlk növbədə əmək haqqı azlığıdır. Keçirdiyimiz sorğular göstərir ki, sıravi jurnalistin aylıq qazancı, onun hətta minimum istehlak səbətini təmin etməyə də çatmır. İkincisi, mənzilsizlik problemidir. Rəsmi statistikaya görə, jurnalistlərin 80 faizinin şəxsi mənzili yoxdur və indiki qazancla bu problemi həll etmək mümkün də deyil. Üçüncü problem kimi redaksiyalarda əmək müqavilələrinin bağlanmamasını (KİV redaksiyalarının 85 faizində əmək müqavilələri bağlanmır), istirahət hüququnun pozulmasını, tibbi sığortanın olmamasını (cəmi 11 faiz jurnalistin tibbi sığortası var) və sair amilləri göstərmək olar. Məsələ ondadır ki, həm də bütün bu problemlər barədə sanki “danışmaq olmaz yasağı” vardı. Biz, JuHİ olaraq belə bir mərhələni dəyərləndirdik və ondan qurtarmaq üçün fəaliyyət qurduq. İndi mənzərə dəyişir və çatmaq istədiyimiz məqam sadaladığım problemlərin artıq həll edilib başa çatdığı mərhələdir.

– Problemlərin həlli üçün nədən başlamısınız və indi durum nə yerdədir?

– Hesab etdik ki, problemlərin həlli üçün əvvəlcə onun ictimailəşdirilməsi lazımdır. “Jurnalistin sosial problemi barədə KİV-də məlumat vermək olmaz” yasağını qırdıq və bu gün artıq hər bir kəs bu problemlər barədə məlumatlıdır. Görəndə ki, bizim məlumatları yaymırlar, onda 2006 – 2007-ci illərdə Azərbaycanda ilk dəfə həmkarlar təşkilatının ixtisaslaşmış qəzetinin nəşrini həyata keçirdik. “Həmkarlar” adlanan qəzet spesifik olaraq jurnalistlərin ağır sosial -iqtisadi durumundan, gündəlik rastlaşdıqları əmək mübahisələrindən yazırdı. 2007-2008 illərdə qəzetin çap variantını saxladıq, internet saytımız vasitəsilə xəbərləri yaymağa başladıq. Bu dövrdə Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə “Jurnalistlərin sosial problemlərinin ictimailəşdirilməsi” kampaniyasını həyata keçirdik. Proqram uğurlu alındı. Necə deyərlər, artıq cin şüşədən çıxdı. İndi, ölkənin ən tirajlı KİV-ləri də JuHİ-nin məlumatlarını yayır, jurnalistlərin sosial problemlərini qabardırlar. Uğurlu fəaliyyətin nəticəsi olaraq ölkə jurnalistlərinin qurultayında JuHİ-yə Azərbaycan Mətbuat Şurasının idarə heyətində təmsil olunmaq üçün etimad göstərildi. Bu, həm də, Mətbuat Şurası sədrinin jurnalistlərin sosial qayğılarına biganə qalmamasının göstəricisi idi. JuHİ-nin Mətbuat Şurasında təmsilçiliyinə ona görə şərait yaradıldı ki, jurnalistlərin sosial qayğıları daim diqqət mərkəzində saxlanılsın. Əflatun Amaşovun təşəbbüsü ilə MŞ-da Sosial Komissiya yaradıldı ki, onun da idarəçiliyi JuHİ sədri olaraq mənə həvalə edilib.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə KİV-ə dəstək konsepsiyası imzalanıb, həmin konsepsiyanın gerçəkləşdirilməsi üçün Mətbuata Dəstək Fondu yaradılmaq üzrədir. Fondun tərkibi yaxın vaxtlarda təsdiq olunacaq, artıq namizədlər verilib. Bundan sonra yardımın verilməsinin şərt və qaydaları müəyyən olunacaq. Mətbuat Şurasının Sosial komissiyası və JuHİ- nin təklifi var ki, həmin şərtlər arasında “əmək müqaviləsi bağlamayan, əmək münasibətləri şəffaf olmayan redaksiyalara maddi yardım göstərilməsin” müddəası da əks olunsun. Hesab edirik ki, bu şərtin qəbulundan sonra əmək müqavilələrinin bağlanmaması problemi mexaniki olaraq aradan çıxacaq.

Bir məsələyə də toxunmaq istərdim. Uzun müddət ərzində bizim Azərbaycan Həmkarlar İttifaqının Konfederasiyası (HİK) ilə münasibətlərimiz olmayıb. Qərara aldıq ki, soyuq münasibətlərin dövrü keçib, Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə müraciət etdim ki, münasibətlər qurmaq üçün danışıqlara başlayaq. Təklifimi müsbət dəyərləndirdilər. Yeri gəlmişkən, buradan AHİK sədri Səttar müəllimə, onun müavini Aqil müəllimə təşəkkürümüzü çatdırmaq istəyirəm. Danışıqlarımız yanvar ayından başlayıb. Yəqin ki, yaxın gələcəkdə uğurla nəticələnəcək. Fikrimizcə, AHİK-lə əməkdaşlıq nəticəsində jurnalistlərə həm müalicə, həm də istirahət üçün yollayışlar verilməsi problemini də həll edə biləcəyik.

Söhbəti yazdı: Afərim Köçərli

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO