Azərbaycan kitabxanaçıları XVIII Beynəlxalq Kitabxana Konfransında iştirak ediblər

Ukraynanın Krım Muxtar Respublikasının Sudak şəhərində “Kitabxanalar və informasiya resursları müasir elm, mədəniyyət, təhsil və biznes aləmində” adlı XVIII Beynəlxalq Kitabxana Konfransı keçirilib. Konfransda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri və Prezident Kitabxanasının kitabxanaçıları təmsil edib. Nazirlikdən APA-ya verilən məlumata görə, konfrans çərçivəsində “Kitabxana və cəmiyyətin elektron informasiyası: informasiya əsrinin yeni onilliyində bizi nə gözləyir?”, “Gənc kitabxana mütəxəssisləri, yeni nəsil-yeni baxış?”, “Uşaq və yeniyetmələrdə qiraətlə bağlı çətinliklər”, “Elektron kataloq və elektron kitabxanaların yaradılması üzrə Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin tədris dərsləri” mövzuları üzrə seminar, dəyirmi masa, sərgi və prezentasiyalar xüsusi maraqla qarşılanıb.

Konfransın dördüncü günü Azərbaycanın kitabxana mütəxəssisləri İ. Qasprinski adına Krım-Tatar Kitabxanasında türk dünyasının aşıq poeziyasının nümayəndəsi Aşıq Ömərin anadan olmasının 390 illik yubileyi ilə əlaqədar “Şair doğulmuşam mən…” mövzusunda keçirilən tədbirdə iştirak ediblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO