Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Modern.az “Media əhvalatları» rubrikasının budəfəki qonaqlarını təqdim edir. Əhvalatları “525-ci qəzet”in əməkdaşı Sevinc Mürvətqızı, “Yeni Müsavat” qəzetinin mühacirətdə olan əməkdaşı Elbəyi Həsənli, “Təhsil işçisi” qəzetinin baş redaktoru Nəsimi Cəfərli və “Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev danışır.

Sevinc Mürvətqızı, “525-ci qəzet”in əməkdaşı

«Heyif, diktofon boş-boş danışdığım yerləri yazıb… »

– Redaksiyadan bir şairdən müsahibə götürmək tapşırılmışdı. Bildiyimə görə, özü bu müsahibə haqqında o qədər xahiş eləyibmiş ki, başdan eləmək üçün razılaşmışdılar. Müsahibim maşallah, çənədən çox saz idi. Məni maraqlandıran sualları cavablandırandan sonra hiss elədim ki, müsahib ürəyini boşaltmamış və diktofonun kasetinin hər iki üzünü doldurmamış söhbətini yekunlaşdırmaq fikrində deyil. Müsahibə üçün lazım olan cavabları artıq almışdım. Amma həm yaşlı olduğuna, həm də nəzakət xatirinə sözünü kəsə bilmirdim.
Diktofon kasetinin bir üzü yazılıb qurtardı, müsahibim kaseti o biri üzünə çevirməyi tapşırıb boğazını yenidən arıtlayıb müsahibə üçün qətiyyən lazım olmayan söhbətini davam etdirəndə başa düşdüm ki, azından bir saat da yubanmalıyam. Sözarası, nəzakətlə başa salmağa çalışdım ki, artıq qəzet üçün lazım olan suallar cavablandırılıb. Ancaq müsahibim özünü bilməməzliyə vurub, sözünə davam etdi.
Kaseti o biri üzünə çevirdim, lakin işə salmadım. Müsahibim bir neçə dəqiqə beləcə danışandan sonra birdən duyuq düşdü ki, diktofonun işığı yanmır. Bayaqdan tez-tez diktofonu əlinə götürüb yazıb-yazmadığını yoxlayırdı. Kaseti çevirəndən sonra bunu eləməmişdi. İncik nəzərlərlə üzümə baxıb, özü diktofonu işə saldı və bu dəfə onu stolun üstündən götürüb mikrofon kimi əlində tutub danışmağa başladı. Təxminən iyirmi dəqiqə də mətləbə dəxli olmayan mövzulardan danışdı.
Söhbəti nəhayət ki, yekunlaşdırıb gedəndə bərk-bərk tapşırdı ki, danışdıqlarının hamısı müsahibədə öz əksini tapsın. Yenə də nəzakət naminə susmalı oldum. Müsahibəni əlbəttə ki, mənə rəhbərliyin tapşırdığı işarə sayı qədər hazırladım.
Yazı dərc olunandan sonra şair mənə zəng vurdu. Hal-əhval tutduqdan sonra dediyi ilk cümlə bu oldu : «Heyif, diktofon boş-boş danışdığım yerləri yazıb, amma mənalı danışdığım vaxt onu «xoddamamışdınız». Ardınca bir minnət də elədi: «Əşi, canınız sağ olsun, gördüm bu dəfə vaxtınız azdı, ona görə yığcam (yığcama bax -düz 76 dəqiqə! S.M.) danışdım, gələn il yubiley yaşımdı, onda ətraflı söhbət eləyərik».

“Aktyorla qızımın monoloqu”

– «Xilaskar» tamaşasının premyerasından yazı hazırlamalıydım. Özümdən asılı olmayan səbəbə görə, iki yaşlı qızım- Saranı da tamaşaya aparmalı oldum. Bizi qabaq sıraların birində oturtdular ki, uşaq hər şeyi yaxından görüb, sakitcə tamaşa eləsin, səsini çıxarmasın. İlk on dəqiqə qızım sakit otursa da, sonra yavaş-yavaş «qaynamağa» başladı. Heydər Əliyevin obrazını canlandıran aktyor səhnədə qoyulan tribunada nitq edəndə qızım da onunla bərabər «çıxış»ına start verdi.
Aktyor danışdıqca Sara da onun dediklərini ucadan, uşaq diliylə, həm də əl-qolunu ata-ata təkrar edirdi. Qabaqda olduğumuzdan aktyor deyəsən, uşağın səsini eşitdi. Bir anlıq duruxub gözlərini qaranlıq salonun dərinliyinə zilləyib sanki səs salanın kim olduğunu müəyyənləşdirməyə çalışdı. Onun susması Saranı da susdurdu. Aktyor nitqinə dava eləyəndə uşaq yenə əvvəlki templə başladı, nə başladı. Məcbur qalıb, teatr salonunu tərk etməli oldum. Qapıdan çıxana kimi əli əlimdə, gözü arxada qalan qızım «Xilaskar»ın nitqini təkrarladı.
«Xilaskar»ı çoxdanışan qızımın «suflyorluğundan» vaxtında «xilas» eləyə bildim, amma təbii ki, tamaşa ilə bağlı yazı hazırlaya bilmədim”.

Elbəyi Həsənli, “Yeni Müsavat”ın mühacirətdə olan əməkdaşı

Məcburi təkzib

– “Yeni Müsavat” qəzetinə təzə gəlmişdim. Parlament müxbiri işləyirdim. AzTV-nin yeni təyin olunmuş rəhbəri Nizami Xudiyevlə Milli Məclisin foyesində qarşılaşdım. Keçmiş müəllimimlə xeyli söhbət etdik. Sonda müsahibə verməyə razılaşdı. Vaxt da təyin etdi. Məsələ ilə bağlı baş redaktor Rauf Arifoğlunu məlumatlandırdım. O, müsahibənin baş tutacağı halda bunun ciddi rezonans doğuracağını bildirdi və dedi ki, bu fürsəti əldən buraxma. Amma bir həftə sonra Nizami müəllim müsahibəni təxirə saldı. “Gələn həftə” – deyə-deyə məsələni 2 aydan çox uzatdı. Onda baş redaktor mənə dedi ki, bu işə vaxt itirməyim: “Bu baş tutan iş deyil”. Müsahibənin baş tutacağına ümidimi itirmişdim…
Gözləmədiym bir gün Nizami müəllim məni AzTV-dəki kabinetinə dəvət etdi. Bir çox suallarımı cavablandırdı. Sonda ərklə bildirdi: “Sənin Müsavatda nə işin var?! Gəl yanıma. Harada istəyirsən, orada sənə iş verim. Nə qədər ki, AzTV-dəyəm heç bir problemin olmayacaq”.
Yazı çap olunduqdan sonra əksər KIV-lər müsahibənin bu və ya digər yerlərini ayırıb Nazim müəllimin fikirlərinə fərqli yozumlar verməyə başladılar. Xüsusilə “Rəsul Quliyevin nəyi məndən artıqdır ki?! Olsa-olsa bir az pulu məndən cox olar” deməsi ortaya karyera baxımından ciddi bir iddianın qoyulması kimi dəyərləndirilmişdi.
2-3 gün sonra R.Arifoğlu məni yanına çağırıb, dedi: “Müəllimin zəng vurmuşdu. Dedi ki, müsahibəni Prezident Heydər Əliyev də oxuyub çox narazı qalıb. Və Nizami müəllimə deyib ki, “əgər qəzet təkzib verməsə, işdən getməlisən””. Bu məsələ ilə bağlı Azərbaycanda onlarla adam mənə ağız açdı. Mən heç də Nizami müəllimin işdən getməsini istəmirdim. Təkcə müəllimim olduğuna görə yox, o, həm də türkoloq idi və millətçi baxışlarını heç sovet dönəmində də gizlətməmişdi. Bəlkə də elə bu səbəbdən milli müstəvidə düşünənlərin ona rəğbəti vardı. Bu sırada olanlardan biri də mən idim. Nə qədər ağır olsa da yazı ilə bağlı təkzib verilməsinə razılıq verdim. Təkzibdən belə çıxdı ki, mən heç Nizami Xudiyevlə görüşməmişəm də. Ondan sonra Nizami müəllim uzun illər AzTV-nin sədri kimi fəaliyyətdə oldu. Və mən onunla bir daha görüşmədim.

“Qoluboy”ların “Yeni Müsavat”a yürüşü

– Tanıyanlar bilir ki, fərqli mövzularda yazmağı sevirəm. Günlərin birində şəhər uşaqlarının “üzdəniraq” adlandırdığı kəslərin birindən müsahibə götürmüşdüm. Onun “ərə getməyi”, gəlin paltarında “bəy”lə birlikdə çəkdirdiyi şəkil oxucuların yaman marağına səbəb olmuşdu. Yazıdan sonra bir sürü “qoluboy” yığışıb redaksiyamıza gəlmişdi. Sən demə həmin yazıdan sonra müsahibə götürdüyüm “üzdəniraq”a elçi düşənlər çoxalıb. Digər “qoluboy”lar da qəzetə çıxmaqla özlərinə müştəri tapa biləcəklərini düşünərək toparlanıb, redaksiyamıza gəliblər.
Otaqda iynə atmağa yer yox idi. O vaxtlar “Yeni Müsavat”la Müsavat Partiyası eyni binada qərarlaşmışdı. “Qoluboy”ların yürüşündən partiyanın rəhbərliyi dəhşətə gəlmişdi. Baş katib Vurğun Əyyub daxil olmaqla hamı “qoluboy”ları mümkün qədər sakit şəkildə və tez qərargahdan çıxartmağa çalışırdı.
“Üzdəniraq”larsa bir-birinə aman vemədən mənim üstümdə davaya çıxmışdılar. Aləm bir-birinə qarışmışdı. Hamısı yalvarırdı ki, ondan müsahibə götürüm. Amma çətinliklə də olsa onları qərərgahdan uzaqlaşdıra bildim.
Həmin əhvalatdan sonra uzun müddət partiya rəhbərliyi xof içində qaldı. Qorxurdular ki, iqtidar bu məsələdən Müsavata qarşı “qara piar” kimi istifadə etsin. Elə mən özüm də 1-2 həftə səksəkə içində qaldım.

“Yanlış da bir naxışdır”

– Günlərin birində “KQB”nin keçmiş şefi Ziya Yusifzadədən müsahibə götürmək fikrinə düşdüm. Heç vaxt üzünü görmədiyim generala çıxış əldə etmək üçün soraq saldım. Akademik Nizami Süleymanov bu işdə mənə yardım edəcəyini bildirdi. Və məni Dəmiryol İdarəsinə göndərdi. Dedi ki, get filan nömrəyə zəng vur, səni Ziya müəllimin yanına aparacaqlar. Sevincək özümü adıçəkilən idarəyə yetirdim. Əlüstü məni Ziya müəllimin yanına apardılar. İçəri girdim. Ziya müəllim məni qapının ağzında qarşıladı. İri kabinetdə çay süfrəsi açıldı. Ordan-burdan azca söhbət etdik.
Sonra mən müsahibəyə başladım. Birinci sualım Ziya müəllimin “KQB” sisteminə necə gəlib çıxması ilə bağlı oldu. Elə ilk sualdaca təəccübdən müsahibimin gözləri böyüdü. Məlum oldu ki, ünvanı səhv salmışam. Ziya Yusifzadənin yerinə Dəmiryol İdarəsinə yenicə rəhbər təyin olunmuş Ziya Məmmədovun yanına gəlmişəm.
Amma “yanlış da bir naxışdır” deyib, Dəmiryol İdarəsinin o vaxtkı rəisi, indiki nəqliyyat naziri ilə onun peşəsinə uyğun söhbətləşməli oldum.
Bu olay “Yeni Müsavat”da həftələrlə gülə-gülə xatırlandı.

Nəsimi Cəfərli, “Təhsil işçisi” qəzetinin baş redaktoru

“Əlavələrə görə gün ərzində dörd dəfə «Üç nöqtə»yə gedib-gəldim”

– 2006-cı ildə Milli Məclisə əlavə seçkilər keçirilirdi. «Üç nöqtə» qəzetinin baş redaktoru Xoşqədəm Baxşəliyeva da namizəd kimi seçkilərə qatılmışdı. O vaxtlar mən «Şərq» qəzetində çalışırdım. Baş redaktorumuz Akif Aşırlı məni Xoşqədəm xanımdan müsahibə almağa göndərdi.
«Üç nöqtə»nin redaksiyasına gedib, müsahibəni götürdüm. Xanım xahiş etdi ki, müsahibə hazır olduqdan sonra yazının mətnini ona göstərim. «Üç nöqtə» internetində problem olduğu üçün müsahibəni özüm redaksiyalarına aparmalı oldum. Xoşqədəm xanım bəzi fikirlərinə dəyişikliklər, əlavələr etdi. «Şərq»ə qayıdıb yazını yenidən işləyib hazırladım. Az keçmədən xanım yenidən bəzi əlavələrin edilməli olduğunu deyib, yazını «Üç nöqtə»yə gətirməyimi xahiş etdi. Bu minvanla gün ərzində dörd dəfə «Üç nöqtə»yə gedib-gəldim, yazıya əlavə və dəyişikliklər etdim. Axşama yaxın nəhayət ki, müsahibənin yekun variantı hazır oldu. Yazını təhvil verib evə getdim.
Səhər gəlib qəzeti vərəqləyəndə məlum oldu ki, müsahibə getməyib. Sən demə Xoşqədəm xanım gecə redaksiyaya zəng edərək müsahibəsinin qəzetə verilməməsini xahiş edibmiş….

“Sənə kim deyib ki, mənim partiyam cırtdan partiyadır?”

– “Şərq” qəzetinə təzə işə düzəldiyim vaxtlar idi. O vaxtı xırda partiyaların birləşməsi məsələsi gündəmdə idi. Redaktor mənə dedi: “Əhməd Oruca zəng et. Onun partiyası cırtdan partiyadır. Qoy o danışsın”.
Mən də Azadlıq Partiyasının sədri Əhməd Oruca zəng edib dedim: “Əhməd bəy, siz cırtdan partiyalardan birinin sədri kimi, partiyaların birləşdirilməsi məsələsinə necə baxırsınız?” Kişini od götürdü. Əsəbi halda cığıraraq “sənə kim deyib ki, mənim partiyam cırtdan partiyadır?” dedi. Mən də bilmədim nə edəm, sakit dayandım. Sonra üzr istəyib dəstəyi yerə qoydum.

İcra başçısı ilə “ciddi” zarafat

– 2005-ci ildəki parlament seckisindən sonra sabiq deputat Musa Musayevi yenicə Naftalanın icra başçısı təyin etmişdilər. Mənim də bundan xəbərim yox idi. Hansısa bir məsələ ilə bağlı redaktor mənə dedi ki, YAP-çılardan biri ilə danışım. Mən də bloknotumu vərəqlədim. Musa Musayevin adı gözümə sataşdı. Ona zəng edib, dedim:
– Musa müəllim salam, necəsiniz? İşləriniz necə gedir?
– Çox sağol. Yaxşı olasan.
Musa müəllim zəngimi yaxşı qarşıladı. Mən də dedim ki, bəs sizi filan məsələyə görə narahat edirəm. Dedi ki, Naftalandadı cavab verə bilməz. Mənim də heç ağlıma gəlmədi ki, onu icra başçısı təyin ediblər. Dedim: “Musa müəllim yəqin orada sanatoriyadasız. Olmasın azar? Allah şəfa versin” Elə bil kişinin başına qaynar su tökdülər:
– Nə ağlına gələni danışırsan? Azar nədi, zad nədi?!
Mən buranın icra başçısıyam. Necə utandımsa, tez “odboy” verdim.

Rəşad Baxşəliyev, “Şərq” qəzetinin əməkdaşı

“Canlı yayıma “çıxarılmağım” yalanımı faş etdi”

– Bu hadisənin dəqiq ili yadımda deyil. Amma onu dəqiq bilirəm ki, xalq artisti Aygün Kazımovanın dəvəti ilə İtaliyanın tanınmış müğənnilərindən olan Paskal Bakıya gələn gün idi. Həmin gün “Gülüstan” sarayında möhtəşəm konsert vardı. Mən də istədim ki, həmin yerdə iştirak edim. Amma qəzetimizə 2 dəvətnamə gəlmişdi. Onu da qızlardan Tünzalə ilə Aygün götürmüşdülər. Mənə dedilər “gedək bizimlə bəlkə, keçə bildin”. Razılaşdım.
Yazılarımı tez yazıb hazırlaşırdım ki, onlarla birgə redaksiyadan çıxam, qəftələn baş redaktorumuz Akif Aşırlı otaqdan çıxaraq məni çağırdı.
«Xalq şairi Bəxtiyar Vahabzadənin səhhəti pisləşib. Get zəng elə, öyrən gör vəziyyət necədi».
Akif müəllimdən bu tapşırığı alanda kefim pozuldu. Ancaq heç bir yerə zəng etmədim. 15 dəqiqədən sonra otağa daxil olub «alınmır» dedim və bəhanə gətirərək çox vacib işimin olduğunu söyləyib icazə istədim. Sağ olsun məni buraxdı. Amma Tünzaləgil artıq getmişdilər. “Gülüstan” sarayının qarşısında xeyli mühafizəçi vardı. Vəsiqə ilə məni içəri buraxmadılar. Amma birtəhər qarışıqlıqdan istifadə edim içəri daxil ola bildm.
Jurnalistlər üçün zalın kənarında bir yer ayırmışdılar. Mən isə ora yox, qonaqlar əyləşən stollara yaxınaşdım və boş yer tapıb əyləşdim. Stolların üstündəki nemətlər gözümü «qamaşdırırdı».
Konsert başladı və ara qarışdı. Mən isə stolda olan xarici şərablardan xeyli içdim. Vəziyyət yaxşılaşdı və oynamaq istədim. Aygın Kazımova Paskalla duet oxumağa başladı və mən Tünzaləyə işarə edərək onu rəqsə dəvət etdim. Çıxıb ortaya “tans” oynamağa başladıq. Kameralar önündə gülə-gülə rəqs edirdim. Amma xəbərim yox idi ki, konsert «Space” TV-dən canlı yayımlanır. Sən demə, baş redaktor redaksiyada televizora baxanda məni görübmüş.
Səhər işə gələndə planlaşdırmada biabır oldum. Akif müəllim məni yaman danladı: «Yaman yaxşı oynayırsan. Axşam deyirəm ki, Bəxtiyar Vahabzadənin halı pisdi, zəng elə öyrən, gedib Aygünün qabağında “tans” oynayır. Deyir, vacib işim var, gedib canlı yayıma çıxır. Ayıb olsun!».
Deməyə söz tapa bilmədim.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO