“Əbədiyyət dastanı”na oxunan nəğmə

Filologiya elmləri doktoru, professor
Xalq şairi Zəlimxan Yaqubun dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə həsr etdiyi möhtəşəm “Əbədiyyət dastanı” poeması işıq üzü görəndə öndərimizin xalq qarşısında misilsiz xidmətlərini, xalqın xilaskarı məqamında durduğunu dərindən dərk edən təfəkkür və qələm sahiblərindən biri – Əli Rza Xələfli əsər barədə ürək sözlərini mətbuatda bəyan etdi: “Son iki il Zəlimxan Yaqub üçün böyük dastan dövrü, poeziyanın epos dövrü kimi xarakterizə oluna bilər. Şairin yaradıcılığında şah əsərlərdən sayılacaq “Əbədiyyət dastanı” bu dövrün məhsuludur. Lider və xalq, şəxsiyyət və cəmiyyət, şəxsi iddia və ictimai mənafe, cəmiyyətin özünəməxsus təzadları, ağrılar və acılar, ümidlər və üfüqlər… bütün bunlar “Əbədiyyət dastanı”nın görünən tərəfləridir. Görünməyən tərəflərdə isə şair iztirabları, söz odunda külçə-külçə əriyən insan taleyi dayanır. İnsan bu əzablara qatlaşaraq idealı yaradır və nəticədə özünü təsdiq edir, idealına qovuşur”.

Şair və publisist Əli Rza Xələfli bir məqaləyə sığmayan lider və xalq, şəxsi iddia və ictimai mənafe, cəmiyyətin özünəməxsus təzadları, ağrılar və acılar, ümidlər və üfüqlər kimi böyük mətləbləri gündəmə gətirəndə onun bununla kifayətlənməyəcəyini duyurdum. Lakin onun nə yazacağını fəhm edə bilmirdim. Sən demə bütün bu müddət ərzində o, “Ölməzlik nəğməsi” adlı əsər üzərində işləyirmiş (“Ölməzlik nəğməsi” Bakı, “Vətən” nəşriyyatı, 2013, s. 352 səh.) İlhamla, məhəbbətlə yazılmış bu əsər “Əbədiyyət dastanı”na nəğmədir – desək səhv etmərik. Redaktoru olduğum əsəri oxuyan kimi məndə onun haqqında yazmaq istəyi baş qaldırdı.

Düşündüm ki, buna mənəvi haqqım var. Nədənki öndərimiz haqqında “Xilaskar”, “Tarix qurub-yaradanları yaşadır”, Dövlət mükafatına layiq görülən “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına öndərimizlə bağlı yazdığım məqalələrim vardır. Zəlimxanın yaradıcılığına həsr etdiyim yazılarım da az deyil. Bununla belə, ürəyimdə bir narahatlıq da keçirdim. Bu, səbəbsiz deyildi. Ulu öndərimizə həsr etdiyim məqalələrimin birində göstərdiyim kimi, tarixi şəxsiyyətlər haqqında yazmaq nə qədər şərəfli və məmnunluq gətirən bir iş olsa da, o qədər də çətin və məsuliyyətlidir. Azərbaycan tarixində bir epoxa olan, misilsiz xidmətlərinə görə xalqın xatirəsində əbədilik qazanan, onun qürur və güvənc yerinə çevrilən dahi şəxsiyyət Heydər Əliyevə əsər həsr etmək daha böyük məsuliyyət və istedad tələb edir. Doğrudur, Zəlimxan Yaqubun bədii sözün intəhasız imkanlarından məharətlə istifadə edərək Azərbaycan salnaməsində qızıl hərflərlə yazılmış bu bənzərsiz tarixi şəxsiyyətə həsr etdiyi, hər misrası dərin mənalar kəsb edən möhtəşəm “Əbədiyyət dastanı” poeması özü də bənzərsiz əsərdir.

Odur ki, dahi şəxsiyyət haqqında yazılmış möhtəşəm əsərə əsər həsr etmək böyük cürət, bilik, istedad və təfəkkür, öndərimizə və Zəlimxan poeziyasına sonsuz məhəbbət tələb edir. Zəlimxan Yaqubun ali sevgisinə bənzər məhəbbət.

Xoşbəxtlikdən narahatlığım uzun çəkmədi: Əli Rza Xələflinin “Ölməzlik nəğməsi” əsərini oxuyub qurtaranda bir rahatlıq hiss etdim. Hətta sevindim də. Bəzən hətta publisistikasında da ilham pərisi şair Əli Rza Xələflini qanadları üstünə alıb real həyatdan uzaqlaşdırır. Zəlimxanın “Əbədiyyət dastanı” real həyat həqiqətlərindən bəhs etdiyinə görə Əli Rza sərhədsiz duyğulara uymamış, ortaya həqiqətən də gərəkli bir əsər qoymuşdur. Bax, buna görə sevindim.

Otuz iki bölmədən ibarət bu fəlsəfi əsər 350 səhifəni əhatə edir. Əsəri həyəcansız oxumaq olmur. Mənə qalırsa, əsərin ən böyük məziyyəti insanı düşündürməsidir. Əsərdən əxz elədiyim başlıca qənaət odur ki, Heydər Əliyev kimi tarixi şəxsiyyətlər dünyalarını dəyişdikdən sonra da, onların fikir və ideyaları yaşayır, aktuallığını itirmir, bütün zamanlar üçün gərəkli olurlar.

Əsərin “Kədərin zirvəsindən başlayan elegiya” adlanan 1-ci bölümündə müəllif tarixən şairlərlə hökmdarlar arasındakı münasibətlərdən, onların, o cümlədən də Heydər Əliyevin yaradıcı adamlara qayğısından və onların himayədarlarına çevrilməsindən, öndərimizin Zəlimxan Yaqub yaradıcılığına verdiyi yüksək qiymətdən söz açır. Əsərin “Hikmətə baş əydim” bölməsində müəllif “Əbədiyyət dastanı”nı misra-misra təhlil süzgəcindən keçirdikcə, fikirlərini izhar etdikcə, özünün də ulu öndərə sonsuz məhəbbətini açıqca görmək olur. Zəlimxan Yaqub kimi hələ o da kədəri dilinə gətirmir. Öndərimizə ali sevgini şairlə birgə yaşayır:

Xalqı zirvələrə qaldırmaq üçün

Sevgi şahlığının taxtına çıxdın.

Oğul xalq üçündür, zirvə dağ üçün,
nə yaxşı bu xalqın baxtına çıxdın
– deyən Zəlimxan Yaquba qoşulur. O, ali kədəri də şairlər birgə bölür. Xüsusi vurğulayır ki, “Əbədiyyət dastanı”nı yaradan ali kədər və ali sevgidir. Ali kədərin zirvəsində dayanan Zəlimxan onun ümumxalq kədəri olduğunu dərindən dərk etmiş, onu sözün zərgər dəqiqliyi ilə cilalamış, ali kədərin və ali sevginin sonsuzluğunu inanılmaz ürək çırpıntıları ilə vəsf edə bilmişdir. Şairin vəsf etdiyi ali kədər və ali sevgi real həyat hadisəsi ilə bağlıdır. Bu isə Zəlimxanın bir sənətkar kimi həyat həqiqətlərinə sadiqliyindən xəbər verir.
“Əbədiyyət dastanı” kədər dağının zirvəsindən oxunan elegiyadır:
Sazın sinəsi yandı,
muğamat xal itirdi,
Bülbüllər yaşıl çəmən,
çiçəklər bal itirdi.
Qaya xınalı kəklik,
zirvə qartal itirdi, –
“Heydər köçdü” deyəndə
Əli Rza Xələfli “Əbədiyyət dastanı”nı demək olar ki, bütövlükdə tədqiqat süzgəcindən keçirmiş, bəzən ayrı-ayrı misralar barədə fikir yürütməkdən belə çəkinməmişdir.
Bəd xəbəri deyəndə insanlar
fağır olur,
Bir sözün ağırlığı min dağdan
ağır olur misralarına iki səhifə həsr edən Əli Rza Xələfli göstərir ki, Zəlimxanın poeziyasındakı çoxqatlılıq, daha dərinliklərdəki məna tutumu, nisbətən üzdəki mənalarla zəncirvari bağlıdır… Qəfil xəbər, doğrudan da ildırım kimi çaxır. Ağır xəbər öz dəhşəti ilə o qədər miqyaslı olur ki, onu ilk anda qavramaq, soyuqqanlı qarşılamaq mümkün olmur. Dağdan ağır olan inanılmaz xəbər şairi sarsıdır. Dişi dodağını kəsir, göz yaşları yanaqlarını yandıra-yandıra dodağına bulaşır. Məlum olur ki, şair illərlə öncə bir dəfə də belə ağlayıbmış:

Mən belə ağlamışam qanlı
fələk ilk dəfə
Ürəyimi qıranda.
Yetim qalıb atamı torpağa
tapşıranda –
deyərək fəryad edən şairə Əli Rza “Ölməzlik nəğməsi”ndə həyan olur. Müəllif haqlı olaraq qeyd edir ki, “Əbədiyyət dastanı” ədəbiyyatımıza, incəsənətimizə, ümumiyyətlə, mədəniyyətimizə daim qayğı göstərən, müasir Azərbaycanımızın qurucusu ulu öndərimizə mənəvi borc kimi qələmə alınmışdır. Əli Rza Xələfli onu da doğru olaraq göstərir ki, “Əbədiyyət dastanı” mədhiyyəçilikdən çox-çox uzaqdır. Bunu Zəlimxan Yaqubun səmimi və ağrılı-acılı sözlərindən də görmək olur: “Ölümünə heç vaxt inanmadığım, ölümsüzlüyü ilə ömrüm boyu öyünəcəyim bir şəxsiyyətlə bağlı üstümüzü alan, qapımızı qəfil döyən qara xəbər hamı kimi məni də dərindəndərinə sarsıtdı. Bu sarsıntılar içində əlimə nə vaxt qələm aldığımdan heç özümün də xəbərim olmadı. O vaxt özümə gəldim ki, artıq sonuncu misranı yazıb, son hissəni tamamlamışam”.

Deyilənləri möhtəşəm “Əbədiyyət dastanı” poemasının son misraları da təsdiqləyir:

Həsrətini çəkəcəyəm illər boyu,

Kövrək qəlbim oyum-oyum oyulacaq.

Eşqin ilə yaratdığım bu dastanın

Son nöqtəsi mən öləndə qoyulacaq.

Mən Əli Rza Xələflinin “Ölməzlik nəğməsi” əsərini bütövlükdə araşdırmaq fikrindən uzağam. Burada təkcə onu demək istəyirəm ki, müəllifin şəxsi düşüncə və qənaətlərini içinə alan bu zəngin və düşündürücü əsəri maraq və şükranlıqla oxudum.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO