Əməkdar jurnalistin “Sənətin keçdiyi yollar” kitabı çapdan çıxıb

Əməkdar jurnalist Telman Qarayevin “Sənətin keçdiyi yollar” kitabı “Qoliaf” nəşriyyat evində çapdan çıxıb.

SalamNews-un məlumatına görə, kitab müəllifin son əlli ildə Azərbaycanın musiqi dünyası ilə təmasının mənzərəsini əks etdirir. Müəllif öz yaradıcılıq imkanlarına güvənərək onu mərhələ-mərhələ qruplaşdırıb. Üzeyir Hacıbəylidən başlamış müasir bəstəkarlıq məktəbinə qədər keçilən 75 illik yol bu kitabda geniş şəkildə əhatə olunub. Eyni zamanda son illər həyatımızda baş verən ictimai-siyasi hadisələr də müəllifin diqqətindən yayınmayıb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan kitabı müəllif milli radiomuza ithaf edib. Kitabın redaktoru və “Sənətin yol yoldaşı” adlı ön sözün müəllifi xalq artisti, professor Ramiz Zöhrabov müəllifin əməyini yüksək qiymətləndirib və əsərin məziyyətlərindən söz açıb.

R.Zöhrabov yazır: “Telman Qarayevin istər mətbuatda, istərsə də Azərbaycan radio və televiziyasında uzun illik fəaliyyəti ilə tanış olan hər kəs onu tədqiqatçı jurnalist adlandırar. Çünki həmin dövrdə musiqi mədəniyyəti tarixində baş verən hər bir hadisə, ölkəmizdə keçirilən hər hansı bir mədəniyyət tədbiri, beynəlxalq festivallar məhz onun qələminin məhsulu kimi ətraflı şəkildə yazılı mətbuatda dərc olunmuş, silsilə verilişlərə çevrilib”.

Yazıda vurğulanıb ki, Telman Qarayev bu vaxtadək aldığı müsahibələrin sayəsində beş mindən çox səs sərvəti toplayıb ki, bunların da əksəriyyəti musiqi sənəti ilə bağlıdır. O, Azərbaycanın korifey sənətkarlarının səsini yığıb toplamaqla böyük bir xəzinə yaradıb. “Üzeyir dünyası”, “Musiqimizin problemləri”, “Sənət müjdələri”, “Yubileylər, xatirələr, təəssüratlar” adlı dörd fəsildən ibarət, nəfis tərtibatlı “Sənətin keçdiyi yollar” kitabı hər bir oxucuya Azərbaycan musiqisinin əzəməti, bənzərsizliyi haqqında dolğun məlumat verəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO