Elxan Süleymanovun təşəbbüsü ilə nazirlər Polşaya gedir

Elxan Süleymanovun təşəbbüsü ilə nazirlər Polşaya gedirCari ilin yanvar ayının 30-dan fevral ayının 3-dək geniş tərkibli Azərbaycan nümayəndə heyəti Polşaya səfər edəcək. Səfər Polşa tərəfdən AvroNest PA-nın vitse-prezidenti, Avropa Parlamentinin deputatı Jaçek Sayruş-Volski və Azərbaycan tərəfdən AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov arasında əldə edilmiş razılıq əsasında baş tutacaqdır.

Elxan Süleymanov Modern.az-a açıqlamasında bildirib ki, səfərdə əsas məqsəd Polşa və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq, müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi üçün həlli vacib məsələləri müzakirə etməkdir. Deputat Azərbaycan və Polşa münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli əsaslarla inkişaf edərək müxtəlif sferaları əhatə etdiyini qeyd etməklə yanaşı bu münasibətlərin xüsusilə siyasi, humanitar, iqtisadi, o cümlədən enerji təhlükəsizliyi sahələrində daha əhatəli olduğunu vurğulayıb.

E.Süleymanov həmçinin qeyd edib ki, Polşa Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının təşəbbüskarıdır və bu proqram çərçivəsində Azərbaycanla digər Şərq Tərəfdaşı ölkələri arasında sıx əməkdaşlıq münasibətlərinin təmin edilməsində əhəmiyyətli rol oynayır.

Səfərin məqsədinin həm də qeyd edilən amillərlə bağlı olduğunu diqqətə çatdıran millət vəkili səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Varşava ilə yanaşı həm də Lodz, Zgerj və Unievoy şəhərlərində görüşlər keçirəcəyini qeyd etdi. Belə ki, yanvarın 31-də Krakov şəhərində Yaqellon və İqtisadiyyat Universitetlərində, o cümlədən Strateji Təlimlər İnstitutunda bu Ali təhsil müəssisələrinin rəhbərliyi və müəllim-tələbə heyəti ilə, səfərin növbəti günü – fevralın 1-də Varşavada Polşanın Ali Təhsil və Elm Naziri Barbara Kudritska ilə, Polşa Seyminin Spikeri, Polşa Respublikasının Enerji Naziri, Xarici İşlər Naziri, İqtisadiyyat və Maliyyə Naziri, Polşanın AŞ PA-dakı nümayəndə heyəti və Seymin Xarici Əlaqələr Komitəsinin üzvləri ilə, həmçinin AvroNest PA çərçivəsində Avropa Parlamentinin Polşalı üzvləri ilə, elə həmin gün Avropa Kollecinin rektoru və müəllim-tələbə heyəti ilə görüşlər nəzərdə tutulub.

Fevralın 2-də isə nümayəndə heyəti Lodz şəhərinə səfər edəcək və burada Lodz şəhərinin rəhbərliyi, eləcə də Lodzda fəaliyyət göstərən dövlət və özəl universitetlərin rektorları ilə görüşlər keçirəcəkdir. Lodza səfər çərçivəsində nümayəndə heyətinin Avropa İnstitutunda AvroNest PA-nın vitse-prezidenti Yaçek Saryuş-Volskinin sədrlik etdiyi Şura ilə görüşü də gözlənilir.

Səfər zamanı təhsil sahəsində əməkdaşlıq, eləsə də müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi məqsədilə Polşanın Lodz Universiteti, Krakov şəhərində yerləşən Yagellon Universiteti və Varşava şəhərində yerləşən Avropa Kolleci ilə Azərbaycanın aparıcı Universitetləri, xüsusilə də Bakı Dövlət Universiteti arasında əməkdaşlıq imkanlarının müzakirəsi nəzərdə tutulub.

Səfər çərçivəsində nümayəndə heyəti həmçinin Zgerj və Unievoy şəhərlərində olacaq, şəhər meri Jozef Kaçmarek, region administrasiyasının rəhbəri Vitold Stepien, həmçinin digər rəsmi şəxslərlə görüşəcəkdir. Bu görüşlər zamanı Azərbaycanın Şamaxı və Polşa Respublikasının Zgerj şəhərləri arasında, həmçinin Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ilə Polşanın Unievoy şəhəri arasında qardaşlaşma imkanları müzakirə olunacaqdır.

Səfərə xüsusi önəm verdiyini qeyd edən Elxan Süleymanov bildirib ki, Polşaya səfər edəcək nümayəndə heyətinə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, millət vəkilləri, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Şamaxı rayonunun icra başçısı Asif Məmmədov, o cümlədən ölkəmizin AvroNest PA-da nümayəndə heyətinin üzvləri olan millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev və Ceyhun Osmanlı daxildir.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO