Aparıcılığı təlxəklik səviyyəsinə endirmək olmaz…

Aparıcılığı təlxəklik səviyyəsinə endirmək olmaz...Türkiyə şou-biznesinin populyar simalarının çoxu ya yerli telekanallarda müəllif proqramı aparır, ya televiziya şirkətləri açır, ya da bizneslə məşğul olur. Bunlar hamısı onların ifaçılığından kənar işlərdir. Aparıcılıqla məşğul olan Türkiyə şou ulduzları olduqca hazırlıqlı, məlumatlı, sadə və səmimi olmağı bacaran insanlardır. Təbii ki, onların sırasında da proqram aparıcılığına yaramayanlar var.

Seda Sayanın müəllifi olduğu “Seda Sayan – sabahların sultanı” proqramının ölkəmizdə də seyrçiləri az deyil.

O, eyni zamanda, Türkiyənin görkəmli sənətkarlarının yubiley gecəsini layiqincə aparmağı bacaran bir aparıcı imiş. Bunu isə təzəlikcə öyrənmişik.

Dünən tanınmış ziyalılardan biri redaksiyamızla əlaqə saxlayaraq, Seda Sayanın aparıcılığının veriliş aparmaq istəyən bizdəki şou müğənnilərinə nümunə olduğunu dedi. Ziyalının sözlərinə görə, bu günlərdə “SNOU TV”-də S.Sayan Türkiyə kinosunun görkəmli nümayəndəsi, aktyor Cüneyt Arkının yubiley mərasimini çox yüksək səviyyədə aparıb. O bildirdi ki, S.Sayan burada həm aktyorun fəaliyyətilə bağlı maraqlı çıxış edib, həm də sözün əsl mənasında şou göstərib. Onun təqdim elədiyi əyləncənin şitlikdən təmamilə uzaq, özəlliklə də duyğusal olduğunu deyən ziyalı bizim aparıcılıqla məşğul olan müğənnilərdə sənətlə şou göstərmək qabiliyyətinin olmadığını bildirdi. Ziyalının sözlərinə görə, əvvəlcə S.Sayanın özünə də, aparıcılığına da, ifasına elə sayğı bəsləmirmiş. Amma Cüneyt Arkının gecəsindən sonra müğənni-aparıcıya münasibəti dəyişib. Bizim şou müğənnilərin efirə çıxıb səviyyə göstərmək əvəzinə təlxəkliklə məşğul olduğunu bildirən ziyalı deyir ki, şitlik etmədən də tamaşaçını əyləndirmək, güldürmək, diqqətini cəlb eləmək olar. Bunu digər ölkələrin televiziyalarında aparıcılıq edən şou müğənnilərinin çox yaxşı bacardığı qənaətində olan ziyalının sözlərinə görə, bu səbəbdən də onların aparıcısı olduğu proqramın reytinqi yüksək olur.

S.Sayanı Azərbaycan səhnəsində yamsılayanların yetərincə olduğunu çoxumuz bilirik. Ancaq doğrudan da heç kəs ondan veriliş aparmağın qaydalarını götürməyib.

Bizdə aparıcılıq edən müğənnilərin çoxu nəinki hansısa tanınmış sənətkarın gecəsini apara, hətta apırıcısı olduğu proqramı belə, düz-əməlli təqdim edə bilmir. Odur ki, ictimaiyyət nümayəndələrinin, ziyalıların, ciddi sənət adamlarının onlardan səviyyə umması qəribə görünür. Səviyyəsi olmayan adam necə səviyyə göstərib, görkəmli bir sənətkar haqda dolğun danışa bilər? Doğrudan da, onların öyrənməyə ehtiyacı var. Seda Sayan Cüneyt Arkının yubiley gecəsini böyük sənətkarın öz adına layiq aparıb, bizimkilər isə belə gecələri ancaq hörmətdən sala bilər. Təbii, bunu bütün şou müğənnilərinə şamil eləmək olmaz. Ola bilsin, onların da sırasında normal olanı var, sadəcə, onlar efir məkanından kənardadır. Amma çoxluqdan danışırıqsa, onlar gedib Seda Sayandan yubiley gecəsi aparmağın, səviyyəli şou göstərməyin qaydalarını öyrənsin. Öyrənmək heç zaman gec deyil, tək buna maraq olsun.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO