Bakı Dövlət Universitetində Azərbaycan mətbuatının 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetində Azərbaycan mətbuatının 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilibBu gün Bakı Dövlət Universitetində (BDU) Azərbaycan mətbuatının 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov çıxış edərək deyib ki, mətbuatın 135 illik yubileyinin qeyd olunması mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, “Əkinçi” qəzetinin nəşr başladığı vaxtdan hesablanan mətbuat tarixi ötən dövr ərzində böyük yol keçib. Rektor Azərbaycan mətbuatının bu gün ən böyük dinamika ilə inkişaf edən sahələrdən biri olduğunu diqqətə çatdırıb: “Azərbaycan jurnalistikasının inkişafında Bakı Dövlət Universitetinin özünəməxsus yeri var. Şəxsən biz jurnalistikaya verdiyimiz töhfələrə görə qürur duyuruq”.

Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev jurnalistikanın inkişafında xidməti olan şəxslərin 135 illik yubileyi ərəfəsində mükafatlandırılacağını deyib. Onun sözlərinə görə, Azərbaycanda jurnalistikanın inkişafına dövlət qayğısı özünü ən yüksək səviyyədə göstərir: “Təkcə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması və bu qurumun həyata keçirdiyi layihələr bunu deməyə əsas verir ki, Azərbaycanda dövlət mətbuatın inkişafında maraqlıdır”.

Tədbirdə iştirak edən alimlər və jurnalistlər çıxış edərək, fikir və düşüncələrini bölüşüblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO