Bakıda yeni qəzet köşklərindən bəziləri qəzet satışından imtina edib

Azərbaycan mətbuatının iqtisadi durumundan danışarkən həmişə gündəmə gələn mövzulardan biri də qəzet yayımı sahəsindəki problemlər olur. Bu sahədə vəziyyət həqiqətən də ürəkaçan deyil. Ölkədə, o cümlədən paytaxtda qəzet satışı ilə məşğul olan köşklərin sayı xeyli azdır. Xüsusilə də insanların gur olduğu yerlərdə qəzet satışı ilə məşğul olan köşk tapmaq müşkül məsələdir.

Son illərdə qəzetlərin əldə yayımı ilə bağlı da problemlərin olması da istisna deyil. Digər tərəfdən bu işlə məşğul olmaq istəyənlərin sayının getdikcə azalması burada da axsamalara səbəb olur.

Amma bu problemin varlığı kimi həlli yolları da diqqət mərkəzindədir. 2010-cu ilin əvvəllərinə olan məlumata görə, bütün ölkə ərazisində 637 köşk mövcuddur. Onların bəziləri yaxşı işləyir, bəziləri bağlanır və s. Bu yaxınlarda «Azərmətbuatyayım» regionlarda onlarla yeni köşklər quraşdırıb. Təkcə Gəncədə əlavə olaraq 50 köşkdə qoyulacaq. Jurnalistlərin Gəncəyə səfəri zamanı İcra hakimiyyətinin başçısı Elmar Vəliyev buna şərait yaradacağına söz verib. Təbii ki, paytaxt Bakıda da yeni qəzet köşklərinin qoyulmasına ehtiyac var. Sirr deyil ki, son illər aparılan quruculuq işləri, yolların genişləndirilməsi, küçələrin abadlaşdırılması proseslərində xeyli sayda qəzet köşkü də köçürülüb və ya ləğv olunub. Bu səbəbdən indi əhalinin gur olduğu küçələrdə, ticarət üçün əlverişli yerlərdə qəzet köşkləri çox azdır. Bu problemin aradan qaldırılması üçün adıçəkilən yerlərdə yeni qəzet köşkləri quraşdırılmalıdır.

Bir müddətdir Bakı Şəhər İcra Hakimiyyəti də şəhərin müxtəlif nöqtələrində həm də qəzet satılan köşkləri quraşdırmaqdadır. İndiyədək paytaxtın müxtəlif yerlərində, ticarət üçün əlverişli məntəqələrdə 20-dək köşk quraşdırılıb. Təbii ki, bu, ilk baxışda kifayət qədər mütərəqqi prosesdir. Belə fikirləşmək olardı ki, meriyanın bu yeni layihəsi paytaxtda qəzet yayımı ilə bağlı mövcud olan problemləri aradan qaldıracaq. Amma təəssüf ki, işə qeyri-peşəkar yanaşma yeni köşklərin qəzet yayımı ilə bağlı problemlərin həllinə müsbət təsir göstərməsinə mane olur.

Diqqət yetirsək görərik ki, yeni köşklərdə qəzet satmaq arxa plana keçir. Onlar daha çox ticarət obyektləri kimi fəaliyyət göstərirlər. Köşklərin içi müxtəlif xırdavat məhsulları, şirniyyatlar, saqqız, su ilə doludur. Qəzetlər isə qapılarında asılmış vəziyyətdə olur. Köşklər elə düzəldilib ki, onların açıq olduğu vaxtda qapılar 90 dərəcə bucaq altında açıq qalır. Qəzetlər də məhz açıq qalan qapının iç tərəfinə yığılırlar. Yəni adı qəzet köşkü olsa da, onların heç birinin daxilində qəzet olmur. Satıcılar qəzetləri ancaq köşkün açıq qapısının içindəki – bayırdakı vitrinə “layiq bilirlər”.

Bu durum həmin köşkləri qəzet satışı üçün əlverişsiz edir. Birincisi üstünə press yazılsa da, alıcı bu köklərdə qəzet satıldığını müəyyən etmək üçün son dərəcə diqqətli olmalıdır. Başqa sözlə desək, köşklər sanki qəzet satmaq üçün hazırlanmayıb. İndiki şəraitdə azacıq yağış və ya qar yağsa, köşklərin qapısındakı qəzetləri yarasız hala sala bilər.

Bundan əlavə, kiçik bir araşdırma aparıb müəyyənləşdirdik ki, ümumiyyətlə, bu köşklərdə qəzet yayımı demək olar ki, qurulmayıb. Köşklərə qəzetləri «Qasid» və «Qaya» firmaları çatdırır. Amma onlara hansı qəzetlərin lazım olduğunu yayım şirkəti deyil, köşklərin satıcıları müəyyənləşdirirlər. Təbii ki, qəzet satışı kimi kifayət qədər spesifik bir işin adı xırdavat satıcılarına tapşırılması əlavə problemlər yaradır. Diqqət yetirsək, ölkənin biri neçə aparıcı gündəlik qəzetini bu köşklərdən tapmaq mümkün deyil. Əgər vətəndaş aparıcı gündəlik qəzetləri orada tapa bilmirsə, köşk onun nəyinə lazımdır. Yayım firmaları da artıq qısa müddət ərzindəki əməkdaşlıqda yeni köşklərə qəzet çatdırmaqda maraqsız duruma düşüblər.

Bakıdakı yeni köşklərdən ikisi isə ümumiyyətlə qəzet qəbul etməkdən imtina edib. Onlar bunun səbəbi ilə bağlı yayım firmalarına heç bir izahat verməyiblər. Sadəcə «bizə qəzet lazım deyil» deyilib. Təsəvvür edin, qəzet köşkü qəzet satmaqdan imtina edib.

Başqa bir problem isə yeni köşklərin birbaşa hansısa təsisata bağlı olmamasıdır. Düzdür, hüquqi cəhətdən yeni köşklər Bakı şəhər İcra Hakimiyyətinə tabedirlər. Onların qurulmasını da meriyanın İstehlak Bazarı və Ticarət Departamenti aparıb. Amma köşklərin faktiki sahiblərini tapmaq müşkül məsələdir. Meriya köşkü bir fiziki şəxsə, o da başqa bir fiziki şəxsə icarəyə verib.

Bir sözlə, yuxarıdakı faktlardan belə bir nəticə çıxarmaq olar ki, paytaxtda qurulan yeni köşklərin qəzet yayımına elə də ciddi aidiyyatı yoxdur. Sadəcə olaraq bir qrup adam qəzet satışını pərdə edərək özləri üçün əlavə ticarət şəbəkəsi qurublar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO