Aralıq dənizi ölkələri jurnalistlərinin IX toplantısı olub

Mayın 6-9-da İtaliyadakı Sardiniya adasının başkəndi Kalyari şəhərində Aralıq dənizi hövzəsi ölkələri jurnalist qurumlarının 10-cu toplantısı keçirilib. Beynəlxalq Jurnalistlər Federasiyası və İtaliya Qəzetləri Milli Federasiyasının təşkilatçılığı, Sardiniya Qəzetlər Cəmiyyəti və Sardiniya Muxtar Bölgəsi hökumətinin dəstəyi ilə gerçəkləşən tədbirdə Azərbaycan da təmsil olunub.
Bu təmsilçi qismində Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) üzvü, CASCFEN sədri Azər Həsrət çıxış edib.

Azər Həsrət Modern.az-a deyib ki, “Güvənlik, fərqlilik, dialoq və Aralıq dənizi hövzəsində jurnalistikanın gələcəyi üçün inam yaradılması” mövzusunda keçirilən tədbirə 30 ölkənin nümayəndələri qatılıb. Dörd gün ərzində iştirakçılar jurnalistlərin təhlükəsizliyi, əmək hüquqlarının qorunması, sığorta və səhiyyə haqları, münaqişə bölgələrində media nümayəndələrinin davranışları kimi məsələləri müzakirə ediblər. Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Eydn Uayt və prezidenti Cim Boumelha mövzuyla bağlı geniş məruzələrlə çıxış ediblər. Ayrı-ayrı ölkələrin nümayəndələri öz ölkələrində medianın durumu, son gəlişmələr və diqqət çəkilməli məsələləri gündəmə gətiriblər. Xüsusən də münaqişə bölgələrində jurnalistlərin durumu diqqət mərkəzində olub.
Toplantı çərçivəsində Azər Həsrət qeyri-rəsmi müzakirələr də keçirib. O, BJF baş katibi Eydn Uaytla Azərbaycanda medianın durumu, görülməsi gərək olan işlər, həmçinin JuHİ-nin də daxil olduğu koalisiya tərəfindən gerçəkləşdirilməyə başlamış “Etik jurnalistika təşəbbüsləri” layihəsi haqqında müzakirələr aparıb. Söhbət əsnasında Eydn Uayt Mirzə Sakit və Qənimət Zahidin həbsdən buraxılmasını müsbət addımlar kimi dəyərləndirdiyini, Azərbaycan hakimiyyətinin bu cür təşəbbüsləri davam etdirəcəyinə ümidli olduğunu deyib.

Azər Həsrət Türkiyə Jurnalistləri Həmkarlar İttifaqının sədri Ercan İpekçi, Kuzey Kıbrıs Türk Cümhuriyyətindəki Basın Sendikasının təmsilçiləri Kemal Darbaz və Ali Kurtoğlu ilə də ayrıca görüşərək türk ölkələri jurnalistlərinin əlaqələrinin genişləndirilməsi imkanlarını müzakirə edib.
JuHİ təmsilçisi digər ölkə jurnalistləri də ayrı-ayrı müzakirələr aparıb.
Tədbirin sonuncu günü Azər Həsrət Ukraynanın “İnter” televiziya kanalına və “Qafqaz qovşağı” İnternet resursuna geniş müsahibələr verib.

Sonda 2011-ci ildə növbəti toplantının Morokkoda keçirilməsi qərara alınıb. Bundan başqa Yunanıstandakı maliyyə böhranından əziyyət çəkən jurnalistlərlə həmrəylik bəyanatı və toplantının sonucları ilə bağlı geniş bəyannamə qəbul edilib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO