Mühacirətdə olan jurnalist Şahnaz Mətləbqızı: ”…birdəfəlik Azərbaycana qayıtmaq istəyirik”

Modern.az saytı Azərbaycan mətbuatında tanınmış imza sahibləri olan və uzun müddətdir KİV-də imzası göranməyən jurnalistlər barədə məlumatları oxuculara çatdırmaqda davam edir. Bu dəfə müsahibimiz imzası “Yeni Müsavat”ın oxucularına yaxşı tanış olan, amma 6-7 ildir mətbuatdan uzaqlaşan Şahnaz Mətləbqızıdır.

Şahnaz Mətləbqızı 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 1999-cu ildə universiteti bitirərək bakalavr dərəcəsi alıb. Elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetində magistraturaya qəbul olub və 2001-ci ildə magistr dərəcəsinə yiyələnib. Mətbuata da elə universitetdə oxuduğu müddətdən – 1999-cu ildən gəlib.

”Füzuli rayonunun Gecəgözlü kəndində doğulub, böyüyüb boya-basha catmışam. Atam şair Mətləb Misir 10-a yaxın şeirlər kitabının müəllifidir. Gözümü açandan evimizdəki otaqlardan ən böyüyünün kitabxana – atamın şəxsi kitabxanası olduğunu görmüşəm. Bəlkə də elə bunun nəticəsidir ki, ailəmizin bütün üzvləri ali təhsil alıblar, yazıb-yaratmaga həvəsli olublar.
Mən universitetin 4-cü kursunda oxuyurdum ”525-ci qəzet”lə əməkdaşlığa başlayanda. 1 neçə ay bu qəzetdə fəaliyyət göstərdikdən sonra Xalid Kazımlının redaktorluğu ilə nəşr olunan ”Reytinq” qəzetində işləməyə davam etdim. 2000-ci ilin ortalarindan Azərbaycanı tərk etdiyim müddətə qədər isə ”Yeni Müsavat” qəzetində çalışmışam. Jurnalistika fəaliyyətimlə bərabər siyasi fəaliyyətlə də məşğul idim. 1998-ci ildən Müsavat Partiyasının sıravi üzvü, daha sonra partiyanın Məclis üzvü olmuşam”

– 7-8 il öncə “Yeni Müsavat”ın oxucularına Şahnaz Mətləbqızı imzası yaxşı tanış idi. 2003-cü ildən sonra imzanız itdi. Aktiv jurnalistikadan getməyiniz nə ilə bağlı oldu?

– Doğrusu, 2003-cu ilin seçkilərinə qədər məndə böyük inam var idi ki, apardığımız mübarizənin gec-tez nəticəsi olacaq. Bir neçə ilə Azərbaycanı, xalqımızı layiq olduğu səviyyədə görə biləcəyik. Yazdığım yazılara görə döyülsəm də, hədələnsəm də, ailə üzvlərim təzyiqlərə məruz qalsa da, icimdə böyük bir inam hissi olub. Amma 2003-ün seçki biabırçılıqlarından sonra içimdəki bu inam hissi öldu. Ölkədə o zamankı ıctimai-siyasi durumun Azərbaycanı tərk etməyimdə böyük rolu oldu. 2004-cü ilin əvvəlində ailə həyatı qurdum. Bir neçə ay sonra həyat yoldaşımla bərabər Azərbaycanı tərk etmək qərarına gəldik. 2004-ün iyun ayından İsveçdə yaşayırıq. Hazırda bu ölkənin vətəndaşıyıq.

– Sizinlə əlaqə saxlayan həmkarlarımızdan eşitmişik ki, mühacirətə getdiyiniz ölkədə adaptasiya prosesini çətin keçmisiniz. Orada hansı çətinliklərlə qarşılaşdınız?

– Bəli, çətinliklərimiz olub. Bilirsiniz, bir ölkədə böyüyüb, boya-başa çatirsan, təhsil alırsan, işləyirsən. Bir sözlə, həyatda özünə bir yer elədiyin vaxtda süni yaradılmış səbəblər üzündən varlığın hesab etdiyin Ana Vətənini tərk edirsən. Ailə üzvlərini, yaxınlarını, dostlarını, əqidə yoldaşlarını, çevrəni – hər şeyi qoyub gedirsən, dünyanın başqa bir ucuna. Dilində Allahın ”salam” kəlməsinin nə demək olduğunu bilmədiyin bir ölkəyə. Və hər şeyi sıfırdan başlayırsan. 1-ci sinifə gedirsən, əlifba öyrənirsən və öz ölkəndə 25-30 ilə gəldiyin yolu 3-5 ilə gəlməyə çalışırsan. Çunki vaxt səni gözləmir, gedir. Dil fərqli, kültür fərqli, qayda-qanunlar fərqli. Başına nə gələcəyini belə bilmirsən. Çunki miqrantların işinə baxılması prosesi aylar, hətta bəzən illər çəkir. Üstəlik də öz dilində 2 kəlmə danışmağa, dərdləşməyə kimsə yox. İstər-istəməz depressiya ilə yaşayırsan. Amma şükürlər olsun ki, o dönəmlər geridə qalıb.

– Hazırda nə işlə məşğulsunuz, orada yaşamaq çətin deyil ki?

– Artiq 3-cü ildir ki, İsveçin Gothenburg Universitetində doktorantura təhsili aliram. Dissertasiya işim yekunlaşmaq üzrədir. İnşallah yaxin 2-3 ayda mudafiəm olacaq. Elmi işimin mövzusu bələdiyyələrdə iqtisadi idarəetmə metodlarıdır. İnanıram ki, işlədiyim mövzunun Azərbaycan üçün də faydası olacaq. Eyni zamanda İsveç-Azərbaycan-İsvec və İsveç-Turkiyə-İsveç dillərində tərcüməçi işləyirəm. Artıq hər şey yoluna duşməyə başlayıb. Yeni gəldiyimiz dövrdəki cətinlikləri aşmışıq.

– Sonuncu dəfə mətbuat üçün yazını nə vaxt yazmısınız?

– İsveçin bir çox qəzetleri Azərbaycanda keçirilən son parlament seçkiləriylə baglı maraqlı bir xəbər xarakterli yazı dərc etmişdilər. Onun tərcüməsini ”YeniMüsavat”a yollamışdım, səhv etmirəmsə qəzetin internet versiyasında yerləşdirilmişdi.

– Heç jurnalistika üçün darıxdığınız vaxt olub? Olurmu ki, hərdən içinizdən nəsə yazmaq gəlsin?

-Əlbəttə darıxıram. Çox vaxtlar olub ki, içimdən yazmaq gəlib. Amma təəssüf ki, vaxt məhdudluğu bu istəyimi reallaşdırmağa imkan verməyib.

– Azərbaycan mətbuatını izləyirsiniz? Sizcə, sizdən sonra mətbuatda nə dəyişib?

– Bütün mətbu orqanları izləyirəm, desəm, yalan olar. Hətta elə dönəmlər olub ki, uşaqlarmın yeni dogulduğu vaxtlarda aylarla kompüterə yaxın dura bilməmişəm. Amma imkanım olduqca ”Yeni Müsavat”, ”Azadlıq” qəzetini, ”Media forum” saytını və ”Azadliq” radiosunun internet versiyalarını təqib edirəm. Ciddi bir dəyişiklik görmürəm, mən işlədiyim dövrdəki problemlərin böyük əksəriyyəti indi də qalir. Hətta bəzi problemlər daha da ağırlaşıb. Azad sözə qarşı təyziq və təqiblər, mətbuat işcilərinə qarşı iyrənc təxribat kampaniyaları, maliyyə sıxıntıları bu qəbildəndir. Amma kütləvi informasiya vasitələrinin elektron şəbəkəsini genişləndirilməsini müsbət bir addım kimi dəyərləndirirəm. Xəbərlərin hər saatdan bir internet səhifələrində yenilənməsi sevindiricidir.

– Yəqin sizi tanıyan keçmiş həmkarlarınız üçün də maraqlı olar, Şahnaz xanımın neçə övladı var, onlar hansı yaşdadılar, həyat yoldaşınız kimdir…?

– Yuxarıda qeyd etdiyim kimi, 2004-cü ilin əvvəlində ailə həyatı qurmuşam. Həyat yoldaşım Firudin Ələskərov Müsavat Partiyasının fəallarından olub. 2 oğlumuz var. Böyüyün yaxınlarda 5 yaşı tamam olacaq, kiçik isə 3 yaş yarımındadır.

– Keçmiş həmkarlarınızdan kimlərləsə əlaqələrinizi saxlayırsınızmı?

– Hə, bəzi həmkarlarımla əlaqələrim var.

– Bildiyimizə görə, mühacirətə gedəndən sonra bir-neçə dəfəAzərbaycana gəlmisiniz. Miqrasiya məsələlərini tənzimləyən qanunlar buna yol veribmi?

– Hə, gəlmişik, amma bir neçə dəfə deyil, sadəcə, 1 dəfə. 2009-cu ilin yayında 1 ay Azərbaycanda olmuşuq. Qeyd etdiyim kimi, İsveç vətəndaşı olduğumuz üçün heç bir problemlə üzləşməmişik.

– İsveçdə miqrantlara necə münasibət var, konkret azərbaycanlılara. Burdan ora çoxmu axın var?

– Bir çox Avropa ölkələrinə olduğu kimi, Isveçə də 2003-cü il seçkilərindən sonra axın olub. Azərbaycandan gələn miqrantlar sayına görə ön yerlərdən birində durudu. Amma indi o qədər də çox gələn yoxdu. Çunki baxılan işlərə müsbət cavab verilmir. Münasibətə gəlincə, əlbəttə ki, heç bir dövlət ölkəsinə miqrant axınından məmnun deyil. Amma imza atdıqları qanun və konvensiyalar başqa şey tələb edir. Bunlar da o qanun və konvensiyalara əməl etmək zorundadırlar. Bu, bir siyasətdir.

– 2003-cü ildən sonra Azərbaycandan xeyli adam Skandinaviya ölkələrinə köçüb. Azərbaycanlılar arasında əlaqələr hansı səviyyədədir, bayramlarda bir yerə yığışırsınızmı?

– Mən bildiyim qədər İsveşdəki azərbaycanlılar arasındakı əlaqə normaldir. Məsələn, biz yaşadıgımız Gothenburg şəhərində Azərbaycan dilində radio proqramları, bir cox sayda Azərbaycan dərnəkləri fəaliyyət göstərir. Hətta o dərnəklərin birləşdiyi ”Azərbaycan evi” də var ki, azərbaycanlılar hər heftənin sonu oraya yığəşırlar, görüşürlər, dərdləşirlər, yas mərasimləri, yaxud şənliklər kecirirlər. Bütün bayramlarda birmənalı şəkildə böyük tədbirlər planlaşdırlır, Azərbaycanın quzeyindən və güneyindən müğənnillər, artistlər dəvət olunur.

-Nə vaxtsa birdəfəlik Azərbaycana qayıdıb burada yaşamaq istəyirsinizmi?

– Əlbəttə ki… Öz elini, vətənini sevən bir insan kimi bunu çox istəyirəm.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO