Milli kitab mukafatı müsabiqəsində əsərləri dəyərləndirəcək ekspertlər şurası 5 nəfərdən ibarət olacaq

Milli Kitab Mükafatı müsabiqəsində iştirak etmək istəyən qələm adamlarının əsərlərini dekabrın 31-dək ekspertlər şurasına təqdim etmək imkanı var. “Media forum” saytına açıqlamasında mükafatın təsisçisi, “Əli və Nino” Nəşriyyat Evinin rəhbəri Nigar Köçərli deyib ki, ekspertlər şurası 5 nəfərdən ibarət olacaq: “Amma onların adlarını açıqlamayacağıq. Bütün dünyada belədir – əsərləri dəyərləndirən ekspertlər şurasına daxil olan adamların kimliyi bilinmir”.

N.Köçərlinin sözlərinə görə, ekspertlər şurası öz işinə yanvar ayının 1-dən başlayacaq: “Onlar yanvar ayının 26-dək təqdim olunan əsərlər içərisindən 20-ni seçəcək. Bu, yarımfinal hesab olunur. Fevralın 10-a qədər isə 20 əsərin içərisindən 10-u seçiləcək. Yəni bu 10 əsər əslində laureatlardır. Bu 10 müəllifin əsəri müsabiqənin saytında yerləşdiriləcək, həmçinin kitab şəklində dərc olunacaq. Fevralın 10-dan sonra iki ay müddətinə münsiflər heyəti 10 əsər işərisindən 3 qalibi elan edəcək”.

Təsisçi qeyd edib ki, mükafatın təqdimetmə mərasiminin may ayının 1-də keçirilməsi nəzərdə tutulub. Amma o, tədbirin aprel ayında baş tutacağını da istisna etməyib.

Müsabiqəyə hekayələr, povestlər, romanlar və digər nəsr əsərləri qəbul olunacaq. Müəllifin vətəndaşlığından asılı olmayaraq Azərbaycan dilində yazılmış bütün əsərlər və əsərin dilindən asılı olmayaraq Azərbaycan vətəndaşının yazdığı əsərlər təqdim edilə bilər.

Namizəd əsərlər minimum 40 min çap işarəsi həcmində olmalıdır. Milli Kitab Mükafatının təqdimat günündən 10 il əvvəlki müddətdə yazılmış əsərləri münsiflər heyəti nəzərdən keçirəcək. Namizəd əsərlərin müəlliflərinə yaş, cins, yaşayış yeri və əsərin nəşr olunma yeri üzrə heç bir məhdudiyyət tətbiq olunmayacaq. Əsərləri yalnız müəlliflər təqdim etməlidir. Bura həm dərc olunmuş, həm də dərc olunmamış əsərlər daxildir.

Birinci yerin qalibinə 3000, ikinci yerin qalibinə 2000, üçüncü yerin qalibinə isə 1000 manat həcmində mükafat veriləcək.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO